Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / MTN-in nüfuzunu bərpa etmənin yolları və mümkünlüyü

MTN-in nüfuzunu bərpa etmənin yolları və mümkünlüyü

 

MTN ətrafında baş verən hadisələr ürəkaçan deyil. Etibar edilərək dövlətin ən mühüm strukturuna yerləşdirilən bəzi kadrlar həm onlara göstərilən etimadı doğrultmayıblar, həm də bu cür ciddi qurumun adına ləkə gətiriblər.
Biz görürük ki, mediada bu mövzu ilə bağlı səsləndirilən tənqidlərdə haqlı olaraq MTN-nin adı çəkilir. Başqa cür təqdimat heç ola da bilməz. Çünki həmin xoşagəlməzliklər məhz orada yaşanıb. Təbiidir ki, bu mövzu ətrafında şişirtmələrə də yol verilir. Bəzən dezinformasiya xarakterli informasiyalar da mətbuata ayaq açır.
Təsadüfi deyil ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) son günlər yayılan məlumatlara öz rəsmi münasibətini bildirib. Qurumun İctimai Əlaqələr İdarəsinin məlumatında deyilir:

“Son vaxtlar intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. O da qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir”.
Qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir.
Göründüyü kimi, MTN yenə əmin əllərdə olduğunu bəyan edir.
Bu baxımdan da son hadisələr nəticəsində qurumun imicinə dəyən zərərin aradan qaldırılması zərurəti yaranır. Bunu necə etmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, son hadisələr nə qədər ürəkaçan olmasa da, biz MTN-in nüfuzu barədə də düşünməliyik:

“Desək ki, bunun MTN-in nüfuzuna zərrə qədər də olsun zərəri olmadı yanılarıq. Bəlli oldu ki, bu cür strateji əhəmiyyətli quruma çoxlu sayda diletant yerləşdirilib. Rəhbər vəzifəli şəxslər böyük var-dövlət içində yaşayıb. Səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olublar. Bunun da nəticəsində ifşa edilən məlumatlar belə çox olur. MTN-in nüfuzunu özünə qaytarmaq üçün ilk növbədə həmin qurumun tərkibində böyük dəyişiklik aparılmalıdır.
Söhbət ciddi kadr islahatından gedir. Sonra isə korrupsiyanın kökü tamamilə aradan götürülməlidir. Bahalı, dəbdəbəli həyat tərzi və maşınlardan imtina edilməlidir. Ölkənin xaricində, xüsusilə də Ermənistanda ciddi agentura şəbəkəsi yaradılmalıdır. Xüsusilə də rəhbər vəzifələrə əməliyyat işini gözəl bilən peşəkarlar təyin olunmalıdır. Yalnız bunlardan sonra MTN-in əvvəlki nüfuzu özünə qayıda bilər. Mediamız da qurumun adı ilə bağlı tənqidlərə ara verməlidir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın