Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / MTN İŞİNDƏ ADI ŞÜBHƏLİ MƏQAMLARDA HALLANAN, LAKİN AZADLIQDA QALAN  ELŞƏN HÜSEYNOV KİMDİR?

MTN İŞİNDƏ ADI ŞÜBHƏLİ MƏQAMLARDA HALLANAN, LAKİN AZADLIQDA QALAN  ELŞƏN HÜSEYNOV KİMDİR?

Məlum olduğu kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova və Akif Çovdarovun oğlu ilə qızı da “MTN işi” çərçivəsində şahid qismində dindirilib.

Mia.az saytına ləğv edilən MTN-nin sabiq nazirinin müavini, hazırda da azadlıqda olan general Hilal Əsədovun həyat yoldaşı, 14 saylı Uşaq poliklinikasının baş həkimi Nüşabə Əsədova ilə Akif Çovdarovun övladlarının istintaqa verdiyi ifadəsi əsasında senasiya sayılacaq faktlar daxil olub.

Xatırladaq ki, lent.az-ın məlumatına görə, Nüşabə Əsədova əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.

O, istintaqa ifadəsində bildirib ki, Hilal Əsədovla 1979-cu ildə ailə həyatı qurub, onların birgə nigahdan 1 qız övladları var, özü isə 2007-ci ildən 14 saylı uşaq poliklinikasının baş həkimidir.

Nüşabə Əsədova ifadəsində deyib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov əhali arasında “Vasmoy bazarı” kimi tanınan meyvə-tərəvəz satış mərkəzini almaq istəyib: “Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı”.

Nüşabə Əsədova ifadəsində qeyd edir ki, bazarı atası sonradan ona bağışlayıb: “Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümümiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi”.

Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib: “Hilalın xidməti işi bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib”.

İstintaqa ifadə verən Hilal Əsədov qayınatası Ənvər Məmmədov isə bildirib ki, 2005-ci ildə kürəkəni ona zəng edərək “Vasmoy bazarı” kimi tanınan meyvə-tərəvəz satış mərkəzinin 450 min dollara satılır: “Hilalla birlikdə 225 min dollar topladıq və bazarın 50 faizini Çingiz Əsədovdan aldıq. Bazar alınanda “Maral-Veqa” MMC-nin tərkibindəydi. Bazar alınandan sonra Elşən Hüseynov “Nəzrin E” MMC-ni yaratdı. Bazarın 50 faizi Elşənin, 50 faizi isə mənim oldu. Bir müddətdən sonra 50 faizlik payımdan 49-nu qızım Nüşabəyə bağışladım. 2007-ci ildədək bazarda direktor oldum, sonra səhhətim imkan vermədi”.Göründüyü kimi

Göründüyü kimi, iki general Bakının ən böyük bazarını ailə üzvlərinin adına rəsmiləşdirərək, çox rahatlıqla pul qazanıblar. Oysa ki, bazarın keçmiş sahibləri əmlaklarının necə, hansı forma və təhdidlərlə əllərindən alınması haqda mətbuata ətraflı danışıblar.

Biz isə təkrarçılığa getmədən bütün bunların fonunda digər bir nüansa diqqət çəkəcəyik.

Mia.az-ın əldə etdiyi məlumada istər Nüşabə Əsədovanın, istərsə də Akif Çovdarovun qızı və oğlunun ifadələrində adı “qırmız xət”lə keçən Elşən Hüseynovla bağlı maraqlı faktlardan söz açılır.

Axı, kimdir bu adam? Niyə bazarla bağlı bütün danışıq və alqı-satqılarda Elşən Hüseynovun adı hər addımda qabarıq formada çəkilir?

Məlumata görə, Elşən Hüseynov sıradan bir sahibkar olmayıb. Onun istər keçmişi, istərsə də indiki vəziyyəti, qohumlarının kimliyi və sair faktlar bəzi “qaranlıq” nüanslara işıq sala bilər.

…Elşən Hüseynov əvvəllər orduda – xüsusi təyinatlı dəstədə xidmət edib.

O, tağım komandiri olub. Sonradan Hәrbi Әks Kәşfiyyat Xidmәtinә әmәliyyatçı keçirilib:

“Onun qardaşı və yaxın qohumları polis və məhkəmə sistemində də mühüm vəzifələr tutur. Məsələn, Elşən Hüseynovun qardaşı Vüqar Hüseynov uzun müddətdir yol polis sistemində işləyir.

Vüqar Hüseynov əvvəllər Baş Dövlət Yol Polisi İdarəsində çalışıb. 2014-cü ildə Xәtai QAİ-nin rәisi təyin olunub. Bu ilin oktyabr ayında isə, o, Binəqədi yol polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb”.

Elşən Hüseynovun bibisi oğlu Mayıl Bayramov da Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin hakimidir.

Hakim Mayıl Bayramovun kürəkəni də polis sistemində mühüm vəzifə tutur…

Maraqlı məqam budur ki, əslən Tovuz rayonundan olan Elşən Hüseynovun saxlanılması və ya istintaqa ifadə verməsi barədə hər hansı bir xəbər yoxdur.

Bəzi iddialara görə, o, səhhətindəki problemləri əsas gətirərək, istintaqdan yaxa qurtarmağa cəhd edir…

Bu və ya digər iddialarla bağlı araşdırmalarımız davam edəcək.

Yazıda adları hallanan şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın