Ana səhifə / Cəmiyyət / Nəcməddin Sadıqovun qohumu hansı vəzifəyə can atır…

Nəcməddin Sadıqovun qohumu hansı vəzifəyə can atır…

Dərbənddə məmurlar arasında yeni həbslər başlayıb. İyunun 30-da Dərbənd meri İmam Yarəliyevin müşaviri Elxan Kazımov həbs edilib.

Virtualaz.org saytı Dağıstan mənbələrinə istinadən xəbər verir ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının onun üzərindən “heroina oxşayan maddə tapdıqları” bildirilir.

Hələlik Elxan Kazımova qarşı rəsmi ittiham irəli sürülməyib. Yerli müşahidəçilər bu həbsi Dağıstanın nüfuzlu klanları arasında hakimiyyət uğrundakı mübarizə ilə izah edirlər.

“Dərbənd” informasiya agentliyinin baş redaktoru Milrad Fətullayev (separatçı çağırışlarına görə 2013-cü ildə onun Azərbaycana girişi qadağan edilmiş və Bakı aeroportundan deportasiya olunmuşdu-red.) hesab edir ki, Elxan Kazımovun həbsi nüfuzlu klanların Dərbənddəki mühüm vəzifələri ələ keçirmək uğrunda mübarizəsinin nəticəsidir. Onun fikrincə, E.Kazımovun həbsini qardaşı, Dərbənd Şəhər Təhsil İdarəsinin rəisi Nazim Kazımova qarşı təzyiq kimi qiymətləndirmək lazımdır.

Milrad Fətullayevin bildirdiyinə görə, həmin posta Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun yaxın qohumu olan qadın iddia edir.

Jurnalistin bildirdiyinə görə, E.Kazımovu sifarişlə tutublar və məqsəd N.Kazımovu işdən çıxarmaqdır. Çünki E.Kazımov adi işçi olub və öz səlahiyyətlərini icra edib, Dərbənddə nüfuzlu fiqur hesab edilmir və əsas hədəf onun qardaşıdır.

Dərbənd administrasiyasındakı mənbə də bu versiyanı təsdiq edərək deyib ki, E.Kazımovun tutduğu vəzifə bu cür yüksək intriqalara səbəb ola bilməz.

“Burada məqsəd onun qardaşıdır, daha doğrusu, qardaşını vəzifədən uzaqlaşdırmaqdır. Biz 1 qram narkotik maddə haqda eşidən kimi dərhal bildik ki, söhbət nədən gedir. Bu, tamamilə qurama ittihamdır və sifarişli həbsdir”- deyə mənbə bildirib.

N.Sadıqovun digər qohumu – Şərafutdin Seyidov Dərbənd Pedaqoji Kollecinin direktorudur. Əvvəllər onun da adı Dərbənd rayon rəhbərliyinə əsas iddiaçılar sırasında çəkilirdi.

Xatırladaq ki, Dərbənddə hakimiyyət on illər boyu nüfuzlu Qurbanovlar klanının əlində olub. Ötən il Dərbənd meri Qurban Qurbanov vəzifəsindən azad edildi, daha sonra həbs olundu və ona qarşı korrupsiya ittihamları irəli sürüldü (Q.Qurbanov hazırda ev dustaqlığındadır).

Dağıstanın indiki rəhbəri Ramazan Abdulatipov Dərbənddə azərbaycanlıları mühüm vəzifələrdən uzaqlaşdırmaq üçün sistemli iş aparır.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın