Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Natiq Cəfərli TƏBİB haqda: “Cəmi 2 gün önünüzü görə bilmirsinizsə, axmaq xəstəliklə mübarizəni necə aparırsınız?!”

Natiq Cəfərli TƏBİB haqda: “Cəmi 2 gün önünüzü görə bilmirsinizsə, axmaq xəstəliklə mübarizəni necə aparırsınız?!”

Səhv etmirəmsə bir dəfə bunu yazmışdım, qısa bir daha qeyd edim: 2009-cu ildə ABŞ-da, Seattle şəhərində bir konfransa, “Beyin Mərkəzlərindən” birinin müzakirələrinə qatılmışdım. Mövzu “Dünya-2040” idi, əvvəl mənə çox absurd və gülməli gəldi, sonra 4 saat çox diqqətlə bütün çıxışları, müzakirələri izlədim. Çıxış edənlərin heç biri ehtimallardan danışmırdılar, hamısı modellər təqdim edərək, məsələn, 2020-də, 2030-da və 2040-da hansı problemlərin necə yaranama ehtimalını və həll yollarını inamla söyləyirdilər. Bu günə qədər orada eşitdiyim bir çox proqnozlar özünü doğruldub – yəni, təsbit edilmiş problemlər və həll modelləri artıq tədbiq edilir. Yeri gəlmişkən, çıxışçılardan biri yaxın 10 ildə viruslarla mübarizənin əsas prioritet olacağını da söyləmişdi.

Bu hadisəni bir daha xatırlamaqda məqsədim odur ki, ABŞ-ın gücü heç də hərbdə, silahda, dollarda deyil, həm də hərbdə, silahda, dollardadır – əsas gücü isə elmə əsaslanan modellər qurmada, “Beyin Mərkəzlərindədir”. Məhz elmi yanaşma, gələcəyi modelləşdirmə bacarağı bu ölkəyə üstünlük gətirir. Və bütün inkişaf etmiş ölkələr də problemlərə məhz bu cür yanaşır – 5, 10, 15, 20, 25 illik modellər qurur.

Bizdə yaxın 2 günü belə öncədən planlaya, görə, analiz edə bilmirlər, məsələn: TƏBİB 2 gün öncə qərar vermişdi ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyət göstərəcək. Müxtəlif xəstəliklərdən orada müalicə edilənlər təcili təxliyə edilməyə başlanıldı, dezinfeksiya işləri görüldü və …… bu gün elə həmin TƏBİB öz qərarını ləğv edərək Göyçay xəstəxanasının əvvəlki rejimdə fəaliyyət göstərəcəyini deyib və xəstələri geri qaytarıblar. Səbəb kimi də TƏBİB deyir ki, sitat: “TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə – Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə, Göyçay və ətraf rayonlardan hər gün minlərlə xəstənin müraciət etməsi nəzərə alınaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVİD-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib”.

Ay TƏBİB, yəni, ayın 17-də siz Göyçay xəstəxanasının bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə – Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsini görmürdünüzmü?! Bunu analiz edə bilmədinizmi?! Ayın 17-də qərar verərkən kimlərlə məsləhətləşdiniz? Necə modelləşdirdiniz? Problemləri öncədən niyə görmürsünüz?! Cəmi 2 gün önünüzü görə bilmirsinizsə, koronavirus kimi axmaq, bulaşıcı, öldürücü, təhlükəli xəstəliklə mübarizəni necə aparırsınız?! Qərarvermə mexanizminiz necə işləyir?! Sonra da camaatı qınayırsınız, təbii ki, bizim insanlar da məsuliyyətli olmalı, maska taxmalı, fiziki məsafə gözləməli, təmizliklərinə diqqət yetirməlidirlər, amma bəs siz Göyçay misalında olduğu kimi cəmi 48 saat önünüzü görə bilmirsinizsə bunun günahı bəyəm camaatdadır?!

Sevgili millət, uca xalq, bunların işləmə metodlarını görürsünüz, ona görə də daha çox özünüzə güvənək, virusdan qorunaq, fədakar həkimlərin, mütəxəssislərin məsləhətlərinə uyaq, çünki özümüz-özümüzü qorumasaq bu gedişlə bunlar bizi qoruya bilməyəcəklər…

Natiq Cəfərli, İqtisadçı

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” – FOTO

“Azərbaycanın igid oğlu – əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən …