Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Cəmiyyət / Mübahisələrin məhkəmədənkənar həlli qanunu ertələndi – ŞƏRH

Mübahisələrin məhkəmədənkənar həlli qanunu ertələndi – ŞƏRH

Azərbaycanda iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədənkənar – barışıq yolu ilə həllini nəzərdə tutan “Mediasiya haqqında” Qanunun qüvvəyə minmə müddəti uzadıldı. Bununla bağlı Milli Məclis tərəfindən qəbul edilən layihə iyunun 29-da prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Layihəyə əsasən qanunun qüvvəyə minmə müddəti 1 iyul 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinə dəyişdirilib.

Qeyd edək ki, “Mediasiya haqqında” Qanunun 39-cu maddəsinə əsasən, 1 iyul 2020-ci il tarixindən etibarən iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak nəzərdə tutulub. Mediasiya fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, o cümlədən bu müddəanın səmərəli şəkildə tətbiq edilməsi məqsədilə Mediasiya Şurasının idarə heyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Mediasiya Şurasının Nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq cari il fevralın 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxs təsis edilib, fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, Ədliyyə Akademiyasında mübahisələrin alternativ həlli üzrə təlimçilərin təlimi keçirilib. Eyni zamanda Mediasiya Şuranın müvafiq qərarları ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilib.

Qanunun qüvvəyə minmə tarixinin dəyişdirilməsinin səbəbi isə koronavirus pandemiyasıdır. Belə ki, hökumətdən verilən açıqlamaya görə, Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr qərarı ilə təsdiq edilmiş “Mediatiorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq mediator olmaq istəyən şəxslər üçün sənəd qəbulu başlayıb və ilk təlim 10 mart 2020-ci il tarixinə təyin edilib. Lakin ölkədə COVİD-19 koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən təlimlərin keçirilməsi təxirə salınıb. Ailə, əmək və kommersiya mübahisələri üzrə mediasiya işlərini aparmaq üçün ən azı 300 mediatorun hazırlanması tələb edildiyini və qanunvericiliyə uyğun olaraq bir mediasiya təlimində maksimal 15 nəfərin iştirak edə biləcəyini nəzərə alaraq, bu şərtlər daxilində 1 iyul 2020-ci il tarixinədək “Mediasiya haqqında” Qanunun tələblərinə cavab verən mediasiya sisteminin qurulması qeyri-mümkün olub. Qeyd edilənlərin və vaxt məhdudiyyətini nəzərə alaraq, “Mediasiya haqqında” Qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəalarının qüvvəyə minmə tarixinin 1 yanvar 2021-ci il tarixinədək təxirə salınması məqsədəuyğun sayılıb.

Sahib Məmmədov (ictimai-siyasi xadim) — Vikipediya

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun dediyinə görə, “Mediasiya haqqında” Qanunun 3.2-ci və 28 və 29-cu maddələri iyulun 1-dən qüvvəyə minməli idi: “Bunun indiki şəraitdə baş tutmayacağı gözlənilən idi. Düşünürəm ki, müddətin artırılması düzgün addımdır. Çünki bu maddələrin qüvvəyə minməsi o demək idi ki, iqtisadi, ailə və əmək mübahisələri üzrə məhkəməyə getməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməliydilər. Bu üç növ mübahisələr üzrə məhkəməyə birbaşa müraciət dayandırılmalıydı. Mümkün idi ki, mübahisələr elə mediasiya mərhələsində həllini tapardı və məhkəmə olmaya bilərdi. Tərəflər bunu istəmədikdə belə, ən azı ilkin mediasiya sessiyasını keçməli, müvafiq sənədi əldə etməliydilər. Bu, özlüyündə çox mürəkkəb bir prosesdir. Nəzərə almaq lazımdır ki, həm iqtisadi, həm ailə, həm də əmək mübahisələri üzrə proseslər həddindən artıq çoxdur. Ən çox problemlər də bu 3 istiqamətdədir. Məsələn, mənim məşğul olduğum əmək mübahisələri ilə bağlı iddiaların heç 1 faizi təmin olunmur. Bu sahədə qanunvericilik bərbad vəziyyətdədir. Əmək Məcəlləsi indiki münasibətləri, ümumiyyətlə, tənzimləmir. Bu Əmək Məcəlləsi çərçivəsində hansısa mübahisələrə məhkəmələrdə baxılmasının özü problemdir, o ki qala mediasiya sessiyalarında”.

Liqa rəhbəri mediasiya institutu barədə əhalinin geniş məlumatlandırılmasını zəruri hesab edir: “Ölkədə ailə mübahisələri, xüsusilə alimentlərin ödənilməməsi ilə bağlı rəqəm çox yüksəkdir, dövlətin elan etdiyi 5 milyon məşğul əhalinin yalnız 1,6 milyonunun əmək müqaviləsi var. Qanunvericilikdə də müəyyən boşluqlar var. Buna görə təxirəsalınma labüd idi”.

S.Məmmədovun sözlərinə görə, mediasiya dünyada geniş yayılan bir institutdur, hətta beynəlxalq mediasiya institutları da var: “Dünyanın bir çox ölkələrində mediasiya, yaxud münsif məhkəməsi və sair adlarla mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə baxılması institutları var. Məsələn, İspaniyada ildə on minlərlə mübahisələr məhkəməyə  getmədən mediasiya institutları vasitəsilə həll olunur. Ümumi desəm, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Bizim xalqın qeyri-rəsmi mediasiya ənənəsi ta qədimdən var: ağsaqqallar, nüfuzlu şəxslər ailələrarası, nəsillərarası mübahisələri öz bildikləri ədalət prinsipləri əsasında həll edirdilər. Hətta bir çox hallarda qan davaları da bu yolla aradan qaldırılırdı. İndi bu adət-ənənə demək olar ki, tamamilə sıradan çıxdığı bir şəraitdə prosesi hüquqi müstəviyə keçirirlər. Buna görə də könüllü mediasiya institutunun işləyəcəyinə inanmıram, düzü”.

Boşanmaq istəyən ailələr üçün bu barışdırıcı mexanizmin nə dərəcədə effektiv olacağına gəldikdə isə hüquq müdafiəçisi deyib ki, ailə münasibətlərində qeyri-formal mediasiya həmişə olub: “Hər iki tərəfin qohumlarından ibarət olan tərkib onları barışdırmağa, boşanma fikrindən daşındırmağa çalışır. Bəzən bu görüşlər müsbət nəticə versə də, tərəflərin israrlı olduğu vaxtlar da olur. Mediatorların bu prosesə nə dərəcədə töhfə verəcəyini isə zaman göstərəcək. Ailə münasibətlərindən qaynaqlanan məişət zorakılığına qarşı mübarizədə ”Mediasiya haqqında” Qanun müsbət rol oynaya bilər”.

Azərbaycanda vətəndaş cəmiyyəti tərəfindən mediasiya institutlarının yaradılması təcrübəsi var: “Məsələn, Mətbuat Şurasının özü mediasiya institutu hesab oluna bilər. Mətbuatla müxtəlif qruplar arasında olan mübahisələr ilkin olaraq şurada müzakirə olunur. Bildiyim qədəri ilə mübahisələrin bir çoxu elə şuradaca həll edilir.Yəni belə cəhdlər var, amma əhalinin özündə buna maraq azdır. Könüllü nələrinsə olması mümkündür, amma hüquq müstəvisində olsa əhali buna necə maraq göstərəcək, bunu demək çətindir”.

Mediatorların ədalətli qərar verməsi mümkün olacaqmı? S.Məmmədov bildirir ki, mediatorun əldə edəcəyi qərar tərəflərin hamısının razılaşdığı qərar olacaq: “Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli mexanizmidir. Əmək, ailə, hətta kommersiya münasibətlərində yaranan mübahisələrin məhkəmələrdən kənar həll olunması üçün həyata keçirilir. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında formalaşmalıdır. Mediasiya könüllü xarakter daşıyır və heç bir halda mediatorlar vətəndaşların məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Tərəflərə mütləq şəkildə seçim sərbəstliyi verilir və məxfilik, tərəflərin hüquq və bərabərliyi qorunur. Adətən məhkəmə çəkişmələrində tərəflər arasındakı münasibətlər daha da gərginləşir və bu da həm prosesi uzadır, həm də çəkişən tərəflər arasındakı münasibətlərin birdəfəlik pozulması ilə nəticələnir. Mediasiya İnstitutu isə barış mövqeyinə üstünlük verir. Konfliktlərin həllindən sonra tərəflər arasındakı düşmənçiliyə son qoyulur. Mediator bir nəticə əldə edə bilmirsə, tərəflər arasında razılığa gəlinmə mümkün olmursa, bu zaman məhkəməyə müraciət hüququ saxlanır”.

Nəyə görə mübahisəyə məhkəmədə yox, məhz mediasiyada baxılmalıdır və bunun üstünlükləri nədədir?

Qanunu hazırlayanlar bildirirlər ki, mübahisənin belə həlli daha ucuz başa gəlir. Artıq işlənib hazırlanmış normativ aktlara əsasən mediasiya prosesi üçün ödəniləcək dövlət rüsumu məhkəmə xərclərindən az olacaq. Müvəffəqiyyətli mediasiya prosesinin nəticələri ilə bağlı ödənişləri isə tərəflərin özləri mediatorla bağlanmış könüllü müqavilə ilə müəyyən edəcəklər. Bundan başqa, mediasiya prosesində işlərə daha tez baxılaraq qərar qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal tərəflər üçün məcburi xarakter alır. Lakin məhkəmə mübahisələri uzun müddət vaxt aparır, bəzən illərlə insanlar məhkəmə qarşısında (məhkəmə çəkişmələrinə cəlb olunurlar) dayanırlar. Belə ki, yalnız qanunla müəyyən edilmiş müddətlər nəzərə alınarsa bir işə məhkəmədə baxılması, orta hesabla təxminən bir il müddət vaxt alır. Lakin hər bir işin xüsusiyyəti nəzərə alınaraq, əlavə ekspertizalar və yaxud digər hərəkətlər edilməsi zərurəti yarananda müddətlərin daha çox uzanması baş verir.  Amma “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində (Qanunun 24.7. maddəsi) başa çatmalıdır.

Əgər mediatorun peşəkarlığı tərəflərdən hər hansı birini qane etməzsə və yaxud mediatorun qərəzsizliyinə şübhə yaranarsa, hər hansı bir tərəf ondan imtina edə bilər, mediasiya sessiyasını tərk edə bilər. Mediatorun mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək, konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq hüquqları var. Musavat.com

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …