Cümə , Sentyabr 20 2019
Ana səhifə / Cəmiyyət / Naxçıvan MTN-i “Azadlıq” radiosu əməkdaşının dediklərini təkzib edir

Naxçıvan MTN-i “Azadlıq” radiosu əməkdaşının dediklərini təkzib edir

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mətbuat Xidməti “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı Yafəz Həsənovun özünün və ailə üzvlərinin başına gələnlərlə bağlı iki gün əvvəl bir sıra mətbuat orqanlarında yayılmış fikirlərini təkzib edən açıqlamayla çıxış edib.

Mətbuat Xidmətindən  verilən açıqlamada deyilir:

“ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq radiosu”nun Bakı bürosunun əməkdaşı Yafəz Həsənov növbəti dəfə ölkəmizə qarşı qaralama kampaniyası aparan dairələrin nəzarətində olan bəzi elektron media vasitələrində, guya, özünün Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən Türkiyə Respublikasının İğdır şəhərində, həyat yoldaşının isə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xidməti ərazidə saxlanılaraq təzyiqlərə məruz qalması haqqında tamamilə yalan və cəfəng iddialar irəli sürmüşdür.

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Y.Həsənovun iddialaraının əsl mahiyyətinə aydınlıq gətirilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə araşdırma aparılmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Y.Həsənovun bu ilin iyul ayının 3-də muxtar respublika ərazisində saxlanıldığını iddia etdiyi həyat yoldaşı Həsənova Aytəkin Heydər qızı son zamanlarda, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası ərazisində olmamış, 4 iyul 2015-ci il tarixdə gecə saat 11 radələrində Şıxlı gömrük postundan keçməklə Gürcüstan Respublikasına getmiş və bu günədək respublika ərazisinə qayıtmamışdır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Kəngərli rayon Polis şöbəsindən daxil olmuş məlumatlarda bildirilir ki, 2011-ci il təvəllüdlü Həsənli Davud Yafəz oğluna şəxsiyyət vəsiqəsi verilməsi ilə əlaqədar A.Həsənova tərəfindən, ümumiyyətlə, onun qeydiyyatda olduğu Kəngərli rayonunun Polis şöbəsinə müraciət edilməmişdir. Azyaşlıya şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər 18 may 2015-ci il tarixdə onun ana nənəsi Kazımova Züleyxa Kərim qızı tərəfindən polis şöbəsinə təqdim edilmiş, 20 may 2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi həmin şəxsə təhvil verilmişdir.

Y.Həsənovun Naxçıvan MR MTN əməkdaşının onu Türkiyə Respublikasının İğdır şəhərində 85-BB-898 dövlət qeydiyyat nişanlı, “Jeep” markalı avtomobilə əyləşdirməsi haqqında iddiaları ilə əlaqədar aparılmış araşdırma nəticəsində həmin avtomobil nömrəsinin Naxçıvan şəhər sakini Əliyev Nəriman Allahverdi oğlunun adına qeydiyyatda olan “Mercedes” markalı avtomobilə aid olduğu məlum olmuşdur. Əvvəllər Naxçıvan şəhərindəki poliklinikalardan birində baş həkim işləmiş N.Əliyev uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Onun adına rəsmiləşdirilmiş avtomobilin isə cari ildə Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə keçidi olmamışdır.

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi bildirir ki, Y.Həsənov tərəfindən haqqında hər hansı bir müəyyənedici məlumat təqdim olunmayan “MTN əməkdaşı” barəsindəki iddialar tamamilə reallıqdan uzaq uydurmalardır.

Eyni iddianın “Azadliq radiosu”nun əməkdaşı tərəfindən periodik olaraq hər il səsləndirilməsi məsələnin əsl mahiyyətinin çirkin iftira üzərində qurulmuş məkirli oyundan ibarət olmasını ortaya qoyur. Görünür, “Azadliq radiosu”nun Baki bürosu məlum cinayət işi ilə əlaqədar möhürləndikdən sonra asan maddi və siyasi dvident axtarışında olan Yafəz Həsənov növbəti “tamaşaları” ilə öz xarici havadarlarının gözündən düşməməyə, öz “əhəmiyyətini” qorumağa çalışır. Budəfəki uydurmalara öz həyat yoldaşını və azyaşlı övladını qoşması isə onun dvidentlərlə yanaşı, belə ucuz yalanlarla öz ailə üzvlərinə asan sığınacaq almaq axtarışında olduğunu göstərir.

İctimaiyyət və vətəndaşların diqqətinə bir daha çatdırırıq ki, əvvəlki illərdə də Y.Həsənov dəfələrlə oxşar yalan iddialarla çıxış etmiş, onun şikayətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən araşdırılaraq tam əsassız olduğu müəyyənləşdirilmişdir”.

Həmçinin oxuyun

Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi

Bu gün Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş …

Bir cavab yazın