Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Mübariz Qurbanlının dini savadı yox idi” – Rafiq Əliyev

“Mübariz Qurbanlının dini savadı yox idi” – Rafiq Əliyev

Fevralın 7-də keçirilən prezident seçkilərindən sonra yeni hökumətin tərkibi təsdiqlənsə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyinat olmadı. DQİDK-nin sabiq sədri Mübariz Qurbanlını kimin əvəzləyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir. 

DQİDK-nin keçmiş sədri, professor Rafiq Əliyev bu mövzuda “Yenisabah”a maraqlı açıqlamalar verib. Professor əvvəlcə özünün DQİDK-nin sədri olduğu dövrə ekskursiya edib: 

“Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük. Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu. Mübariz Qurbanlı isə fəaliyyətə başladıqdan sonra kifayət qədər ciddi reformlar apardı. Dini qurumlarla dövlət arasında münasibətləri müxtəlif cür tənzimlədi və qaydasına saldı. Hazırda isə bu komitəyə rəhbərlik etməsi üçün mütləq şəkildə dini bilən adam lazımdır. Çünki dini bilmədən bu vəzifədə işləmək çətindir. Biz vaxtında reformların əsasını qoymuşduq, Mübariz Qurbanlı isə bu reformları davam etdirdi. Düzdü, onun dini savadı yox idi, ancaq siyasi cəhətdən yetərincə savadlı idi. Ona görə də dini məsələlərlə bağlı qanunların nizama salınmasında və düzəlişlər zamanı çətinliklər olmadı”. 

Professor bu vəzifəyə mütləq dini savadı yüksək birinin təyin edilməli olduğunu bildirib.

“Amma həqiqətən artıq orada dini bilən adam olmalıdır. Çünki elə bir dövrdür ki, hamı dindən danışır və sən dindən deyil siyasətdən danışsan, qarşındakını heç nəyə inandıra bilməzsən. Bu vəzifəyə hansısa konkret namizəd deyə bilmərəm. Hər halda komitədə və ondan kənarda dini bilən adamlar kifayət qədər var. Yəqin ki, hakimiyyət dövlət siyasətinə uyğun birini seçib komitənin sədri təyin edəcək”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …