Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93 illiyi münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93 illiyi münasibətilə tədbir keçirilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93 illiyi münasibətilə tədbir keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxışında bildirib: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Azərbaycanın qədim bölgəsi Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etdiyini bildirən Bəxtiyar Əsgərov vurğulayıb ki, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun qeyd etdiyi kimi “Ötən əsrin əvvəllərində Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə əsasən qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib, bununla da Naxçıvanın ərazicə Azərbaycandan ayrılmasının əsası qoyulub. Qeyd olunanlar tarixdə Naxçıvan məsələsini, Naxçıvana muxtariyyət statusunun verilməsini zərurətə çevirib. Naxçıvanın muxtariyyət məsələsini zəruri edən əsas amillərdən biri də naxçıvanlıların daim Azərbaycan ilə bir olmaq tələbi, ana Vətəndən ayrı düşməmək istəyi idi”.

Bildirilib ki, Azərbaycanın bugünkü inkişafın təməli isə ulu öndər Heydər Əliyevin Moskvadan Azərbaycana-Naxçıvana qayıdışı ilə başlayır. Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi zamanı muxtar respublika ağır mühasirədə, hərbi təcavüz təhlükəsi ilə üz-üzə idi. Onun gəlişi ab-havanı dəyişdi. Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü mühüm tarixi hadisələrlə yadda qalıb. Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi kimi mühüm əhəmiyyətə malik olduğunu bildirən Bəxtiyar Əsgərov muxtar respublikanın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini diqqətə çatdırıb. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməklə ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır və artacaq. Çünki Ümummilli Liderimizin yolunun layiqli davamçısı, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Bu gün xalqımız əmindir ki, Ümummilli Liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır. Naxçıvan Muxtar Respublikasının 93 il ərzində keçdiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından üzüağ çıxan, ulu öndər Heydər Əliyevin sayəsində inkişaf edən, çiçəklənən muxtar respublika müstəqil Azərbaycanımızın dünəninin, bu gününün və işıqlı sabahının əsas lokomotivi olaraq qalmaqdadır.

“Ulu Öndərin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu layiqli bir insanı – Heydər Əliyevə sədaqət məktəbinin öncülü, qanında, canında yaratmaq eşqi çağlayan Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağı sövq edib. 1995-ci ildən muxtar respublikaya rəhbərlik edən cənab Vasif Talıbov ötən dövr ərzində göstərdiyi fəaliyyət uğurları ilə böyük Heydər Əliyevin seçimində qətiyyən yanılmadığını nəinki bir daha sübut edib, Heydər Əliyevdən sonra Azərbaycan Respublikasının Prezidenti seçilən, Heydər Əliyevin yeganə davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərəfli, sürətli inkişafının aparıcı simalarından birinə çevrilib”,- deyə nümayəndəliyin rəhbəri vurğulayıb.

Sonda Bəxtiyar Əsgərov qeyd edib ki, Bakıda keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısında Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Heç şübhəsiz, Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasında keçiriləcək bu tədbirlər də ölkəmizin zəngin mədəniyyətini və tarixini bir daha dünyaya nümayiş etdirəcək.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın