Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Mürvət Həsənli: “O videonu Aslan İsmayılov “qayçılayıb”, özünə və müvəkkilinə sərf edən kadrları saxlayıb”

Mürvət Həsənli: “O videonu Aslan İsmayılov “qayçılayıb”, özünə və müvəkkilinə sərf edən kadrları saxlayıb”

“1 milyon dollarlıq ticari mübahisə nə böyük işdir ki, iki dövlətin liderləri arasında müzakirə mövzusu olsun?”

Tanınmış hüquqşünas Aslan İsmayılov bir neçə gün əvvəl “moderator” saytına  verdiyi müsahibəsində iş adamı Mürvət Həsənlini Türkiyəli tərəf-müqabili Ömür Oralın 1 milyon 300 min dollarını verməməklə Azərbaycanın beynəlxalq investisiya imicinə kölgə salmaqda və hakimiyyətin apardığı Qarabağ siyasətinə zərbə vurmaqda günahlandırmışdı. Vəkilin bu və digər ittihamına  tuş gələn iş adamı məhz həmin saytda cavab haqqından istifadə edərək, səslənən fikirlərə aydınlıq gətirib. Azinforum.az iş adamının  müsahibəsini təqdim edir:
– Mürvət müəllim, istərdim ki, ilk suala elə Ömür Oralla münasibətlərinizdən başlayaq. Əməkdaşlığınız necə başladı, niyə pozuldu?
– Ömür Oralla bizim 2009-cu ildən münasibətlərimiz var. Dostluqla başlayan bu münasibətlər daha sonra ticari əlaqəyə çevrildi. Onunla uzun illər yumurta alqı-satqısı ilə məşğul olduq. Həmin müddətdə mən damazlıq təsərrüfatımı yaratdım. Bu ticari münasibətlərdə 2016-cı ilə qədər bizim aramızda heç bir ziddiyyət yaşanmadı. Sadəcə onun mənə bir az borcu var idi. Daha sonra onunla ticari əlaqələrimizi dayandırmağa qərar verəndə Ömür Oral bağladığımız müqavilədəki bir boşluğu əsas gətirib böyük həngamə qopartdı…
– Ticari münasibətlərinizi niyə dayandırdınız?
– Açığını desəm, mən onun ortağının erməni olduğunu bilmirdim. Daha sonra Haqqın.az və Vitrualaz.org saytları bu faktı ortaya çıxartdılar. Üzərindən bir az keçəndən sonra “Müsavat” qəzeti də bu barədə araşdırma yazısı dərc etdi. Mən də Ömür Oraldan bunun nə qədər həqiqət olub-olmadığını soruşdum. O, faktı təsdiqlədi. Mən də ondan ayrılmaq məcburiyyətində qaldım. Sizin müsahibədə bu addımıma fərqli yanaşma var. Separatçı erməniylə erməni xalqı arasında fərq olduğu vurğulanır. Yaxşı və pis erməninin ayırd edilməsi tələb olunur. Ola bilsin ki, kimlərsə bu arqumentlərində haqlıdırlar. Amma mən Qərbi Azərbaycandanam. Ermənilərin bizim xalqa vurduğu zərbələri öz üzərində ən çox hiss edənlərdən biriyəm. Bu münaqişədə mənim 1 xalam oğlu, 4 əmim oğlu öldürülüb. Elimizi-obamızı tərk edib qaçqın həyatı yaşamışıq. Mənim ermənilərə güvənməməyim, onlara düşmən kimi baxmağım, yəqin siz də razılaşırsınız ki, başadüşüləndir. Erməni xəyanətindən heç bir zərər görməyən Aslan İsmayılov kimi vəkillər mənim bu hərəkətimi Azərbaycan hakimiyyətinin Qarabağ siyasətinə zidd addım kimi qiymətləndirirlər. Halbuki, bu adi ticari münasibətdir. İstənilən ticarət adamı güvənə bildiyi, düşmən kimi görmədiyi tərəf-müqabiliylə uğurlu biznes qura bilər. Mənim bu addımımın hökumətin apardığı Qarabağ siyasətilə nə əlaqəsi var?
– Məsələ burasındadır ki, bu mübahisə ortaya çıxanda Azərbaycan hakimiyyəti dünyaya biz “erməni xalqı ilə deyil, separatçılarla düşmənik” mesajı verirdi. Görünür, Aslan İsmayılov da məhz bu fakta əsaslanıb o iddianı irəli sürür…
– Əvvəla, yuxarıda da dediyim kimi, bu, sadəcə adi bir ticari münasibətdir. Hər iş münasibətlərində bu cür hallar yaşana bilər. İndiyə qədər Azərbaycanda və dünyada nə qədər iqtisadi ortaqlıqlar pozulub. Bunun arxasında mütləq bəd niyyət axtarmaq absurddur. Atalar demişkən, karın könlündəki. Aslan İsmayılov hər şeyi öz arşını ilə ölçməsin.
İkincisi, bu məsələni mətbuata mən gətirməmişəm ki, hakimiyyətin hansısa siyasətinə qarşı bəd niyyətimdən şübhə duyulsun. Məsələni mətbuata daşıyan Aslan İsmayılovdur. Mən sadəcə onun iddialarına cavab vermişəm. Əgər ortada rəsmi siyasətə qarşı təxribat varsa, məntiqlə, bunun səbəbkarı da onun özüdür.
Mən əvvəldən istəmişəm ki, bizim məsələ məhkəmə müstəvisində öz həllini tapsın. Prinsipcə, hüquqşunas Aslan bəy də bu məsələdə maraqlı olmalıdır. Nə yazıq ki, bu adam vəkillik etdiyi bütün işləri mətbuata çıxarmaqdan xoşlanır. Bununla bir növ, məhkəməyə təzyiq edir. Əslində məhkəməni ədalətli qərar çıxarmaqdan çəkindirən bu addım hüquqən də qadağandır. Aslan İsmayılov isə hüquqa hörmət eləmir. Yadınızdadırsa, o, müsahibələrinin birində “məni, cəhənnəmə, məhkəməyə versinlər” demişdi. Bu fakt da Aslan İsmayılovun hüquqa, məhkəməyə verdiyi qiyməti təzahür etdirir. İndi belə bir vəkilin qanunların ruhuna hörmətsizlik edərək, məhkəməyə təzyiqlə istədiyinə nail olmağa çalışması gözlənilməz deyil. O, ümumiyyətlə bu metodlardan vaxtaşırı istifadə edir.
– Amma gəlin razılaşaq ki, “payçılar arasında erməni olduğuna görə mən “Emre piliç”ə borcumu vermirəm” deyən sizsiniz…
– Xeyr, mən elə demirəm. Deyirəm ki, payçısının erməni olduğunu eşidəndən sonra mən həmin şirkətlə əməkdaşlığımı dayandırdım. Bu iki fikir arasında ciddi fərq var. Bilirsinizmi, kiminlə işləyib-işləməmək məsələsi hər bir sahibkarın, iş adamının müstəsna hüququdur. Hər kəs istədiyi adamla işgüzar münasibətlər qura və onu dayandıra bilər. Heç kim heç kimi zorla düşmən kimi baxdığı biriylə əməkdaşlığa məcbur edə bilməz.
– Təbii ki. Amma bu zaman borclar ödənməli, “hesablar təmizlənməlidir”. Siz isə borcunuzu verməkdən imtina edirsiniz. Əsasınız isə budur ki, şirkətin 30%-nin sahibi ermənidir. O zaman da belə bir sual ortaya çıxır: Axı şirkətin 70%-i də türklərə aiddir. Necə olur ki, siz 30%-lə yanaşı, həm də 70%-ə də zərbə vurursunuz? Bir növ, bitə əsəbləşib yorğanı yandırırsınız…
– Mən heç kimə zərər vurmuram. Əksinə, Ömür Oral müqavilədəki boşluqdan istifadə edib mənə zərər vurur. Yəni, almadığım, gəlir əldə etmədiyim yumurtanın pulunu iddia edir və mən də bunun böyük hissəsini ödəmişəm.
– Bayaq da siz eyni fikri səsləndirdiniz. Oral sizə nə qədər borcludur və bu borc necə yaranıb?
– Qüsura baxmayın, mən bu barədə sizə heç bir məlumat verməyəcəyəm. Çünki bu işin məhkəmə istintaqı gedir. Hər şey məhkəmədə bəlli olacaq. İstəsəniz, siz də məhkəməyə gəlin. İddialarımla orda tanış olarsınız.
– Hansı məhkəməyə şikayət edibsiniz?
– 2 sayli İqtisad məhkəməsinə. Məhkəməmizin ilk iclası 2 fevral 2017-ci il tarixində keçiriləcək. İnanıram ki, məhkəmədə ədalət öz yerini tutacaq.
– Belə başa düşdüm ki, Azərbaycan məhkəməsinə şikayət edibsiniz.
– Bəli.
 
– Haqqında iddia qaldırdığınız şirkət Türkiyədədir. Bəs, nə əcəb iddianı orda yox, Azərbaycanda qaldırıbsınız?
– Ömür Oralın mal göndərib zərər vurduğu şirkətlər Azərbaycandadır. Söhbət təkcə mənim şirkətimdən getmir. Onun bizə satdığı yumurtaları Azərbaycandakı əksər toyuqçuluq şirkətlərinə göndərmişəm və müqavilə öhdəliyini tam yerinə yetirməyən Ömür Oral bir çox broyler təsərrüfatına zərər vurub, amma bu zərəri kompensasiya etmək istəmir. Həmin şirkətlər də məhkəmədə şahid qismində iştirak edəcəklər. Müqavilələrimizə görə, onun verdiyi yumurtalar, ən çox, 80% məhsuldarlığa malik olmalıydı. Yəni, 10 yumurtadan ən azı 8 cücə çıxmalıydı. Amma baxın bu sənədlərə, məhsuldarlıq nə qədər göstərilib?
– 74%.
– Bəli, deməli, bizə ən azı 6% zərər vurub. Aslan İsmayılov deyir ki, Ömür Oral Azərbaycanda toyuqçuluğun inkişafına böyük töhfələr verib. Budur töhfə? Görünür, o, unudur ki, Azərbaycanda quşçuluğun inkişafı ulu öndər Heydər Əliyevin böyük xidmətləri nəticəsində 1970-ci ildən başlayıb, yəni onun ilk dəfə hakimiyyətə gəlməsindən cəmi 1 il sonra. 1969-da Azərbaycanın rəhbəri olandan sonra Heydər Əliyevin yürütdüyü ardıcıl siyasət qısa müddətdən sonra öz nəticəsini verib. 1975-ci ildə “Dəvəçi broyler”in, 1982-ci ildə indiki “Siyəzən broyler”in təməlləri atılıb. 1979-1980-ci illərdə respublikada 2 700 ton ət istehsal olunurdu. 1980-ci illərdən sonra “Siyəzən broyler” fabriki yarandı və ət istehsalı rəsmi rəqəmlərlə 40 min tonu keçdi. Həmin vaxt Türkiyədə heç bu sektor haqqında məlumat yox idi. Azərbaycanda isə quşçuluğa elə ciddi diqqət var idi ki, bu sektor Kənd Təsərrüfatı Nazirliyindən ayrılıb birbaşa Nazirlər Kabinetinə bağlanmışdı. Bir növ, adı qoyulmamış ayrıca nazirlik kimi fəaliyyət göstərirdi. Ömür Oral isə bu sənədlərdən də göründüyü kimi, Azərbaycana ana sürüdən gələn xəstə yumurtalar satırdı. Aslan İsmayılov deyir ki, Oral Azərbaycanda “quş qripi”nin qarşısını aldı. Ömür Oral elə qüdrətə malikdirsə, bir neçə il əvvəl Türkiyədə yayılan həmin xəstəliyin qarşısını alardı. Yadınızdadırsa, hardasa 10 il əvvəl Türkiyədə yayılan “quş qripi” nəticəsində ölkənin quşçuluq təsərrüfatı tamamilə çökdü. Oral niyə bunun qarşını almırdı? Azərbaycanda isə həmin vaxtlar indiki broyler şirkətləri tam gücüylə işləyirdilər.
– Məni bir məsələ maraqlandırır. Deyirsiniz ki, əslində Ömür Oral mənə borcludur. O zaman niyə Aslan İsmayılovun kabinetində lentə alınan videoda Ömür Orala borclu olduğunuzu etiraf edirdiniz?
– O videonu Aslan İsmayılov “qayçılayıb”, özünə və müvəkkilinə sərf edən kadrları saxlayıb. Həmin videonun əvvəlində mən Ömür Oralın mənə, mənim Ömür Orala qarşılıqlı borcumuzun olduğunu demişəm. Aslan İsmayılov isə Oraldan alacağı 200 min dollara görə çəkilişin əvvəlini montaj etdiyindən, həmin hissə görünmür.
 
– Qarşılıqlı borc necə olur? Maliyyə hesabatlarında niyə bu borcları bir-biriylə əvəzləyib yekun nəticəni ortaya çıxarmayıbsınız?
– Bunun səbəbi odur ki, Ömür Oral müqavilədəki boşluqdan istifadə edib məndən almadığım yumurtanın pulunu istəyir. Mən isə ondan aramızdakı razılaşma əsasında sənədlərdə əks olunmayan alış-veriş hesabatını tələb edirəm. Yəni mənə olan borc real ticarət gəlirləridir, amma rəsmi sənədlərdə görsənmir. Aramızdakı razılaşmaya görə, o, hər yumurtadan mənə 8 sent verəcəkdi…
– Amma mən eşitdiyimə görə, hər yumurta üçün bir sent alacağıydınız.
– Bir sent işlərin burda yoluna qoyulması, işçilərin maaşı üçün nəzərdə tutulurdu. Sırf mənə çatacaq məbləğ isə 8 sent idi.
– Ömür Oralla indiyədək nə qədər alış-verişiniz olub?
– 100 milyon yumurtanın  üzərində. Bunlar rəsmi sənədlərdə qeydə alınandır. Bir də Ömürün mənə sənədləşdirmədən satdığı yumurta vardı. Məsələn, 41 sentə satdığı yumurtanı 25 sentə göstərirdi. Arada qalan 16 sentin yarısı mənə, yarısı ona çatacaqdı.
– Başa düşdüm. Yəni vergilərdən yayınmaq üçün bəzi alış-veriş mübadiləsini sənədləşdirmirdiniz?
– Almadığım pulu vergidən necə gizlədə bilərəm?
– Bəs, niyə bu alış-veriş mübadiləsini sənədlərdə fərqli göstərirdiniz? Belə çıxır ki, burda, vergidən yayınma məqsədi güdülürdü?
– Bəli, Ömür Oral Türkiyə vergi orqanlarından bəzi alqı-satqıları gizlədirdi. Aslan İsmayılov deyir ki, Türkiyə səfirliyinin ticarət nümayəndəsi onunla görüşüb və sənədləri alıb. Həmin nümayəndə məhkəmədə mənim ortaya qoyacağım sənədlərlə də tanış olacaq. O zaman Ömür Oralın vergi orqanlarını necə aldatdığını anlayacaq. Eşitdiyimə görə, bu faktların ortaya çıxacağından ehtiyatlanan Ömür Oral sonradan gedib vergiyə xeyli pul ödəyib…
 
– Bunu mən də eşitmişəm. Amma onu da eşitmişəm ki, siz Türkiyəyə bununla bağlı şikayət edibsiniz. Ondan sonra Ömür Oral əlavə xərcə düşüb…
– Səhv informasiyadır. Mən heç kimə şikayət etməmişəm. Ömür Oral isə məhkəmə çəkişməsində istər-istəməz bu faktların ortaya çıxacağından ehtiyyatlanıb o vəsaiti ödəyib. Özünün etirafına görə, vergiyə sonradan ödənən vəsait 1 milyon Türk lirəsinin üzərindədir. Amma düşünmür ki, pulu ödəsə belə, törətdiyi cinayətə görə cavab verə bilər. Adama deyərlər ki, gizlətdiyin vergini ödədin, çox sağ ol. Amma niyə bunu gizlədirdin? Üstəlik, onun ödədiyi vəsait yalnız mənimlə alqı-satqıda vergidən yayındırdığıdır. “Emre piliç” bir çox şirkətlərlə işləyir. Şirkət yalnız mənimlə alqı-satqıda bu rəqəmləri gizlətməyib, digər partnyorları ilə də eyni işi görüb və görməkdədir. Yəqin ki, məhkəmədə bu faktlar ortaya çıxanda Türkiyə hökuməti onun fəaliyyətini yoxlayacaq. Mən məsələnin bu həddə gəlməsini istəmirdim. Öz pulumu tələb edirdim. Ömür Oral isə bu tələbimin qarşısını almaq üçün məsələni bu qədər böyütdü. Amma axırda zərər çəkən yenə özü olacaq.
– Bu iddialarınızı sübut edəcək dəlilləriniz varmı?
– Əlbəttə, var. Yazışdığımız mesajların hamısı durur. Yəni biz rəsmi sənədlərdə qeyd etməsək də, aramızdakı yazışmalarda bu hesabatı aparırdıq.
 
– Bu yazışma mətnlərini bizə verə bilərsiniz?
– Yox, verə bilmərəm. Çünki bu işin istintaqı gedir. İstintaq materiallarını ictimailəşdirə bilmərəm. Bütün faktları məhkəməyə təqdim edəcəyəm. Məhkəmədə bütün məsələlərin üstü bir-bir açılacaq.
 
– Bəs, Türkiyə səfirliyinə necə, təqdim edəcəksinizmi? Aslan İsmayılovun dediyinə görə, səfirlik bu işlə ciddi maraqlanır…
– Türkiyə Ticarət Müşavirliyi mənə rəsmən müraciət edərsə, əlbəttə, verərəm. Amma özüm onlara təqdim etmək istəmirəm. Yəqin ki, məhkəmə prosesində onlar da iştirak edəcək və faktlarla tanış olacaqlar.
– Sizdən fərqli olaraq, Aslan bəy Türkiyə hökumətinin Ömür Oralı müdafiə etdiyini düşünür. Hətta bu məsələnin Türkiyə dövlət başçısı ilə Azərbaycan Prezidenti arasında müzakirə olunacağı gözlənilir…
– İnanırsınız bu iddiaya? 1 milyon dollarlıq məsələ, özü də mübahisəli bir ticarət dövriyyəsi iki dövlətin ən səlahiyyətliləri arasında müzakirə predmeti ola bilərmi? Bir də Türkiyə prezidentinin məsələylə maraqlanmasını mən də istərdim. Ən azı, ona görə ki, bu zaman məsələ daha dərindən araşdırılacaq və mənim haqlı olduğum, Ömür Oralın Azərbaycanın quşçuluq sektoruna vurduğu zərərlər tam ortaya çıxacaq. Bir də axı hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə nə deyəcək? Deyəcək ki, öz iş adamını zorla bizim ermənilərlə əməkdaşlığa məcbur elə? Gülməli iddiadır. Bizim Cənab Prezident öz dövlətinin maraqlarını bütün diplomatik danışıqlarda məharətlə qorumağı bacarır. Heç kim Azərbaycan qarşısında bu cür şərt qoya bilməz. Bir də axı 1 milyon dollarlıq ticari mübahisə nə böyük işdir ki, iki dövlətin liderləri arasında müzakirə mövzusu olsun?
-Deyirsiniz ki, 1 milyon dollarlıq vəsait iki dövlət arasındakı ticarət əlaqəsində kiçik həcmli məbləğdir. Razıyam. Amma bu, eyni zamanda Azərbaycandakı biznes mühitinin, investisiya təhlükəsizliyinin bir göstəricisidir. Sizə elə gəlmir ki, məbləğin böyük-kiçikliyindən asılı olmayaraq, bu hadisə bir çox investorlar üçün istinad nöqtəsi və pis nümunə ola bilər?
– Mənimlə Ömür Oral arasındakı anlaşılmazlıq bütün şirkətlərdə yaşana bilər. Üstəlik, bunun günahkarı mən də deyiləm. Siz necə fikirləşirsiniz, mən Ömür Oralla indiyə qədər 40 milyon dolların üzərində ticarət quran adamam. Bu miqdarla müqayisədə 1 milyon 300 min dollar dənizdə damla qədərdir. İndiyədək bütün öhdəliklərini yerinə yetirən bir adam bu kiçik miqdara tamah salarmı? O ki qaldı məsələnin, sizin müsahibədə qeyd olunduğu kimi “investisiya mühiti haqqında yaradacağı qənaət” məqamına, bu arqument də əsassızdır. Ona görə ki, bizim iqtisadi münasibətlərimizin investisiya mühitinə dəxli yoxdur. Ticarət dövriyyəsi ayrı şeydir, xarici investisiya ayrı şey. Bu gün Azərbaycanın qarşısında dayanan prioritet məsələlərdən biri bundan ibarətdir ki, ölkədən valyuta axınının qarşısı alınsın. Və bu gün Türkiyədən bizə satılan damazlıq yumurtanın istehsalıyla məşğul olan bir neçə şirkət var və onlardan biri də mənə məxsusdur, biri “Azərquşçuluq”dur, biri də “Nəzərquşçuluq”dur. Artıq bizim kimi şirkətlərin sayəsində Türkiyədən damazlıq yumurta alınmır.
Xarici investisiyaya gəlincə, bu, o deməkdir ki, hansısa bir xarici iş adamı gəlib Azərbaycanda hansısa sektora 50 milyon dollar vəsait yatırıb onu inkişaf etdirir. Ömür Oralla ticarət əlaqəmizdə isə investisiya yatırılmasından söhbət getmir. O, bizə yumurta satır, yeri gələndə həmin yumurtaların xəstə olub-olmamağıyla maraqlanmır, məsuliyyətdən qaçırdı. Yəni Ömür Oral kimi iş adamları bir istehsalçı olaraq Azərbaycana bütün zay məhsullarını reallaşdıra biləcəyi bazar gözüylə baxırlar və onların ölkəmizə kapital yatırmaq fikirləri yoxdur.
Sizə bir fakt deyim, ölkə başçısının təşviqiylə biz ölkədə damazlıq yumurta təsərrüfatı yaradanda qonşu dövlətlərdən Azərbaycana istehsal qiymətindən belə ucuz yumurta satmağa başladılar. Səbəb o idi ki, bizi batırsınlar, Azərbaycan yenə onlardan asılı vəziyyətə düşsün. Yəni, bizdə yerli aqrar və qida sənayesinin inkişaf etməsi ilk növbədə onların marağına uyğun deyil. Etiraf edim ki, biz ölkə başçısının birbaşa köməkliyi ilə bu vəziyyətdən çıxdıq. Ölkə başçısı kənd təsərrüfatı sektorunu vergidən azad etdi, buğdanın ƏDV-sini götürdü və s. Bundan sonra biz öz itkilərimizi kompensasiya edə bildik, yumurtanın da qiymətləri ucuzlaşdı. Artıq ölkəmizdə yerli damazlıq şirkətləri var və respublikamız özünü ətlə 100% təmin edir.
Əslində Oralla bizim aramızdakı ziddiyyətlərin kökündə də bu amil dayanırdı. O, indiyə qədər bazar olaraq gördüyü Azərbaycanda damazlıq cücə təsərrüfatının yaranmasını arzulamırdı, çünki belə olacağı təqdirdə, bazarını itirəcəkdi və necə ki itirdi də. Bu səbəbdən də mənə qarşı bu cür hücuma keçdi. Onun iddialarının kökündə yenidən əməkdaşlığı bərpa etmək məqsədi dayanır. Halbuki, Ömür Oralın Türkiyədə sahib olduğu təsərrüfatın eynisini mən Azərbaycanda yaratmışam və bir daha ondan nəsə almaq fikrində deyiləm. Bizim kimi damazlıq yumurta təsərrüfatları qarşıya qoyduğu hədəfləri reallaşdıra bilsə, hər il milyonlarla dolların başqa ölkəyə axmasının qarşısını alar, öz iqtisadiyyatımızı qurar və xaricə mal ixrac edə bilərik. Bax, budur investisiya. Yoxsa, hansısa xarici şirkətdən hazır mal almağa indiki şəraitdə Azərbaycanın nə ehtiyacı var, nə də iqtisadi potensialı…
Heydər Oğuz

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın