Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Naxçıvan şahmatı: bu gün

Naxçıvan şahmatı: bu gün

Şahmat möcüzəli bir oyundur. Bu idman növü hələ uşaqlıqdan insanda qalib gəlmək əzmi formalaşdırır, onun zehni inkişafında mühüm rol oynayır. Deyirlər, şahmat formaca oyun, məzmunca incəsənət, bu oyuna yiyələnmə çətinliyinə görə elmdir. Buna görə də şahmatı təkcə idman növü kimi deyil, eyni zamanda insan məntiqini zənginləşdirən elm kimi də qəbul etmək lazımdır. Ümumiyyətlə, şahmatın insana aşıladığı müsbət xüsusiyyətlər çoxdur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarının birində bu məsələni xüsusi vurğulayaraq demişdir:

“Uşaqların zehni inkişafında şahmatın xüsusi rolu var. Bu oyun onlara birinci olmağı, qalib gəlməyi təlqin edir. Bu, oğlanlar üçün daha çox vacibdir. Ona görə ki, onlar gələcəkdə torpaqlarımızın müdafiəçiləri olacaqlar. Şahmat gənclərdə özünəinam, liderlik keyfiyyətləri aşılayır. Odur ki, muxtar respublikada bu işə xüsusi diqqət yetirilir”.

2002-ci ildə Naxçıvan Muxtar Respublikasında Şahmat Federasiyasının yaradılması və  Naxçıvan şəhərində şahmat məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi bu sahənin inkişafına mühüm təsir göstərdi.  Düz bir il sonra  Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatının keçirilməsi bütün dünyada böyük əks-səda doğurmuşdu. O zaman muxtar respublikada sabitlik, yarışların keçirilməsi üçün ideal şərait yaradılmasaydı, dünyanın 36 ölkəsindən gələn şahmatçılar qəbul edilə, yarışın yüksək səviyyədə keçirilməsi təmin oluna bilməzdi. Məhz həyata keçirilən bu tədbirlər “bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmat idman növünə muxtar respublikada uşaq, yeniyetmə və gənclərdə marağı daha da artırdı. Həmin yarışın uğurlu təşkili Naxçıvanda möhtəşəm idman tədbirlərinin, beynəlxalq şahmat festivallarının yüksək səviyyədə keçirilməsinəsəbəb oldu, bu istiqamətdə davamlı xarakter alan tədbirlər şahmatın daha da inkişafına böyük təkan verdi. 2009-cu ildə isə Naxçıvan şəhərində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ən müasir avadanlıqlarla təchiz edilmiş Şahmat Mərkəzinin istifadəyə verilməsi naxçıvanlı şahmatçıların böyük sevincinə səbəb oldu. Bu istiqamətdə həyata keçirilən quruculuq tədbirləri təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmadı, muxtar respublikanın bütün rayonlarında  şahmat məktəbləri  üçün yeni binalar istifadəyə verildi.

Hazırda şahmat məktəblərində, ümumilikdə, 250-dən artıq qrup fəaliyyət göstərir və bu qruplarda 3000-dən artıq gənc şahmatla məşğul olur. Son illərdə   muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şahmat siniflərinin yaradılması,  həftədə 2 saat olmaqla şahmat dərslərinin tədrisinə başlanılması   gənclərin bu idman növünə marağını xeyli artırıb. Mütəmadi olaraq Şahmat Mərkəzində müəllim və şagirdlər üçün bütün ümumtəhsil məktəblərinin və şahmat məktəblərinin qoşulduğu interaktiv dərslər keçirilir.

2018-ci ilin  sentyabr ayında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında aparılan kadr islahatı Naxçıvan şahmatının tarixində yeni və davamlı inkişaf mərhələsinin əsasını qoydu.  Federasiya 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələri əsas tutaraq bir sıra tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlər sırasında  hər ay muxtar respublikanın bir rayonunda valideynlər, şahmatçılar və müəllimlərlə görüşlərin keçirilməsi,  problemlər və təkliflərin  dinlənilməsi, müvafiq köməkliklərin göstərilməsi, çatışmazlıqların aradan qaldırılmasını xüsusilə qeyd etməliyik.  İlk görüş  Şərur rayonunda   təşkil olundu və öz bəhrəsini verdi. Belə ki, şahmatçılarımız Astara şəhərində keçirilən Azərbaycan çempionatının seçmə mərhələsində uğurla çıxış edərək final mərhələsinə 11 vəsiqə qazandılar. Sonra ardıcıl olaraq bütün rayonlarda görüşlər keçirildi və həmin görüşlərin birində Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov bir məsələni xüsusilə vurğulayaraq dedi ki, şahmat məktəblərində heç kəsə məhdudiyyət qoyulmamalı, məktəblilərin öz aralarında oyun oynamaları üçün əlavə sinif otaqları hazırlanmalıdır. Cəmiyyətə şahmatı doğmalaşdırmaq lazımdır. Federasiya olaraq biz də keçirilən yarışları, bu cür tədbirləri mətbuatda, sosial şəbəkələrdə işıqlandıraraq şahmatı cəmiyyətə sevdirir, doğmalaşdırırıq.

Bəli, bu gün bütün şahmat məktəblərinin qapısı hər kəsin üzünə açıqdır.  Təqdirolunası haldır  ki,  muxtar respublikada əhalinin bütün təbəqələri şahmata cəlb olunur, dövlət idarələrinin əməkdaşları arasında yarışlar keçirilir.  Məhdud fiziki imkanlı gənclər də kənarda qalmır, onlar arasında da  şahmat yarışları təşkil edilir. Bir sözlə, Naxçıvanda şahmata  maraqlı insanların bu idman növü ilə müasir məşğul olması üçün  heç bir məhudiyyət yoxdur.

Şahmat məşqlərində uşaqların istedadının üzə çıxarılması əsas şərtdir. Bunun üçün peşəkar müəllimlərin olması vacibdir. Məşqçi-müəllimlər və hakimlər üçün seminarların təşkil edilməsi, şahmat müəllimlərinin sertifikasiyaya cəlb olunması  bu sahədə hərtərəfli kadrların yetişməsini təminedib. Şahmat Mərkəzində müəllim və şagirdlər üçün bütün ümumtəhsil məktəblərinin və şahmat məktəblərinin qoşulduğu interaktiv dərslərin keçilməsi, Azərbaycan dilində nümunəvi dərs vəsaitlərindən və ədəbiyyatlarından istifadənin təmin edilməsi, şahmatla bağlı məlumat-maarifçilik və təbliğat işinin aparılması da mühüm tədbirlər sırasındadır. Qeyd edək ki, 2019-cu ilin sentyabr ayının 25-də  Naxçıvan Şahmat Mərkəzində “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabının təqdimatı olmuş, şahmat müəllimləri ilə görüş keçirilmiş, yeni kitabdan hər bir müəllimə hədiyyə edilmişdir.

Federasiyanın yeni saytının yaradılması ilə onlayn yarışların keçirilməsi, beynəlxalq şahmat təşkilatları ilə əlaqələrin inkişafına nail olunması Naxçıvanda şahmatın inkişafına öz töhfəsini verir.  Məhz bunun nəticəsidir ki, Naxçıvan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər. Bu gün Naxçıvan dünyada şahmatın mərkəzi olmaq yolunda uğurlu addımlarla irəliləyir.  Mütəxəssislərin fikrincə, hər hansı bir ölkədə beynəlxalq yarışlar keçirilərkən 3 əsas meyar nəzərə alınır. İlk növbədə, həmin ölkədə idmanın inkişafı, ikincisi, bu sahədə maddi-texniki bazanın vəziyyəti, üçüncüsü isə təşkilatçılıq. Sevindirici haldır ki, bütün bunlar muxtar respublikada yüksək səviyyədədir.

Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalıda öz möhtəşəmliyi ilə yadda qalıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülay Naxçıvan mətbuatına verdiyi müsahibəsində bildirdi ki,  Naxçıvandakı şahmat məktəbləri bütün dünyaya nümunə göstərilə biləcək səviyyədədir. Türkiyədə də şahmat inkişaf etdirilib, ancaq təhsildən fürsət qalanda şahmata və yaxud başqa fəaliyyətlərə vaxt ayrılır. Azərbaycanda, o cümlədən muxtar respublikada isə şahmat artıq təhsilin bir hissəsinə çevrilib. Dünyada məşhur şahmatçı kimi tanınan amerikalı qrossmeyster, festivalın qalibi Timur Qarayev Naxçıvanda Beynəlxalq Şahmat Festivalının  təşkilatçılıq baxımından möhtəşəm  olduğunu dedi.  Əlavə etdi ki, burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır və onlarla eyni turnirdə oynamaq onun üçün qürurvericidir.

Onu da xüsusi vurğulamalıyam ki, budəfəki festivala təkcə Azərbaycan mediası deyil, dünya mediası da reaksiyasız qalmadı. “Bütün dünyanın gözü Naxçıvanda” sərlöhvəsi ilə Türkiyənin, Rusiyanın, Ukraynanın xəbər saytlarında rus və ingilis dillərində  yazılar yerləşdirildi. İnstagramda chess_hype, worl.of.chess və başqa  məşhur səhifələrdə  festivaldan şəkillər  paylaşıldı.   Beynəlxalq festivalda  14 ölkədən 356 şahmatçının  iştirak etməsi, şahmatçılar arasında 20 beynəlxalq qrossmeysterin, 15 beynəlxalq ustanın və 15 FİDE ustasının olması  festivala və Naxçıvana olan böyük maraqdan xəbər verirdi. Festivalda naxçıvanlı şahmatçılar uğurlu çıxışlar etdilər. Nəzərə alaq ki, yarışlarda beynəlxalq dərəcəli idmançılar iştirak edirdi. İdmançılarımızın çıxışları isə hər birimizdə gələcəkdə daha parlaq uğurların qazanılmasına böyük ümidlər yaradır. Festivalının iştirakçıları tərəfindən Naxçıvan Muxtar Respublika Stadionunda 96 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seansın keçirilməsibu sahəylə yeni məşğul olan şahmatçılarda böyük ruh yüksəkliyi oyatdı.

Festivaldan ötən müəddət ərzində naxçıvanlı şahmatçıların uğurları da az olmayıb. Bir neçəsinə nəzər yetirək: 2019-cu ilin 31 may-8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 4 zəka sahibi də mübarizə apararaq  uğurlu nəticələr əldə ediblər. Ötən il Türkiyənin Ankara, Sivas, Burdur, Çorum, Mersin və Antalya şəhərlərində keçirilən yarışlarda da şahmatçılarımız bır sıra uğurlara imza atıblar.Həmin ilin 27 oktyabr-7 noyabr tarixlərində Türkiyənin 16 yaşadək şahmatçılar arasında dünya şahmat olimpiadası keçirilmişdir. Yarışda Naxçıvan Muxtar Respublikası  Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan komandasının rəhbəri kimi yarışın açılış mərasimində iştirak etmiş, federasiyanın digər üzvləri isə müxtəlif vəzifələrə təyin olunmuşlar. Naxçıvan komandası ilk dəfə bu yarışda iştirak etmiş və 48 komanda arasında 29-cu olmuşdur.

Ümumiyyətlə, 2019-cu il Naxçıvan şahmatı üçün uğurlu il olmuşdur. İlin sonunda  federasiya tərəfindən il ərzində nəticəsi olan bütün şahmatçıların və qaliblərin təltif olunması bu sahəylə məşğul olanlarda ruh yüksəkliyi yaratdı. Hələ uğurlarımız qabaqdadır. İdman mütəxəssisləri də təsdiq edirlər ki, Naxçıvanı bundan sonra daha böyük uğurlar gözləyir. Tam əminliklə demək olar ki, bu gün Naxçıvanda yaradılan şahmat infrastrukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir.   Bu işləri beynəlxalq səviyyədə tanıtmalıyıq  və təbliğ etməli, şahmatın muxtar respublikada kütləviliyinə tam şəkildə nail  olmalıyıq. Hamımız-vaildeynlər, müəllimlər bu işdə maraqlı olmalıdırlar. Evimizdə, ərtafımızda şahmat sahəsində böyük istedada sahib olan yeniyetmə və  gənclərimiz çoxdur. Bir dəfə övladınızın yolunuşahmat məktəblərindən salın. Bu məktəblərdə  hər cür şərait var.  Bəlkə çempion olmayacaq, amma şahmatla məşğul olsa, o, yaşıdlarından fərqlənəcəkdir.  Çünki şahmat onunla məşğul olanlara ən çətin məsələləri həll etmək və yeni fikirlər yaratmaq imkanı verir. Şahmat taxtası üzərinə düzülən fiqurların  gedişi insanı qələbəyə doğru aparır. Qoy, muxtar respublikada qələbəyə doğru addımlayan gəncliyimiz yetişsin. Həm ən yaxşı şahmatçı, həm də  ən yaxşı startapçılar…                                                                                                                Sara ƏZİMOVA, jurnalist

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” – FOTO

“Azərbaycanın igid oğlu – əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən …