Cümə axşamı , Mart 21 2019
Ana səhifə / Cəmiyyət / “Nəsiminin qəzəlinin bu şəkildə malların üstünə yazılması yolverilməzdir” -Qurum rəsmisi işi nəzarətə götürdü…

“Nəsiminin qəzəlinin bu şəkildə malların üstünə yazılması yolverilməzdir” -Qurum rəsmisi işi nəzarətə götürdü…

Müğənni Afət Fərmanqızının məşhur şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini hind ritmləri üzərində oxumasından sonra şairin qəzəlini gözdən salan başqa əllər də peyda olub. Bu dəfə “Azgranata” şirkəti istehsal etdiyi “Vita 1000” meyvə şirəsinin üstünə  “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sözlərini yazıb. Məsələ sosial şəbəkə istifadəçilərinin də haqlı narazılığına səbəb olub. 
Məsələnin aktuallığını nəzərə alaraq Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət etdik. Qurum rəsmisi saytımıza açıqlamasında bildirdi ki, məsələ tez bir zamanda nəzarətə götürüləcək:
“Bunlar folklor sözü olmasa da, məşhur müəllif sözləridir. Folklor olsaydı, biz onu dərhal cəzalandırardıq, amma buna baxmayaraq biz onu ləğv etməyə çalışacağıq. Bununla bağlı göstəriş verəcəm ki, işi nəzarətə götürüb, tədbir görsünlər. Xahiş edirəm həmin şəkil və yazını bizim quruma göndərin”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da qanunda boşluqlar olduğu üçün bəzi qurumların istədiyi adı istehsal etdiyi mala verdiyini bildirdi:
“Əhali bu cür məsələlərə görə dəfələrlə bizə şikayət edib, öz narazılığını bildirir. Bir müddət öncə Xaqani Ticarət Mərkəzinin adına irad bildirmişdilər. Bir sahibkar istehsal etdiyi duzun üstünə “Tehran” adı yazmışdı və çoxu da bunun İran duzu olduğunu düşünürdü. İstehsalçı bildirdi ki, Tehran oğlunun adı olduğu üçün adını duza verib. Qanun bunu tənzimləmir, amma biznesmenin etik normaları var və buna riayət olunmalıdır. Normal istehlakçı bu cür adlı malı almaqdan imtina etməlidir. Bu cür addımlarla bizim mədəniyyətimizi ucuzlaşdırırlar. Yadımdadır ki, günəbaxan tumunun üstünə Qarabağ adını yazmışdılar. Düşünürəm ki, məşhur şairimizin də qəzəlinin bu şəkildə malların üstünə yazılması yolverilməzdir”.

Həmçinin oxuyun

Onların bayram günündə gözləri qapıda qaldı – VİDEO

Birinin nəvəsi, digərinin isətələbələri gələrək onları yad edib. Lakin doğmaları tərəfindən hələdə bayram günündə yad …