Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / MTN-də tədbir

MTN-də tədbir

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 9 May – faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. MTN-nin İctimai Əlaqələr İdarəsindən Trend-ə bildiriblər ki, toplantıda Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan – general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, ulu öndərin abidəsi önünə gül dəstəsi qoymuşlar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olmuşlar.

Akademiyanın akt zalının foyesində İkinci Dünya müharibəsindən görüntüləri əks etdirən fotosərgi qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

MTN-in Heydər Əliyev adına Akademiyasının rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir iştirakçılarını faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, belə bir tədbirin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təşkil edilməsinin xüsusi mənası və gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti vardır. Ümummilli lider Heydər Əliyev demişdir: «Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Bu da həqiqətdir ki, İkinci Dünya mübaribəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaratdılar».

Diqqətə çatdırılmışdır ki, faşist Almaniyasının keçmiş Sovetlər Birliyinə hücum planlarında Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Bu da səbəbsiz deyildi, alman komandanlığı Bakı neftinə böyük önəm verirdi. Məhz buna görə də faşistlər Bakını 1941-ci ilin sentyabr ayının sonunadək, yəni müharibə başlanan gündən üç ay müddətində işğal etmək niyyətində idilər. Bu ərəfədə qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, xalqımız bu qanlı müharibənin əvvəlindən sonunadək fəal iştirak etmişdir. Azərbaycanın bütün canlı qüvvəsi və maddi sərvətləri bütünlüklə faşizmə qarşı müharibəyə cəlb edilmişdir. İ.Allahverdiyev bildirmişdir ki, müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getmişlər. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılmış və artıq 1941-ci ilin sonunda bu dəstələrdə 187 min nəfər döyüşçü vardı. Onlardan 30 mindən çoxu qadınlar idi. Ümumilikdə isə 1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilmişdir. Müharibənin əvvəlində azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı diviziyalar formalaşdırılmış, 227 və 346-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil etmişlər.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər daha çətin hərbi əməliyyatların getdiyi, odlu-alovlu cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Stalinqrad şəhərləri, Ukrayna, Belarus, Pribaltika respublikaları uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasının və canlı qüvvəsinin məhvində, yaşayış məntəqələrinin işğaldan azad olunmasında və Berlinin süqutunda fəal iştirak etmişlər. Bu yolda çoxları fədakarlıqları, ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Azərbaycanın oğul və qızları döyüş cəbhələrinin bütün istiqamətlərində igidliklə vuruşmuşlar. Bir faktı xatırlatmaq kifayətdir, faşistlərin ilk gündən xaincəsinə hücumlarının qarşısının alınmasında 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsədək qala uğrunda mərdliklə döyüşmüşlər. 1941-ci ildə Novqorod yaxınlığındakı döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Müharibə dövründə 3 mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada, Yuqoslaviyada və başqa dövlətlərin ərazilərində müqavimət hərəkatında və partizan dəstələrində faşistlərə qarşı igidliklə vuruşmuşlar. Onlardan Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu və başqalarını göstərmək kifayətdir.

Qeyd edilmişdir ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın adamdan 300 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibədə göstərdikləri şücaətə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş, 30 nəfəri “Şərəf” ordeni, 170 min Azərbaycan əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları – İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Hüseynbala Əliyev, Qafur Məmmədov, İdris Süleymanov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni səhifələr yazmışlar. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etmişdir.

Vurğulanmışdır ki, mübaribə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və hərbi texnikanın motor yağı və benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. Daha dəqiq desək, o dövrdə Sovetlər Birliyində istehsal edilən neftin 70-75%-i, benzinin isə 85-90%-i Azərbaycanın payına düşürdü.

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında Ümummilli lider Heydər Əliyev demişdir: «Əgər Bakının nefti olmasaydı Sovetlər İttifaqının qələbəsi mümkün deyildi». Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: «Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur».

General-mayor İ.Allahverdiyev bildirmişdir ki, Azərbaycan bu gün də müharibə şəraitində yaşayır, torpaqlarımızın iyirmi faizdən çoxu düşmən tapdağı altındadır, bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi didərgin düşmüşdür. Lakin möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bu gün apardığı xarici və daxili siyasət, iqtisadi inkişaf və ordu quruculuğu üçün gördüyü işlər bizim qəhrəman xalqımızın bu müharibədə də qələbə qazanacağına ümidlərimizi daha da artırır.

Daha sonra, tədbirdə çıxış edən general-mayor Bahadur Hüseynov və polkovnik-leytenant Bəxtiyar Süleymanlı İkinci Dünya müharibəsində keçdikləri döyüş yolundan və müharibənin vurduğu fəsadlardan geniş bəhs etmiş, alman faşizmi üzərində qazanılmış tarixi qələbədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki misilsiz rolundan danışmışlar.

Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə də yüksək peşəkarlıq nümünələri göstərmişlər. Müharibə dövründə Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı-casusu aşkara çıxarmış və həbs etmişdir. Onlardan 31 nəfər Auşvis, 25 nəfər Lyukenvald, 12 nəfər Tavel, 14 nəfər Zamberq, 12 nəfər Tennel kəşfiyyat-təxribat məktəblərini bitirmiş, 13 nəfəri Gestaponun, 6 nəfəri isə «Dromidar-Abver» qrupunun casusu idi. Həmin vaxtda, habelə döyüşən Sovet ordusunun arxasında təyyarə ilə göndərilmiş və faşistlərin kəşfiyyat tapşırıqlarını əməli surətdə həyata keçirən 37 casus aşkar edilmişdi. Müharibə ilərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə casuslar göndərmişdir. Lakin Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları daim sayıqlıq nümayiş etdirərək onları ifşa etmişlər. Məhz onların gərgin səyi və yüksək peşəkarlığı nəticəsində respublikanın rayonlarında və Bakı şəhərində 28 belə təxribatçı-casus tutulmuşdur.

Veteranlarımız, eyni zamanda, həmin qadalı-qurbanlı müharibə illərində bütün mərhumiyyətlərə baxmayaraq, xalqımızın göstərdiyi fədakarlıq nümunələrinin indiki gənc nəsil üçün vətəni sevmək örnəyi daşıdığını bildirmiş, Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi üçün gənclərimizi daha mübariz və vətənpərvər olmağa səsləmişlər.

Akademiyanın dinləyicisi leytenant R.Musayev, kursantlar T.Nemətli və M.Məmmədov təhsil müəssisəsinin bütün gəncləri adından çıxış edərək bildirmişlər ki, xalqımızın zəngin qəhrəmanlıq, igidlik və şücaət tarixinin və irsinin layiqli daşıyıcıları olaraq Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlar. Ölkəmizin bütün gəncləri kimi Ulu öndər Heydər Əliyevin müstəqillik və dövlətçilik strateji xəttini dəstəkləyəcəklərini, onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda bütün qüvvə və səylərini səfərbər edəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini qeyd etmişlər.

Tədbirin sonunda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri rəşadətlər barədə film nümayiş etdirilmişdir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın