Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan DMX-nin yaradılmasının ildönümü qeyd edilib – FOTO

Naxçıvan DMX-nin yaradılmasının ildönümü qeyd edilib – FOTO

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbirdə xidmətin rəisi, miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Xidmətin müasir standartlara cavab verən inzibati binası istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uço­tunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurub. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqın­lıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tədbirdə çıxış edərək xidmət əməkdaşlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Firudin Nəbiyev qeyd edib ki, ölkəmizin sosial-iqtisadi inkişafı, geosiyasi mövqeyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib və miqrasiya prosesləri dinamik xarakter alıb. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə Dövlət Miqrasiya Xidməti yaradılıb və bu sahədə qanunvericilik bazası formalaşdırılıb. Artıq ölkəmizdə, eləcə də muxtar respublikada bu sahədə müasir informasiya texnologiyaları tətbiq olunur, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının xidmətə elektron qaydada müraciət imkanı yaradılır. Ötən 7 ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin formalaşdırılması, müasir tələblərə cavab verən bina ilə təmin edilməsi, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu, bir daha Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulduğunu təsdiq edir. Artıq yaradılmasından qısa müddət keçməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşıda duran vəzifələri uğurla icra edir, bu sahədə çalışan əməkdaşlar dövlətin mənafeyini etibarlı şəkildə qoruyur, eyni zamanda əcnəbi vətəndaşların muxtar respublikada qanuni fəaliyyətini təmin edirlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov kollektivi təbrik edərək deyib ki, Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda çiçəklənən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri edib. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir. Fazil Ələkbərov miqrasiya xidməti əməkdaşlarının bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, muxtar respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən muxtar respublika Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalını təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı təqdim olunub.

Səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr, bir qrup əməkdaşa isə xüsusi rütbələr verilib.

Tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasında hazırlanan “Miqrasiya siyasəti: idarəetmə və inkişaf” filminə baxıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

“Utancverici hadisədir, məhkəmənin qərarını gözləyirəm” – Teatr direktoru

“Məhkəmənin son qərarını səbirsizliklə gözləyirəm. Çünki mənimsəmə faktına görə ölkədən çıxış qadağası qoyulub. Bu, isə …

Bir cavab yazın