Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Nəsimi rayonunda Ana dili günü qeyd edildi

Nəsimi rayonunda Ana dili günü qeyd edildi

2018-ci il fevralın 20-də  Müasir İnnovasiyalar Liseyində Beynəlxalq Ana Dili Günü münasibətilə  “Ana dilimizi sevək, sevdirək” adlı tədbir keçirilmişdir.

Tədbirdə liseyin qurucusu, professor Əhməd Vəliyev, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I müavini Gülarə Verdiyeva, uşaqların sevimli yazıçısı Gülzar İbrahimli və digər şəxslər iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlandı. Daha sonra  liseyin direktoru Sevinc Əliyeva qonaqları, şagird və valideyn kollektivini salamladı, Azərbaycanın  milli-mənəvi sərvəti olan Ana dilimizin keçdiyi tarixi yoldan danışaraq bildirdi ki, Azərbaycan dili poeziya, nəgmə dilidir. Bu dildə misilsiz sənət əsərləri yazılmışdır. Natiq dilimizə qarşı əsassız hücumların qarşısının alınmasında, dilimizin özünün  və adının qorunmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu nəzərə çarpdırdı. Daha sonra tədbir şagirdlərin çıxışları ilə  davam etdi.

Tədbirdə Liseyin 3-cü və 4-cü sinif şagirdləri Ana dilimizin keçmişinə, bu günə qədər keçdiyi yola dair əsgər səhnəcikləri nümayiş etdirərək, Vətənimizin  hər bir azərbaycanlı üçün hər şeydən uca olduğunu, Azərbaycan əsgərinin heç kimin qarşısında baş əyməyəcəyini, düşmənlərdən Vətənimizi və dilimizi daim  qoruyacaqlarını canlandırdılar. Məktəblilərin vətənpərvərlik ruhunda oxuduqları mahnılar  və Səməd Vurğunun Vaqif dramından nümayiş etdirilən səhnə ilə tədbir iştirakçıları keçmişə səyahət etdilər.  Xurşudbanu Natavan, Xətai, Nizami Gəncəvi, M.Ə. Sabir, Füzuli, Molla Pənah Vaqif,  Hüseyn Cavid obrazları  şagirdlər tərəfindən böyük məharətlə canlandırıldı.

Görkəmli bəstəkarlarımızdan Emin Sabitoğlunun, Müslüm Maqomayevin, Eldar Mansurovun mahnılarını ifa edən məktəblilər öz repertuarları ilə Vətənini, Ana dilini sevən və daim onun  keşiyində durmağa hazır gənclər olduqlarını nümayiş etdirdilər.

Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə xanım Verdiyeva çıxış edərək şagirdlərə arzularını bildirdi, daim belə vətənpərvər olmalarını, keçmişimizi öyrənərək daim inkişafa doğru irəliləməyi tövsiyə etdi.

Liseyin qurucusu professor Əhməd Vəliyev bildirdi ki, şagirdlərin belə kiçik yaşda Vaqif dramını, dahilərimizi  məharətlə canlandırması, doğma dilimizə və Vətənimizə olan böyük məhəbbəti yalnız alqışa layiqdir. Natiq vurğuladı ki, məktəblilərin bu ruhda  böyüməsi, Ulu öndərimizin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin arxasında bu cür vətən övladlarından ibarət gözəl bir nəslin durması ilə fəxr edir.

Daha sonra  uşaq yazıçısı  Gülzar  İbrahimli ürək sözlərini söyləyərək şagirdlərə hədiyyələrini təqdim etdi. Tədbirdə öz çıxışları ilə fərqlənən şagirdlərə sertifikatlar təqdim olundu və qonaqlarla xatirə şəkilləri çəkildi.

Həmçinin oxuyun

Ordumuzun Qarabağda zəfər yürüşü Bakıda bayraq və xəritə ajiotajı yaradıb

İşğal altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun Qarabağda apardığı uğurlu döyüş əməliyyatları onillərdir itirilmiş …