Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəmiyyət / Mürvət Həsənli: “Axı, mənim üzərimdə hər hansı həbs-qətimkan tədbiri olmayıb ki, bəhanəyə ehtiyac olsun”

Mürvət Həsənli: “Axı, mənim üzərimdə hər hansı həbs-qətimkan tədbiri olmayıb ki, bəhanəyə ehtiyac olsun”

“Heydər Əliyevin çörəyi”ndən siyasi divident kimi istifadə etmək hər iki ali dəyərə-həm xalqımızın müqəddəs gördüyü, dini kitabı olan Qurandan belə, üstün tutduğu çörəyə, həm də ümummilli liderə nankorluqdur. Ən azı ona görə ki, mərhum Heydər Əliyev istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə Azərbaycanın öz sənaye müəssisələrini yaratmağı, ölkəni xarici iqtisadi asılılıqdan azad etməyi qarşısına ən böyük məqsəd kimi qoymuşdu. Bu gün onun “çörəyinə” sığınıb duyğu istismarına çalışan Aslan İsmayılov kimi adamlar isə məhz yerli istehsalın zəiflədilməsini, Azərbaycanı qonşu ölkələrdən asılı vəziyyətə düşməsini istəyənlərin əlində vasitəyə çevrilib”.

Bu fikirləri “Xəmsə” restoranlar şəbəkəsinin sahibi, ölkənin tanınmış iş adamı Mürvət Həsənli Ovqat.com-a açıqlamasında deyib.

Qeyd edək ki, tanınmış hüquqşunas Aslan İsmayılov dünən özünün facebook səhifəsində Mürvət Həsənlini bərk tənqid edən statusla çıxış etmiş, onun türkiyəli iş adamı Ömür Oralla mübahisənin istintaqından yayınmaq üçün özünü xəstəliyə vurduğunu bildirmiş və Heydər Əliyevin “çörəyini yeyən” hüquq mühafizə orqanlarını öz vəzifələrini ləyaqətlə yerinə yetirməyə çağırmışdı.

İş adamı Mürvət Həsənli isə iddiaların tamamilə əsassız olduğunu vurğulayaraq, bildirib ki, onu ifadəsini almaq üçün Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişdilər: “İfadəmi verdikdən sonra isə idarədən ayrılmışam. Axı, mənim üzərimdə hər hansı həbs-qətimkan tədbiri yox idi ki, çölə çıxmaq üçün hansısa bəhanəyə ehtiyacım olsun”.

Aslan İsmayılovun irəli sürdüyü ittihamlardan bəzən özünün də heyrətə düşdüyünü, onun savadının bu qədər zəif olduğuna təəccübləndiyini deyən Mürvət Həsənli hər hansı bir vəkilin bir vətəndaş haqqında fikir bildirəndə hüquq çərçivəsində hərəkət etməsinin vacibliyinə toxundu: “Hüquqda “təqsirsizlik prezumpsiyası” deyilən bir anlayış var. Aslan İsmayılova xatırlatmaq istəyirəm ki, bu anlayışa görə, haqqında məhkəmə hökmü olmayan hər hansı adamı “cinayətkar”, “mafiya babası”, “fırıldaqçı” adlandırmaq qanunən də qadağandır və bu, qarşı tərəfi təhqir etmək, şərəf və ləyaqətinə toxunmaq deməkdir. Bir hüquqşunas kimi Aslan İsmayılov da bu prinsipə əməl etməli, özünün olmasa da, çörəyini yediyi peşəsinin adına, prinsiplərinə hörmətlə yanaşmalıdır. Əks halda çörək adamın burnundan gələr”.

Vəkilin öz müvəkkilinin müdafiəsində arqument qıtlığı ilə qarşılaşdığını deyən iş adamı “xarici investisiya” anlayışının Ömür Oralla bağlı məsələyə heç bir aidiyyətinin olmadığını bildirdi: “Əksinə, Ömər Oral Azərbaycanda yerli istehsala investisiya qoyuluşunun qarşısını almaqda maraqlıdır. Mənim haqqımda irəli sürdüyü ittihamların da əsas məqsədi budur. Mən öz iş təcrübələrimdə də dəfələrlə bu kimi təzyiqlərlə qarşılaşmışam. Nə zaman ki biz yumurta və cücə yetişdirməyə başladıq, bütün xarici şirkətlər eyni adlı məhsulları maya dəyərindən ucuz qiymətə Azərbaycan bazarına təklif edirdilər. Məqsəd bizi çökdürmək, bazarı yenidən əldə saxlamaq idi. Şükür Allaha ki, biz bu çətin rəqabətdən uğur qazanaraq çıxdıq. Əlləri hər yerdən üzülən Ömür Oral kimi xarici iş adamları indi yerli sənayeçilərimizə olmazın şər-şəmatasını yapışdırmağa çalışırlar. Nə yazıq ki, Aslan İsmayılov da onların əlində maşaya çevrilib”.

Qeyd: Aslan İsmayılovun da mövqeyini işıqlandırmağa hazırıq

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …

Bir cavab yazın