Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Naxçıvan xanlığının tarixini bu günə gətirən ilk tamaşa… – FOTO

Naxçıvan xanlığının tarixini bu günə gətirən ilk tamaşa… – FOTO

“Epopeya, roman, povest, sadə hekayə öz forması ilə hadisələri bizdən uzaqlaşdırır, indiki zamanı keçmiş zamana aparır. Dram əsərləri isə keçmişi bu günə gətirir”.(F.Şiller) 

img

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi, elmi məsləhətçisi AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev olan  “ I Ehsan xan Kəngərli” tarixi dramı əsasında Xalq artisti Kamran Quliyevin hazırladığı eyniadlı tamaşanın premyerası olub.

Tamaşanın quruluşçu rəssamı – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rejissor assistenti Əməkdar artist Behruz Haxverdiyevdir.

Danılmaz bir faktdır ki, Naxçıvan tearının səhnəsində tarixi əsərlər əsasında hazırlanan bütün tamaşalar uğurlu alınır. Tamaşada teatrın aparıcı aktyorları rol alanda və rejissor da xalq artisti Kamran Quliyev olanda isə, tamaşanın uğuru  möhtəşəm olur. Qeyd etmək lazımdır ki, tarixi əsərlər əsasında tamaşa hazırlamaq çox çətin və məsuliyyətli bir işdir. Çünki səhnədə “şərtiliyin” bir prinsip kimi qəbul edildiyi indiki zamanda bəhs olunan hadisənin baş verdiyi zaman haqqında tamaşaçıda təssəvvür  yaratmaq rejissordan və rəssamdan məharət tələb edir. Tamaşada dövrü və epoxanı, tarixi obrazları həqiqətə daha uyğun formada göstərmək, geyimləri, adət-ənənələri zamana uyğun vermək rejissorun müstəsna bacarığından asılıdır.  Rejissor, xalq artisti Kamran Quliyev Naxçıvan xanlığının tarixindən bəhs edən ilk dram əsəri olan, müəllifi olduğum “ I Ehsan xan Kəngərli” dramı əsasında hazırladığı tamaşada məharətlə bu tələblərə əməl edib, hadisənin baş verdiyi zaman haqqında tamaşaçıda dolğun və düzgün təəssürat yarada bilib.  İlk öncə qeyd edək ki, rejissor çox ustalıqla 192 il əvvəl baş vemiş tarixi hadisəni indiki zamana gətirərək, müasirlik müstəvisində təqdim etməyi bacarıb.

Pərdə açılır. Ecazkar musiqi səslənir. Səhnədə şərq ornamentli iki qapı görünür. Qapıların önü işıqlandırılıb, arxa tərəfi isə qaranlıqdır. Qaranlıqdan çıxıb, qapıdan keçərək işığa tərəf gələn obrazlar ani olaraq donurlar. Qeybdən gələn ağrılı səslə onların kimliyi haqqında tamaşaçılara məlumat verilir. Rejissor fikri sadə və aydındır. Tariximiz, keçmişimiz bu günə gətirilir və ilk  andaca baş verəcək hadisənin məkanı və zamanı tamaşaçıya məlum olur. Beləliklə, hadisələr başlayır. 1827-ci ilin yayı… Naxçıvan xanlığı rus ordusu tərəfindən işğal olunub. Şah rejimi ağır məğlubiyyətinin acısını Naxçıvan əhalisindən çıxaraq onları zorla, silah gücünə dədə-baba torpaqlarından şah İranına köçürür. Çarizmin erməni sevgisi hopmuş siyasətini Cənubi Qafqazda həyata keçirən komandan İ.F.Paskeviç Urmiya gölü ətrafında yaşayan, Naxçıvana köç etməyə hazır vəziyyətdə olan, “ Farsın çörəyini yeməkdənsə, rusun ot- ələfini yeməyə hazır” olan 15 min erməni ailəsini boşaldılmış Naxçıvanda məskunlaşdırmağa hazırlaşır. Hətta onlara yola düşmələri üçün xəbər də göndərir. Bu baş verərsə, sonralar böyük fəsadlara səbəb olacağını, şəhərin  həmişəlik itiriləcəyini dərk edən Abbasabad qalasındakı Kəngərli süvarilərinin başçısı Ehsan xan Kəngərli qəti siyasi addımlar atır, A.A. Bakıxanovun və A.S.Qriboyedovun köməyi ilə  İ.F. Paskeviçlə danışıqlar aparır və ermənilərin köçürülməsinə imkan vermir, böyük faciələrə səbəb ola biləcək  bu hadisənin qarşısını alır, nankor qonşularımızın  Naxçıvan “arzularını gözündə qoyur”. Qaçqın düşmüş naxçıvanlıları boş qalmış evlərinə qaytarır.

Süjet xəttinin əsasını təşkil edən bu hadisədən bəhs edən tamaşanın ümumi ahəngi rejissorun bacarığı sayəsində tamaşaçını ovsunlayır, onun nəzərlərini, diqqətini tutub özündə saxlamaqla qürurlu anlar yaşadır. Rejissor keçmişimizi bu günə gətirərək, tamaşaçıya əcdadlarımızın qoruyaraq bizə yadigar qoyduğu Vətəni qorumağı, onu sevməyi tövsiyə edir. Onun əsas məqsədi Vətən torpağının insan həyatında qazandığı hər şeydən üstün olduğunu sübut etmək, lazım olanda onun uğrunda qurban getməyə hazır olmağı bacarmağımızı bir daha bizə xatırlatmaqdır. Finalda Ehsan xanın Naxçıvanı erməni fitnəsindən qorumaq üçün xalqa etdiyi müraciət bizi bu gün də ehtiyatlı və tədbirli olmağa səsləyir. Tamaşanın müəllifləri tərəfindən qaldırılan məsələlərin aktuallığı bizi bu gün də düşünməyə vadar edir.

Tamaşanın finalında ümumiləşdirilmiş erməni obrazından başqa bütün obrazlar qapıdan keçərək qaranlığa gedirlər. Rejissor demək istəyir ki, xalqımızın əzəli və əbədi düşməni nankor qonşularımız həmişə yanımızda olacaqlar. Yüksəkdə dayanmış Ehsan xan işıqlandırılır. Müəllif və rejissor Ehsan xan Kəngərli obrazının dili ilə Azərbaycan xalqını ehtiyatlı olmağa, Naxçıvana iddialı olan mənfur qonşularımızın bu arzularını həmişə gözündə qoymağa hazır olmağa, əcdadlarımızın əmanət qoyub getdiyi vətəni düşməndən qorumağa səsləyir. Tamaşanın finalı tamaşaçıda qürür hissi doğurur. Ona bir fikir hakim kəsilir: torpaqlarımızı düşməndən qoruya biləcək qəhrəmanlarımız keçmişdə də olub, bu gün də var və sabah da olacaq!

Rejissor tamaşada çox maraqlı aktyor heyəti toplaya bilib. Xalq artisti Rza Xudiyev tamaşanın qəhrəmanı, Naxçıvan tarixində xüsusi yeri olan Ehsan xan obrazını uzaqgörən, mərd, qorxmaz, qonaqpərvər, ailəcanlı, qətiyyətli, xalqının qeyrətini çəkən  bir obraz kimi canlandıra bildi. Xalqımıza məxsus olan bu keyfiyyətlərin hamısını bir obrazda birləşdirib tamaşaçıya göstərməyin böyük zəhmət tələb etdiyini dərk edən, tamaşaçılar tərəfindən sevilən  aktyor bu çətin işin öhdəsindən məharətlə, ustalıqla gələ bildi. O öz oyunu ilə Ehsan xanın düşüncələrini, seçim qarşısında qalarkən keçirdiyi daxili psixoloji sarsıntılarını, məharətlə tamaşaçıya çatdıra bildi. Xalq artisti qəhrəmanının həyatını inandırıcı bir şəkildə yaşadı, özününküləşdirdi, adi insani keyfiyyətlərini məharətlə tamaşa salonuna ötürə bildi. Onun oyun tərzi Naxçıvan şəhərinin xilaskarı kimi Ehsan xanı tamaşaçılara sevdirdi və onları keçmişimizlə, qəhrəmanlarımızla qürur duymağa məcbur etdi.

Naxçıvan xanlığının tarixində müstəsna xidmətləri olan Kalbalı xanın obrazını xalq artisti Rövşən Hüseynov təqdim etdi. Ağa Məhəmmd xan Qacar tərəfindən dünya işığına həsrət qalan Kalbalı xanın əzəmətli görnüşü, Ehsan xana verdiyi məsləhətlər zamanı keçirdiyi hiss və həyacanı xalq artisti ustalıqla tamaşaçıya çatdıra bildi.

Tamaşada mürəkkəb obrazlardan biri də Kərim xan obrazıdır. Bu obrazı xalq artisti Həsən Ağsoy tamaşaçılara sevdirə bildi. Taxtını, var- dövlətini  itirməklə bərabər, ailəsi iki yerə parçalanan Naxçıvan xanlığının son xanı Kərim xanın faciəsi dəhşətlidir. Naxçıvan xanlığının istilasından sonra Azərbaycan da onun ailəsi kimi iki yerə bölündü. Biz bu faciəni indi də yaşayırıq. Aktyor onun ailə faciəsinin fövqündə vətənimizin ikiyə bölünməsinin nə dərəcədə faciəli olduğunu öz ecazkar oyunu ilə gözlərimiz önünə gətirdi və istila ilə barışmayan Kərim xan obrazını tamaşaçıya sevdirə bildi.

Tamaşada ən mürəkkəb obrazlardan biri də  Qriboyedov obrazıdır. Gənc aktyor Səyyad Məmmədov ozünəməxsus xarakteri olan bu obrazı bütövləşdirməklə rus şairinin xalqımıza olan isti və səmimi münasibətini göstərməyi bacardı.Tamaşaçını özünə cəlb edə bildi.

Əməkdar artistlər Behruz Haxverdiyev ( Şıxəli bəy), Əli Əliyev ( Paskeviç), Əbülfəs İmanov( Safraz Saakov), aktyorlar Zəminə Məmmədova ( Çimnaz xanım), Ələsgər Quliyev( Nəzərəli xan), Rəhman Dünyamalıyev( A.A.Bakıxanov), Zakir Fətəliyev( Məmmədrza xan), Cəbrayıl Nəbiyev( Zeynal Sultan), Anar Eyvazov, Uğur Nəsirli, Nazlı Hüseynquliyeva və Mehri Nəbiyeva yaratdıqları obrazlarda xoş təsir bağışladılar.

Bildiyimiz kimi, tamaşaya qurulmuş dekorasiya tamaşaçıya fikirləşmək üçün əsas verir, onu  aktivləşdirir, fantaziyasını inkişaf etdirir. Tarixi tamaşalara qurulmuş dekorasiyalar isə bəhs edilən hadisənin dövrü, zamanı və məkanı haqqında tamaşaçıya ilkin olaraq məlumat verir və onu zamanın içinə atır. “ I Ehsan xan Kəngərli” tamaşasının quruluşçu rəssamı – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov tərəfindən işlənilmiş yığcam dekorasiya tamaşanın bəhs etdiyi epoxa haqqında tamaşaçıda təsəvvür yaratmağa kömək edirdi və aktyorlara öz oyunlarını daha maraqlı oynamaları üçün şərait yaradırdı.

Tarixi obrazların geyimlərinin dövrə daha uyğun olması rəssamdan məsuliyyətli olmağı tələb edir. Çünki tamaşada istifadə olunan geyimlər sadəcə aktyorun geyinib səhnəyə çıxdığı paltar deyil, o mütləq bəhs olunan dövrün geyim mədəniyyəti haqqında tamaşaçıda müəyyən təsəvvür də yaratmalıdır. Əməkdar rəssam Ə. Axundov bu işin də öhdəsindən bacarıqla gələ bilib.

Tamaşanın musiqisi tamaşaçını ovsunlaya bildi. Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun cox məharətlə istifadə etdiyi musiqi  baş verən hadisənin tamaşaçıya təsir qüvvəsini artırır, diqqətimizi səhnədə tutub saxlaya bilirdi.

Məmnuniyyətlə qeyd edim ki, yaradıcı kollektiv qarşısına qoyduğu məqsədə çox böyük uğurla  nail oldu, tamaşaçıların sevincinə səbəb olan uğurlu bir tamaşa qura bildi.

Müəlliflər məhəbbətlə, zəhmətlə, ürəklə yanaşaraq ərsəyə gətirdikləri  bu tamaşa ilə Naxçıvanın şərəfli  tarixini yazanların layiqli varisləri olduqlarını sübut etdilər.

“I Ehsan xan Kəngərli” tamaşası Naxçıvan teatrının Naxçıvan xanlığının tarixindən bəhs edən ilk tamaşasıdır. Bu ilkə imza atanlardan biri də mən olduğuma görə qürur hissimi sözlərlə ifadə edə  bilmirəm. Tamaşa xanlığın  qısa bir dövrünü əhatə etsə də, müəlliflər bədii sözün gücü ilə tamaşaçıda xanlıq haqqında doğru və dolğun təsəvvür yarada bildilər. Buna görə də, il ərzində Muxtar respublikanın bütün rayonlarında oynanılması nəzərdə  tutulan bu tamaşanın Naxçıvan xanlığının zəngin tarixinin gənc nəslə öyrədilməsində mühüm əhəmiyyəti olacağına  inanırıq.

Müəllifi olduğum “ I Ehsan xan Kəngərli” tarixi dramı əsasında   Naxçıvan teatrının hazırladığı eyniadlı tamaşaya baxarkən  tariximizin səsini eşitdik, o səs bizə tariximizdə baş vermiş çox hadisələri, ən əsası keçmişimizi xatırlatdı. Tariximizi qorumağın, təbliğ etməyin mənəvi borcumuz olduğunu bizə bir daha xatırladan bu tamaşanı ərsəyə gətirən Naxçıvan teatrının bütün kollektivinə minnətdarlığımı bildirir, yeni yaradıcılıq uğurları arzulayıram.

Xaqani ƏLİYEV
“I Ehsan xan Kəngərli” tarixi dramının müəllifi

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …