Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Motosiklet qəzasında həlak olan kuryerin valideynləri ölkə rəhbərliyinə müraciət etdi – VİDEO

Motosiklet qəzasında həlak olan kuryerin valideynləri ölkə rəhbərliyinə müraciət etdi – VİDEO

Dominos Pizza”nın qəzaya düşərək dünyasını dəyişən kuryeri Ülvi Məmmədovun valideynləri işin obyektiv araşdırılmadığını bildirirlər. 

Yenisabah.az-a müraciət edən Esmira Məmmədova və Hüseyn Məmmədovun sözlərinə görə, baş vermiş hadisə Nərimanov Rayon Polis İdarəsində araşdılır. İş müstəntiq Etibar Hüseynovun icraatındadır.

Esmira Məmmədova deyir ki, müstəntiqdən kamera görüntülərini tələb etsələr də, hər dəfə bir bəhanə gətirir.

“Oğlumun qəza keçirdiyi ərazidə 6 kamera var. Deyirik ki, kamera görüntülərini göstərin görək oğlumuz necə qəzaya düşüb. Gah deyir kameralar işləmir, gah da bizi get-gələ salır. Biz hələ də bilmirik ki, oğlumuz qəzaya necə düşüb. Yəni, öz təqsiri üzündənmi olub, yoxsa başqa səbəb var.

Mən heç kimi əsassız yerə ittiham etmək istəmirəm. Amma müstəntiqin bizə məlum olmayan səbəbdən işin obyektiv araşdırılmasında həvəsli görünməməsi bizdə şübhələr yaradıb. Axı kamera görüntülərinin təqdim edilməsi nə çətin işdir ki, bunu etmir?! Biz də istəyirik görək hadisə necə olub?

Mən iddia etmirəm ki, oğlumu öldürüblər. Başa düşürəm qəzadır. Amma bu qəza necə baş verib, onu bilmək mənim haqqımdır. Mən övlad itirmişəm. Mayın 23-dən bu yana gözümə yuxu getmir, ağlamaqdan gözlərim tutulub. Atasının beli bükülüb. Bu yandan da müstəntiqin belə eləməsi bizi çox ağrıdır”, – deyə Esmira Məmmədova bildirib.

Ülvi Məmmədovun anası daha sonra bildirib ki, kamera görüntüləri ilə bağlı dəfələrlə müraciət edib. 

“Bizə ekspertizanın rəyindən danışırlar. Amma rəyi göstərmirlər. Hadisənin baş vermə səbəbini deyirlər, amma əsaslandırma yoxdur. Qısası, dedikləri hər bir söz adamda şübhə yaradır. Ona görə də kamera görüntülərini tələb edirik”, – deyə Esmira Məmmədova əlavə edib.

Mərhumun valideynləri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib: “Cənab Prezident, hörmətli Mehriban xanım, cənab nazir, sizə bir ana kimi müraciət edirəm. Mən övlad itirmişəm. Fəhlə işləyən, öz zəhmətilə dolanan bir övlad. Bu, məni çox sarsıdıb.

Mənim istəyim sadəcə onun necə, hansı şəraitdə qəzaya düşdüyünü öyrənməkdir. Bunun üçün kamera görüntüləri kifayət edir. Mən kimisə ittiham etmirəm, kiməsə böhtan atmıram, oğlumun ölümündə kimisə qınamıram. Çünki heç nə bilmirəm. Bu günə qədər bir valideyn kimi mənə bəlli deyil ki, oğlum necə qəzaya düşüb. Qəzadan 1 aya yaxın vaxt keçib. Bu müddət ərzində bizə yalnız ekspertizanın rəy verdiyini deyiblər. Amma bu rəyin də əsaslandırması yoxdur.

Sizdən artıq dərəcədə xahiç edirəm ki, bu işi nəzarətinizə götürəsiniz. Ümid edirəm ki, övladını itirən bir ananın bu müraciətinə biganə qalmayacaqsınız”.

Bildirək ki, Ülvi Məmmədov mayın 23-də Atatürk prospektində qəzaya düşüb və aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Sosial şəbəkələrdə bildirilirdi ki, gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır.

Lakin “Domino’s Pizza” deyilənləri təkzib edib. “Sosial mediada müzakirə edilən məqam, gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzanın ödənişinin işçilərimizdən alınması haqqında olan mənbəyi bəlli olmayan səhv məlumatdır”, – deyə şirkətdən bildirilib.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …