Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında hansı qərarlar qəbul edildi?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında hansı qərarlar qəbul edildi?

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək demişdir ki, bu gün muxtar respublika sosial-iqtisadi inkişafının yeni dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələri kimi tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2016-cı il ərzində 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 17 inzibati bina inşa olunmuş, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınmış, 3 körpü tikilmiş, 2 körpü isə yenidən qurulmuşdur.

Qeyd olunmuşdur ki, 2017-ci ildə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsindəki 2 nömrəli, İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binalarının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası binasının fasadının üzlənməsi, Qaraxanbəyli kəndində 414 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzi binalarının tikintisi, Şərur rayonunun Ələkli kəndində 216 şagird yerlik tam orta məktəb binasının, kənd musiqi məktəbi və kənd mərkəzi binalarının yenidən qurulması, xidmət mərkəzi binasının tikintisi, Ərəbyengicə kəndində 192 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının, Qarahəsənli kəndində kənd və xidmət mərkəzi binalarının tikintisi və 216 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, Babək rayonunun Payız kəndində 252 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzi binalarının tikintisi, Culfa rayonunun Dizə kəndində 216 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının tikintisi, Ordubad rayonunun Üstüpü kəndində 252 şagird yerlik tam orta məktəbin, kənd mərkəzi, xidmət mərkəzi və həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunda 48 mənzilli yaşayış binasının tikintisi və muxtar respublika üzrə 80,2 kilometrlik avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev demişdir ki, qəbul olunmuş dövlət proqramları və həyata keçirilən sosial-iqtisadi islahatlar muxtar respublikada aqrar bölmənin inkişafında mühüm rol oynamışdır. Əhalini ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi, tutumu 27 min ton olan uzunmüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 235 heyvandarlıq, 64 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1835 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 1506-sı lizinq yolu ilə sahibkarlara verilmişdir. Əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində ən əsas amillərdən biri keyfiyyətli toxum materialı ilə əkin aparılmasıdır. Aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 500 ton dən üçün qarğıdalı, 725 ton dən üçün günəbaxan, 83 min ton tərəvəz, 46 min ton kartof, 38 min ton bostan məhsulları, 52 min ton meyvə, 15 min 600 ton üzüm, 25766 ton ət, 81372 ton süd, 80,5 milyon ədəd yumurta, 1022 ton yun və 1403 ton bal istehsal olunmuşdur. Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş, nəticədə ötən il muxtar respublika üzrə 99 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Görülmüş işlərin nəticəsidir ki, 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 429 milyon 448 min manat olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 6,1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə etmişdir.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi haqqında çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 605 min 636 manat vəsait daxil olmuş, tapşırıq 106,7 faiz icra olunmuşdur. 2016-cı ildə büdcə daxilolmalarının 86,5 faizi vergi orqanları, 9,6 faizi gömrük orqanları tərəfindən, 3,2 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,7 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilmişdir. Büdcə gəlirlərinin icrası mərkəzləşdirilmiş büdcə üzrə 105,1 faiz, Naxçıvan şəhəri üzrə 110,4 faiz, Şərur rayonu üzrə 110 faiz, Babək rayonu üzrə 109,7 faiz, Ordubad rayonu üzrə 110 faiz, Culfa rayonu üzrə 109,4 faiz, Şahbuz rayonu üzrə 108,6 faiz, Kəngərli rayonu üzrə 109,4 faiz, Sədərək rayonu üzrə 110,5 faiz olmuşdur. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2016-cı ildə 351 milyon 350 min manat dürüst təyinata qarşı 350 milyon 703 min 498 manat və ya 99,8 faiz icra olunmuşdur. Maliyyə orqanları 2017-ci ilin dövlət büdcəsinin icrası istiqamətində də bütün tədbirləri vaxtında həyata keçirəcəkdir.

 

va2

Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmişdir.

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd etmişdir ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanmışdır. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılmış, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılmışdır. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunmuş və səsə qoyularaq qəbul edilmişdir.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın