Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / MTN polkovniki İlqar Əliyevin ölümündən 1 il ötdü

MTN polkovniki İlqar Əliyevin ölümündən 1 il ötdü

 

Dekabrın 20-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun kadrı İlqar Əliyevin müəmmalı ölümünün 1 ili tamamlandı. Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev E.Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra – 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. 

Az bir vaxtda İ.Əliyevə ittiham elan edib onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı və 2015-ci il dekabrın 20-də onunu kəndirdən asılmış meyitini saxlanıldığı kamerada aşkar etdilər.  Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır…

İ.Əliyevin ölümünün ildönümündə dəfn olunduğu Bakıdakı “Qurd qapısı” qəbiristanlığa baş çəkdik. MTN polkovnikinin məzarı qəbiristanlığın dərinliklərində, vaxtilə ermənilərin dəfn olunduğu məzarlıqdan sonradır. Məzarın ətrafında 5-6 qadın dövrə vurub ağlayır, kənarda bir şəxs isə onları müşahidə edirdi. Yaxınlıqda iki bahalı maşın dayanmışdı –  Az 10 RM 333 nömrə nişanlı “Range Rover Sport” və Az 10 AR 002 nömrə nişanlı “Toyota Camry”. 

Bayaqdan qadınları müşahidə edən şəxs yaxınlaşıb “siz buradasızsa, mən gedim” söylədi. Onun kimliyini xəbər aldım. “İlqar Əliyevin qardaşısız” başının işarəsi ilə “yox” cavabı verib maşına əyləşdi və ərazidən uzaqlaşdı. Qadınlar isə məzarın ətrafında ağlayır, İlqar Əliyevin övladlarının yetim qalmasını dönə-dönə təkrarlayırdılar. Az sonra qadınlar məzarın ətrafından “Range Rover Sport”a tərəf addımlamağa başladılar. Bayaqdan məzarı qucaqlayıb “ay qardaş” deyib ah-zar edib ağlayan xanıma yaxınlaşıb söhbətə çəkdik. Özünü təqdim etməsə də,  danışığından İ.Əliyevin bacısı olduğu anlaşılan bu xanım suallarımıza “hər şeyin vaxtı var, hər şey bilinəcək, hər kəs cavabını alacaq” cavabını verməklə kifayətləndi. Həmsöhbətimiz olan qadın “Range Rover Sport”un sükanı arxasına keçdi və digər qadınlar da maşına əyləşib ərazini tərk etdilər.

Qeyd edək ki, İ.Əliyevin ölümündən ötən 1 il ərzində ölümü ilə bağlı yayılan rəsmi məlumatı şübhə altına alan kifayət qədər əsaslı dəlillər ortaya çıxıb. İlqar Əliyevin BİT-dəki kamerada özünü asmaq istəyinin sadəcə, mümkünsüz olduğu ortaya qoyulub. Üstəlik, onun ölümündən 2 gün sonra BİT-dən onun kamera yoldaşı olduğu deyilən digər məhkum Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İlqar Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.

Ümumiyyətlə isə bu gün də polkovnik İlqar Əliyevin BİT-də özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. İlqar Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda hallanıb. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında İlqar Əliyevin barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.

(Musavat.com)

 





 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın