Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Müstəqillik aktına imza atdığım gün 6 yaşlı oğlumu maşın vurub öldürdü”

“Müstəqillik aktına imza atdığım gün 6 yaşlı oğlumu maşın vurub öldürdü”

Mirmahmud Mirəlioğlu: “Respublika hərbi komissarının papağını vurub başından yerə saldım”

Düymənin düşməyi, şalvarın yırtılmağı ilə həyatda çox müşküllər başlayır.

***

Sovet dövrünün son zamanlarında bax belə oldu – düymələr qəfil yerindən qopdu, şalvarlar yırtıldı. Təzələrini dükanlardan tapmadıq. Ərzaq, paltar dükanları önündə növbələr uzandı, uzandı…gəlib çıxdı dövlət qurumlarının ağır taxta qapılarınadək. Sonra siyasi böhran, milli ədavətlər ölkəni silkələməyə başlayıb SSRİ-nin süqutunadək səngimək nədi bilmədi.

Siyasətdə öz şəxsi maraqlarını güdənlər o vaxt düşdülər irəli. Meydan idealistlərini, nimdaş dissidentləri kənara itələyib xalq mülkiyyətini mənimsəməyə, özəlləşdirməyə girişdilər. Parıltılı kabinetlərə, rəsmi dövlət telefonlarına yiyələnib “İndi bizdə telefon var, alo!” mahnısını bir başqa fərqli ahəngdə oxumağı bacardılar. Döndülər vəzifə sahiblərinə, oliqarxlara, iş adamlarına. Axır xalq gözünü açıb gördü ki, ölkəyə elə bil ütü çəkiblər –  qaşığımızın ucunda belə xalq mülkiyyətindən day heç nə qalmayıb… Ortada bir həsirdi, bir də Məmmədnəsir.

İki gün öncə “Park İNN” hotelinə yığılıb orda müstəqillik barədə 1991-ci il, 18 oktyabr aktını qeyd edənlər sırasında belə məmmədnəsirlər çoxdu. Hoteldəki dəbdəbəylə qonaqlar arasında dərin uçurum elə ilk baxışdan görünürdü – dəvətlilər, yəni köhnə istiqlalçılar çox kasıb görkəmdə idilər.

Şux geyimli, ütülü xidmətçilərlə bir sırada dayanmaq qətiyyən xeyirlərinə deyildi.

İclasdan öncə – Koroğlu uvertürası səsləndiyi vaxt ətrafıma boylanıb iştirakçılara xüsusi fikir verdim. Sıralarında yalnız bircə nəfər, qolunu yuxarı qaldırıb yumruğunu havada düyünləmişdi. Qalanlarında daha o əvvəlki hey, o idealizm zərrəsi qətiyyən qalmamışdı. Sakitcə ayaq üstə dayanıb uvertüranın sonunu gözləyirdilər. Küçədəki leysan yağışı, iştirakçıların islanmış pal-paltarları zaldakı ümumi ovqatı xüsusilə ağırlaşdırmışdı. Natiqlər pafoslu, incik çıxışlarını qurtarınca day zala qayıtmırdılar. Başlarının dəstəsiylə iclası tərk etməyə tələsirdilər. Etibar Məmmədovdan sonra bunu Sərdar Cəlaloğlu təkrarladı.

Növbə gəlib Mirmahmud Mirəlioğluna çatanda, vəziyyəti dəyişdi amma. Zalda qəribə canlanma, qabarma hiss olundu. Hamı özünün indiki yoxxxx…köhnə vaxtlarını yaşadı bir an. 18 oktyabr 1991-ci il tarixinə qayıtdı elə bil.

***

Fikirləşdim, əlimə yaxşı girəvə keçib – keçmişə səyahət şansını qaçırtmaq günah olar. Müxbirlərlə söhbətimi yarımçıq kəsməyə məcbur qaldım. Tez irəli atılaraq Mirmahmud ağaya yaxınlaşdım. Şərtləşdik ki, bəyin Montindəki ofisinə gedib söhbətimizi orda davam etdirək. Yoldakı söhbət başımızı o qədər qatdı ki, ətrafımızı saran yağış-leysanı qətiyyən hiss etmədik. Bir də gözümü açıb gördüm, ay bərəkallah, Mirmahmud ağanın iş otağındayam. Tavanı bəzəyən səkkiz çıraqdan dördünün gözü kordu.

Mənimçün qonşu otaqdan yeganə konfeti bəhbəhlə gətirib soyuq çayımın böyrünə qoydular. Vaxtilə  “Azərbaycan SSR, Sumqayıt. Üzvü Sintez İstehsalat Birliyinin ailə yataqxanası, Otaq 5, Fəttayev Mirmahmud Mirəli oğlu” ünvanından öz siyasi karyerasına başlamış bu insan indi də elə bil həmin ünvanda, həmin şəraitdə yaşayırdı.

Neynək, Bakının ancaq bax bu kasıb ünvanından keçmişə, 1989-91-ci illərə səyahət etmək mümkündü indi. Şansı əldən verməyərək ilk sualımı Mirmahmud ağaya verdim.

– Nə verdi bizə, adi insanlarımıza o vaxt imzaladığınız müstəqillik aktı, Mirmahmud ağa?

Cavabımı çox gec aldım Mirmahmud ağadan.

– Yardımlıdakı armudumuzun dadını, inan, indiyədək bilmirəm. Ehsanlıqdı. Ehtiyacı olanlar, yoldan keçənlər gəlib apararlar barını… Ordaca daş altına nəzir qoyarlar. Bu nəziri də özgələri aparar həmişə. Biz nə o armuda toxunduq bir kərə, nə də o nəzirlərə.

– Demək, gördüyünüz ilk möcüzə elə qapınızdakı armud ağacınızdı – cümləmə anında yox cavabı alıram.

-Yooooxxxx…. Gördüyüm ilk möcüzə imzaladığımız o müstəqillik aktıydı, biləsən.

Mirmahmud ağanın quru, ağarmış dodaqları bir an titrəyib tez də kip qapanır. Qəfil sonra yenidən canlanır.

– Aktı imzalayan kimi, elə bil əvəzini vermiş oldum. Həmin gündəcə Sumqayıtdan gəlmiş  bədxəbər indiyədək qulağımdadır “özünü itirmə, altı yaşlı oğlunu küçə səkisi üstə yol gedərkən maşın vurub. Tələs. Səni gözləyirik.”

Bu dar məqamda Mirmahmud ağanın səbrinə, dözümünə həsəd apardım. Mənzərəyə bir bax… Müstəqillik aktına imza atdığın gün, sevincin yerə-göyə sığmadığı anda sənə deyirlər ki, bəs dur gəl evinə. 6 yaşlı balanı bir sovet zabiti, özü də azərbaycanlı zabit, maşınını səki üstə qaldırarkən vurub salıb təkərlərin altına…

– İsmayıl qurbanı istəyirdi bizdən, görünür, müstəqillik aktımız. Onu da siz ödədiniz, eləmi? – deyib, Mirmahmud bəyin o vaxtkı halına ürəkdən acıyıram. Görürəm, arada bir o, titrək sol əlini ürəyi üstə qoyub keçmişləri xəyallarında canlandırır.

– Həəə….elədi…Hamımızdan, hər birimizdən İsmayıl qurban tələb edildi elə bil… Təsəvvür edin, bir tərəfdə müstəqilliyimizin coşqusu, digər tərəfdə zavallı, tifil balamın yas mağarı… Sonrakı istintaq araşdırmaları, cinayət yerinə keçirilən baxış…

Mirmahmud ağanın səsi titrəyir bir an. Var gücünü bir nöqtəyə cəm edib astaca pıçıldayır.

– Dözülməz dərəcədə ağırdı bunun tarixi…

***

– Daim sinəmizə vururuq, bəs biz Şərqdə ilk demokratik cümhuriyyət qurmuşuq, bəs filan, bəs beş məkan… Ancaq biz, Şərqdə ilk sosialist respublikasını da qurmuşduq. Pulsuz təhsil, səhiyyə. Yaradıcı təşkilatlar, konservatoriya, Elmlər Akademiyası, saysız elmi-tədqiqat institutları. Ölkəni texniki-peşə məktəblərinin nəhəng zənciri bürümüşdü. Neft-qaz qalsın bir tərəfdə. Pambıq, üzüm, tərəvəz yığımında ümumittifaq birinciliyi qazanıb, keçici qırmızı bayraqları düzmüşdük yan-yana. Bakıda metronu inşa etdik. Mingəçevir SES tikib ölkədə ideal suvarma sistemini qurduq. Hamı işlə, mənzillə təmin edildi. Kəndlilər həyətyanı sahələrində cənnət qurdular… Mirmahmud bəy, bütün bunların üstündən xətt çəkmək, ölkəni vəhşi kapitalizm timsahına yem etmək, sizcə, düzgün idimi?

“Nə qədər müqavimət göstərsək də, bizi silah gücünə təyyarəyə mindirib, İrəvana göndərdilər”

Soyuqdu. Çalışıram donuq barmaqlarımı dizlərim arasında isidim. Alınır, deyəsən. Bədənimdə qan tədavülünü bərpa edib, yenidən dirçəlirəm. Keçirəm növbəti suallara.

– İtkilərimizin uzun siyahısında sizin o tifil balanız da var…

– Həəə, razıyam… Var…

Mirmahmud bəyin qaşları çatılır. Sosial müdafiə sistemini, pulsuz təhsili, səhiyyəni, pioner düşərgələrini, sanatoriyaları, pulsuz səhiyyəni, day bilmirəm daha nələri – tramvay xətlərini, kino sənətimizi, teatr repertuarlarımızı, razıyam, əvvəlcədən sonrakı ağır nəticələrini bilə-bilə, qurban verdik müstəqillik sevdamıza.

– Dəyərdimi? – sualım bir müddət cavabsız qalır. Yağışın səsi, şırhaşırı içəri sızır bu vaxt.

Mirmahmud ağanın quru, susuz, ağarmış dodaqlarından axırda birtəhər bircə kəlmə qoparda bilirəm.

– Dəyərdi…

***

Qarşımızdakı solğun divarı, partiya fəallarının seçkiqabağı şüar-plakatları bəzəyir. Bircəciyi də nə Milli Məclisə düşüb, nə bələdiyyə seçkilərində qələbə qazanıb. Mənzərə, qısası, çox da ürəkaçan deyil. Darıxıb, söhbətimizə qayıdıram.

– Müstəqillik nəticəsində xalq mülkiyyətini itirdik. Xalqın varidatını keçi qiymətinə hesablayıb özəlləşmədə mənimsədilər. Siz iştirak etdinizmi həmin bu talanda?

Sualımdan qəfil özüm də qorxuram. Elə bilirəm Mirmahmud ağa məndən inciyər. Səsimi yumşaldıram:

– Özəlləşmə çeklərinizi neynədiz?

– Neynədim? Bilmirəm. Evin hansısa küncündə qalar yəqin ki… Özəlləşmə oyunlarında yox, özəlləşmə qanunlarının qəbulunda iştirak etdim.

– O qanunlar yadınızdadırmı?

– Xeyr…

Mirmahmud ağa sanki öz etirafından qorxur. Gözüm görə-görə alnındakı qırışların sayı, dərinliyi artır. Gecikmiş etirafı bu dəfə daha musiqili, daha uzun səslənir.

– Yoxxxxxxx…

***

Nəinki aramızdakı səmimiyyət artıb – kasıbtəhər kabinet də, nəhayət, deyəsən, azca isinməyə başlayıb. Cürətlənib soyuq əllərimi dizlərim arasından çıxarmaq istəyirəm. Nəm basmış pəncərə şüşələrindən hərdən elə bil göz yaşları ayrılır. Axır aşağı. Mənzərə çox poetikdi. Bunu Mirmahmud ağa da duyur. Keçir öz niskilli xatirələrinə.

– Babam kəramət sahibiydi. Dükandakı sovet çörəyini dilinə vurmadı bir kərə də. Zirzəmizdə toxumluq anbarı vardı. Toxumları orda saxlayıb cücərdər, yazda torpağa səpərdi. Özü biçərdi taxılını, özü üyüdərdi. Özü də çörək bişirərdi qismətindəki bu halal payından. Xəstələri, yaxın məsafədə özündən aralı saxlardı bir an. Əlində tutduğu kasa-piyalədən su sıçradardı xəstələrin sifətinə. Ocağı şəfalıydı babamın. Şəfanı bilirsiz dəəə, Allah verir… Bizim Kərbəlayi Mirəziz ağa, sadəcə, sıravi vasitəçiydi arada…

Amma məni bu poetik gedişlər, köhnə xatirələr qane etmir. Mirmahmud ağanı keçmişdən ayırıb qayıdıram müasirliyə.

– İclasdan sonra mətbuata verdiyi müsahibədə Nemət Pənahov istiqlalçılar barədə ciddi ittihamlar irəli sürüb. Siyahıda sizin də adınız var. O mövzunu mən də davam etdirmək istərdim. Deyin, sovet vaxtları əsgərliyi harda, necə keçiribsiz?

Mirmahmud bəyin əvvəlcə elə bil alın qırışları dillənir, sonra üzünün sərt ifadələri. Axır növbə çatır dilinə, dodaqlarına.

– Əsgərliyə getdiyim vaxt bir də gördüm babam rayon hərbi komissarlığının tozlu həyətindədir. Dedim, bəs niyə bura gəlibsən? Çətindi axı yollar… Dedi ki, mən gəlməsəm indi bura, sonra sən evə qayıtmazsan… Düzü, bu cümlənin xatirəsi daim beynimi silkələdi əsgərlik günlərimdə. Bu cümləni eşitməsəm, bəlkə əsgərlikdən evə qayıtmazdım. Bizi Bakıda bərəyə otuzdurub Krasnovodskiyə göndərdilər. 8 saatdan sonra bərəmiz ora çatanda 400 əsgərdən 399-u salamatdı… Qorxu vardı, bu cür itkilər hər 8 saatdan bir təkrarlansın.

– Yəni yoldaykən milli zəmində toqquşmalardan keçdiz? Bərədən kimisə dənizə tullamışdılar o vaxt? Sizmi…

Mirmahmud ağanın sərrast cavabı mövzuya nöqtə qoyur sanki.

– Doğrusunu Xəzərdəki balıqlar bilər. Türküstan hərbi dairəsində, inşaat batalyonunda əsgərliyimi çəkdim. Dava-şavalardan birtəhər sağ-salamat qurtarmağımı babamın xeyir-duası ilə izah edərdim indi.

– Əsgərlikdə siyasi müşavirin müavini vəzifəsində işləmək, razılaşın, hər adama icazə verilmir. Necə nail oldunuz buna?

– 1988-ci il xatirələrim qoy özü cavab versin bu haqsız ittihamlara. Ermənistandakı zəlzələ qurbanlarına yardım aparacaq təyyarələrin bir başıbəlalı sərnişini də elə mən idim. İlk təyyarəmiz İrəvanda yerə enərkən qəzaya uğramışdı deyə, bizi ora göndərməyə tələsmirdilər. Təyyarələrin hər birinin içində “RAF” markalı təcili yardım maşını vardı. Bir də, quru ərzaqla dolu heyvərə KamAZ-lar… Tərslikdən alay komandirimiz erməniydi – mayor Balasyan. Təyyarəmiz havaya qalxanadək Nasosnı aeroportunda min bir sərgüzəşt yaşadıq. Səfərdən imtina edirdik. Əbülfəz Qasımov – respublika baş hərbi komissarı, özü gəlmişdi bizləri İrəvana yola salmağa. İlk imkan tapınca papağını vurub başından yerə saldım. Dəstəmizdəkilər – yüz beş nəfərin hamısı, papağı futbol topu bilib düşdülər ortalığa. Mülki geyimlərimizi soyunmaq da istəmirdik. Axırda bizi silah gücünə təyyarəyə basıb göndərdilər Ermənistana.

– İttihamlara qarşı verdiyiniz bu cavabı kafi sayıram. İndi keçək söhbətimizin sonuna. 25 il bir igidin ömrüdü. Müstəqilliyimizin üzərindən əsrin dörddə biri ötüb keçdi. Bəlkə indi təkər geriyə qayıdır, hə? SSRİ bir başqa modeldə – Avrasya İttifaqı kimi bərpa olunur? Özəlləşmənin milliləşməylə əvəzlənməsi də istisna deyil. Bəziləri, kənd təsərrüfatını dirçəltmək naminə kolxozları diriltməyi təklif edirlər. Digərləri özəlləşmənin üçüncü dalğasını hazırlayıb xalqın, dövlətin son tumanını əynindən çıxarmağa çalışırlar. Nə deyərdiz…

Mirmahmud ağa sualımın axırını gözləmir.

– Kolxoz-sovxoz sisteminə qayıtmağa qəti ehtiyac yoxdu indi. Müstəqilliyimiz əbədidir. Arada uzun fasilələr olmayacaq. 18 oktyabrda Konstitusiya Aktına imza atmağımız, zamanın imtahanından üzü ağ çıxdı. Geriyə yol yoxdur.

– Mimahmud ağa, xalqın kasıbçılığı tərs nəticələrə gətirib çıxara bilər haaaa… Düymənin düşməyi, şalvarın yırtılmağı ilə həyatda çox müşküllər başlayır. Bu, yenə də təkrarlana bilər. Bu dəfə day SSRİ deyil, özümüz aşarıq. İstiqlalçıların indiki kasıblığı, işsizliyi, üst-başı vallah, çoxlarını qorxudur. Kənardan baxarkən, müstəqillik ovqatımızı xeyli korlayır.

– O vaxtkı mənzərə bu günkündən çox da fərqlənmirdi. Düymələr o vaxt da sallaqdı, şalvarların o vaxt da dizləri süzülmüşdü. Noolsun… Müstəqillik istədik… 70 illik sosialist nailiyyətlərimizə tüpürdük… Məncə, seçimimiz düzgündü…

***

Müstəqillik tariximizdən cürətlənərək eşikdəki leysan yağışdan qorxmadıq bir an. Özümüzü atdıq tufanlı, yağışlı Bakı küçələrinə. Əyləşdiyimiz köhnə “Jiquli”nin gücü, taqəti “Nərimanov” metrosuna qədərdi. Ora çatınca “Jiquli”nin mühərriki söndü. Partiya fəalları özlərini itirmədilər. Şalvarların balaqları dizədək çırmalandı. “Jiquli”nin arxasına keçib onu itələməyə başladıq. Mirmahmud ağa keçdi sükan arxasına. Birisi dedi ki, bəs, bu, əbəsdi. Evakuator çağırıb, hadisə yerini tərk etmək lazımdır.

Yağışın altında bir müddət bütün çətinliklərə sinə gərdik.

25 illik müstəqilliyimizi bax, beləcə qeyd edib, yağış altda möhkəm islandıq.

Həmid HERİSÇİ

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın