Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Cəmiyyət / Müasir ədəbiyyatımızda elmi-fantastik janr böhranı…

Müasir ədəbiyyatımızda elmi-fantastik janr böhranı…

Fantastika, əslində, heç vaxt mövcud olmayan bir düşüncə tərzidir. Müəyyən qədər də elmi düşüncə, riyazi və dəqiq hesablamalarla əlaqəlidir. Sözsüz ki, ədəbiyyatda, kinoda, təsviri incəsənətdə hər sənətkar fantastik janrdan istifadə edə bilmir. Ümumiyyətlə, Azərbaycanda fantastik janr elə də güclü inkişaf etməyib. Amma, bununla belə, bu janrın tələblərinə cavab verən əsərlər yaranıb.

Bəzi ədəbiyyatşünaslar hesab edirlər ki, fantastik janr insanları gələcəyə, başqa dünyalara aparan bir ədəbiyyat janrıdır.

Qeyd edək ki, dünya ədəbiyyatında bu janrın təmsilçiləri olan Jül Vern, Ayzek Əzimov, Rey Bredberi və başqalarının əsərlərində rast gəlinən bir sıra kəşflər sonralar elmdə öz təsdiqini tapıb. Azərbaycanda fantastik janrın əsas nümayəndələrindən biri Emin Mahmudovdur. Bu janrda yazanlardan biri isə Namiq Abdullayev olduğu bildirilir. N.Abdullayev (“Sehirli oğlan”, “Balaca kiberin macəraları, “Gecələr uzanaydı”, “Piyada vəzirə çevrilir”) və Emin Mahmudov (“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb olmuş səslər”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”, “Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə“, “Günün nəfəsi”, “Atlant qızı“ və s.)  fantastik janrda bir neçə kitabın müəllifidirlər. Bəzi ədəbiyyatşünaslar hesab edir ki, xalq yazıçısı Anarın “Əlaqə” povesti də bu janrda yazılan maraqlı əsərlərdən biridir. Elmi-fantastik janrda yazanlar sırasında riyaziyyat elmləri doktoru, professor Elmira Zamanova, Çingiz Abdullayev və digər müəlliflərin adlarını çəkmək olar. Ancaq təəssüf ki, bu gün həmin janrda yazan müəlliflərin bəziləri artıq həyatda yoxdur.

Ədəbiyyatşünas Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, bu janr hazırda Azərbaycanda yazıçıların marağını çəkmir. Onun sözlərinə görə, indi elm-fantastik janrda müəyyən əsərlərə rast gəlinir. O hesab edir ki, Anarın “Ağ qoç, qara qoç” əsəri də sırf bu janrda yazılıb: “Anarın “Qırmızı limuzin” əsəri özü fantastik əsərdir. Ancaq təəssüf ki, bu gün bu janrda yazanlar çox azdır. Fantastik janr ədəbiyyatımızda çox solğun görünür. Onu da vurğulayım ki, elmi fantastikanın ilk nümunəsini “Yeni Atlantida” adlı əsəri ilə F.Bekon yaradıb. “Elmi fantastika” termini özü isə çox sonralar formalaşıb. İlk dəfə Hüqo Hernsbek 1920-ci ildə Amerikada məşhur fransız fantast yazıçısı Jül Vernin əsərlərini oxuyandan sonra bu termini işlədib. Qeyd edək ki, Jül Vern dünya ədəbiyyatında fantastik janrın banisi hesab olunur. Azərbaycan ədəbiyyatında isə elmi-fantastik janrın ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək şəhər” hekayəsidir.

Anarın “Əlaqə” povestinin də bəzən elmi-fantasik janr nümunəsi kimi önə çəkildiyini qeyd etmək istəyirəm. Bu barədə mərhum professor Qara Namazov “Azərbaycan uşaq ədəbiyyatı” kitabının “Elmi-fantastika” bölməsində belə qeyd edirdi: “Son illərdə ədəbiyyatımızda yaranan elmi-fantastik əsərlər içərisində Anarın “Əlaqə” povesti orijinal mündəricəyə malikdir”. Professorun fikrindən də göründüyü kimi, Anarın əsəri bu tələbata cavab verir. Azərbaycan elmi-fantastik ədəbiyyatının görkəmli nümayəndəsi sözsüz ki, Emin Mahmudovdur. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil. Belə yazıçılardan biri də, qeyd etdiyim kimi, E.Mahmudovdur. O yalnız yazıçılıq fəaliyyəti ilə məşğul olmamış, həm də tərcüməçi, jurnalist, publisist, redaktor kimi tanınıb. Elmi-fantastika janrında yazılan ədəbiyyat həm dəqiq, həm təbiət elmləri, həm də humanitar elmlər

sahəsində fantastik ideyalara, fikirlərə, bəzən də spekulyasiyalara əsaslanır. Elmi fantastika təxəyyül məhsulu olan texnologiyaları və elmi kəşfləri, insana məxsus olmayan şüurla əlaqəni, mümkün gələcəyi və tarixin alternativ inkişafının gedişatını, həmçinin, bütün bunların insan cəmiyyətinə və şəxsiyyətinə təsirini təsvir edir. Bu janrda yazılmış əsərlərdə hadisələr adətən gələcəkdə baş verir”.

L.Məmmədəliyeva bildirir ki, bu janrın meydana çıxması XIX əsrdəki sənaye inqilabı ilə bağlıdır. O hesab edir ki, ilk əvvəllər elmi-fantastika elm və texnikanı, onların inkişaf perspektivlərini təsvir edən elmi janr kimi yaranıb. Bu dövrdə gələcək daha çox utopiya şəklində təsvir olunurdu. “Qeyd etdiyim kimi, E.Mahmudov bu sahədə yazan ilk yazarlarımızdan biri olduğu üçün, müəyyən

çətinliklərlə qarşılaşıb. Lakin rus və dünya elmi-fantastik janrının ən gözəl nümunələrini mütaliə etməsi, elm və texnikanın nailiyyətləri ilə yaxından tanış olması ona böyük kömək edib. E.Mahmudov zaman keçdikcə, daha irihəcmli əsərlər yazmağa başlayıb. Yazıçı elmi-fantastika janrında povestlərin və çox sayda hekayənin müəllifidir. Görkəmli yazıçımızın əsərləri əsasən uşaq və yeniyetmələrə ünvanlandığı üçün, bu əsərlərin xüsusilə uşaq kitabxanalarında təbliğinə böyük ehtiyac var” – deyə bildirən ədəbiyyatşünas qeyd edir ki, E.Mahmudov Azərbaycandan Amerika Birləşmiş Ştatlarına köçüb və 2009-cu ildə orada vəfat edib. Ədəbiyyatşünas qeyd etdi ki, E.Mahmudovun “RT-1” adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə “Pioner” jurnalında dərc edilib. Yazıçının “Günəş şəhəri” adlı ilk elmi-fantastik hekayələr toplusu 1953-cü, “Muğanda qütb parıltısı” adlı hekayələr toplusu isə 1954-cü ildə çapdan çıxıb: ”E.Mahmudov elmi-fantastika janrında “Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Zülmət dənizi”, “Atlant qızı” və s. povestlərin müəllifidir. Hesab edirəm ki, elmi-fantastik janrı uşaq və yeniyetmələr arasında təbliğ etmək lazımdır. Bu onlar üçün həm faydalı olar, həm də hədsiz dərəcədə maraq kəsb edər. Düşünürəm ki, bu məqsədlə uşaq kitabxanalarında, məktəb, lisey və gimnaziyalarda E.Mahmudovun və elmi-fantastik janrın digər nümayəndələrinin əsərləri təbliğ edilməlidir. Elmi-fantastik əsərlər uşaqların dünyagörüşünün formalaşmasında müstəsna rol oynayır”.

Uşaq yazıçısı Sevinc Nuruqızı da hesab edir ki, bu gün Azərbaycan ədəbiyyatında fantastik janrın yeri görünür. Yazıçı hesab edir ki, elmi-fantastik janr uşaqların yaddaşında böyük bir cığır açır. Bu janrda kitablar mütaliə edən uşaq və yeniyetmələrin gələcəyə daha məqsədyönlü şəkildə getdiyini deyən S.Nuruqızı qeyd etdi ki, bu janrın təbliğatına önəm verilməlidir: “Bu gün Azərbaycan

ədəbiyyatında fantastik janrda boşluq var. Bir-iki əsərlə bu janrın yerini doldurmaq olmaz. Hazırda peşəkar səviyyədə fantastika janrında yazan yazıçılarımız yoxdur desəm yanılmaram. Bu sahədə əsərlər var, amma azdır. Bu gün dünya ədəbiyyatında bu janr özünün böyük inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə yeni maraqlı əsərlər yaranır. Ümumiyyətlə, elmi-fantastik janrda yazan adam həm savadlı, həm duyğusu güclü olmalı, eyni zamanda da dəqiq elmləri bilməlidir. Çünki vaxtilə fantastika yazan yazıçıların əsərlərində toxunulan məsələlər sonradan əksər hallarda elmi kəşfə çevrilib. Yəni əsərdə əks olunan bir məsələ sonra hansısa bir alim tərəfindən kəşf edilib”.

Ədəbiyyatşünas Təranə Turabqızının qənaətinə görə də Azərbaycanda fantastik ədəbiyyatın inkişafına böyük ehtiyac var. O hesab edir ki, bu gün yazıçılar sanki bu janrdan qaçırlar: “Elmi-fantastik janr bu gün dünyada həqiqətən də özünə böyük oxucu kütləsi qazanıb. Vaxtilə bizdə də fantastik janrda yazan yazıçıların əsərləri şagirdlərin stolüstü kitabı idi. Bu gün də o əsərlərin yenidən çapına və təbliğinə böyük ehtiyac var. Düşünürəm ki, Sovet dövründə uşaq və yeniyetmələr üçün yaranan ədəbiyyat nümunələrinə bu gün də diqqət ayrılmalıdır. Bu gün o meyar itsə də, Sovet dövründə hər yaş kateqoriyasının özünə aid ədəbiyyat vardı. Bu gün də belə olmalıdır. Pis, yaxşı uşaq ədəbiyyatı var, böyüklər üçün də ədəbiyyat yaranır, amma yeniyetmə və gənclər üçün ədəbiyyat yaranmır. Elmi-fantastik janr məhz yeniyetmə və gənclər üçün nəzərdə tutulurdu. Düşünürəm ki, elmi-fantastik janrda yazanlar olmalıdır. Əslində, bu janra dünya ədəbiyyatında tələbat çox böyükdür. Vaxtilə bu janrda çox olmasa da, yazanlar olub. Bugünkü yazıçıları qınamıram, bu çox çətin janrdır. Bu janrda yazmaq üçün gərək yazıçının elmi bilikləri olsun”.

T.Turabqızı bildirir ki, bu sahədə gənclər öz qələmlərini sınaya bilərlər. Bu gün gənclər arasında istedadlı yazarların olduğunu deyən T,Turabqızı hesab edir ki, bu sahədə müsabiqələr élan edilərsə, gənclər arasında bu janra maraq artar. “Elm sahəsində yazmaq qabiliyyəti olan gənclər var. Onlara stimul vermək lazımdır ki, öz yaradıcılıq potensiallarını üzə çıxara bilsinlər”- deyə ədəbiyyatşünas qeyd etdi.

İradə SARIYEVA

VIPedu.BIZ

Həmçinin oxuyun

İki rəsmi qurum bir-birini ittiham etdi – VİDEO

Noyabrın 17-də sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …