Ana səhifə / Cəmiyyət / Müəllimi yutuberə, tiktokerə çevirənlər – Nazirin “Təhsil vloqeri” nəyə hesablanıb?

Müəllimi yutuberə, tiktokerə çevirənlər – Nazirin “Təhsil vloqeri” nəyə hesablanıb?

Təhsil Nazirliyi “Təhsil vloqeri” müsabiqəsinə başlayıb. Müsabiqədə müəllimlər iştirak edəcək və dərs anını çəkib paylaşacaqlar. Bunun açması odur ki, müəllimi müəllimlə yox, yutuberlərlə, influnzerlərlə, tiktokerlərlə, sosial media fenomenləriylə yarışdıracaqlar.

Çox sahə var ki, orada populizmə dözmək olar, başa düşərsən ki, yəqin belə məsləhət görüblər. Ancaq təhsillə populizmi bir yerdə təsəvvür edə bilmirəm. 

Əvvəllər, səhv etmirəmsə, çinli müəllimlərlə başladı bu adət. Sinif otağının qapısında şagirdləri səmimi qarşılayan müəllim videolarıyla, buna oxşar kadrlarla qəşəngcə aldadıldıq. Sonra bu iş o həddə gəlib çatdı ki, təhsil naziri belə rayon səfərlərində hansı müəllim fenomen olubsa, onun sinfinə, onun şagirdlərinə baş çəkəsi oldu, digərləri unuduldu. 

Müəllimlərin fenomenləşdirilməsi təhsil üçün zərərli tendensiyadır. Bir yerdə fenomen varsa, deməli orada sistem yoxdur, işləmir. Müəllim dediyin metodikasıyla, pedaqoji yanaşmasıyla fenomen olar. Əgər müəllim dərs vaxtı çəkiliş edərkən və ya pedaqoji bacarığını nümayiş etdirərkən video çəkməyə ehtiyac duyursa, o videoda bircə nəfər şagirdini istifadə edirsə, onda deməli hələ müəllim olmağına çox var. 

Bu müsabiqənin və belə ideyalara söykənən layihələrin adı “təhsil vloqeri” qoyulmaqla deyil, nəticədə hamımız yutuber, tiktoker, influnzerlərlə tanış olacağıq. Müəllim sosial şəbəkələrdə reaksiya almaq, özünü alqışlatmaq, paylaşılmaq məcburiyyətində qoyulur. Müəllimlər pedaqoji nailiyyətləri, şagirdlərinin təhsil göstəriciləri yerinə aldığı layklarla yarışacaqlar.

“Kanalıma xoş gəlmisiniz” deyən müəllimləri qəhrəmanlaşdıracağıq. Niyə? Çünki, təhsil nazirliyimiz kommunikasiyanı çox arzulayır, amma yanlış anlayır. Yanlış anladığı üçün də eyni anda həm valideynlərə, həm də müəllimlərə şirin görünməyə çalışır. Bir ölkənin təhsil siyasəti valideynlərin istəklərinə, müəllimlərin arzularına görə yox, uşaqların ehtiyaclarına görə formalaşdırılır. Daha çox layk almaq, daha çox paylaşılmaq isə uşaqların ehtiyacı deyil, olsa-olsa təhsil kommunikasiyasını qura bilməyənlərin ehtiyacıdır.

Rizvan Qənbərli

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …