Cümə , İyul 19 2019
Ana səhifə / Cəmiyyət / “Moskva” Ticarət Mərkəzində nə baş verir?

“Moskva” Ticarət Mərkəzində nə baş verir?

Sahibkarlar rəhbərliyin əlindən cana yığılıblar

Son zamanlar “Moskva” univermağıyla bağlı şikayətlərin ardı-arası kəsilmir. Univermağın fəaliyyəti nə müştərilərin, nə də satıcıların ürəyincə deyil. Belə ki, rəhbərlik gündə bir qərar çıxararaq satıcıların başına oyun açır. Dəfələrlə “Moskva” ticarət mərkəzində gah aksiyaların keçirildiyini, gah da univermaqda yanğının baş verdiyini görmüşük. Hazırda orada çalışan satıcılar rəhbərliyin fəaliyyətindən narazı olduqlarını bildirirlər. Belə ki, redaksiyamıza daxil olan şikayətlərə əsasən deyə bilərik ki, mağaza rəhbərliyi satıcılardan aldığı icarə pulunu yenə artırıb. Satıcılar rəhbərliyin əlindən cana gəldiklərini bildirirlər: ” Rəhbərlik gündə bir qərar çıxarır. Biz nə qazanırıq ki, hələ bu qədər də yerpulu ödəyək. Hələ dolların məzənnəsinin qalxması ilə əlaqədar demək olar ki, univermaqda yerləşən bütün ticarət obyektlərində satış dayanmışdı. Manatın devalvasiyasına görə, ticarət obyektinin qapısından girən yox idi. Həmin ərəfədə belə biz düşündük ki, rəhbərlik icarə haqqı məsələsində bizə güzəştə gedər. Lakin əksinə hər bir satıcıdan vergi adı ilə 100 AZN pulun yığılması məsələsini qaldırmışdı. Sahibkarların etirazından sonra məsələni yoluna qoyduq”.

Şikayətçi bildirir ki, həmin ərəfədə ticarət obyektinin qarşısında etiraz olaraq aksiya keçirmişdilər. İcarə pulunun günü-gündən artırıldığını deyən mənbənin sözlərinə görə, satıcılar bu dəfə rəhbərliyə söz keçirə bilməyəcəklərini anlayıblar.

Hazırda icarə haqları artdığına görə, sahibkarlar da qızılın qiymətini qaldırıb. Lakin qızılın qiymətinin artması nə satıcılara, nə də alıcılara sərf etmir. Çünki satıcılar qızıl sata bilmədiklərindən icarə haqqını ödəməkdə çətinlik çəkirlər. Alıcılar isə “Moskva” univermağında qızıl məhsullarının baha olduğuna görə, digər ticarət obyektlərinə üz tutduqlarını bildirirlər.

Satıcıların çoxu deyir ki, tezliklə Məhərrəmlik ayının gəlməsi də qızılın qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək: “Məhərrəmlikdə qiymətlər çox düşür. Ona görə insanlar çalışırlar ki, bu zaman qızıl alsınlar”.

Məlumat üçün bildirək ki, “Moskva” Ticarət Mərkəzinin sahibi təxminən 70 yaşlarında olan Elmira Mədətovadır. Əldə etdiyimiz məlumata görə, Bakıda bir neçə iri ticarət obyekti var. Bu obyektlərin arasında “Nəsimi bazarı”nın da adı çəkilir. Elmira Mədətova 36 ildir ki, “Moskva” univermağı ASC-nin sədridir. “Moskva” univermağının təxminən 600 nəfərdən çox işçisi var. Satıcılardan biri deyir ki, Elmira Mədətovanın əsli Bakının Maştağa kəndindəndir. Həyat yoldaşı da zəngin biznesmenlərdəndir.

Bundan başqa, sözügedən ticarət obyektinin rəhbərliyi aidiyyəti dövlət qurumlarından rəsmi icazə almadan bazarın daxilində yenidənqurma işləri aparıb. Və bu zaman bir sıra standartlara, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməyib. Bu məsələ də sahibkarların narahatlığına əsas yaradıb. Çünki bazarda hansısa bədbəxt hadisə, məsələn yanğın hadisəsi qeydə alınsa, bunun qarşısını almaq üçün heç nə yoxdur. Dükanların arasındakı məsafə düzgün seçilməyib. Tikintiyə dair standartlar da pozulub. Bundan başqa, ticarət mərkəzində yanğın təhlükəsizliyi sistemi yoxdur. Sahibkarlardan ayda külli miqdarda icarə haqqı yığılır, lakin buna baxmayaraq, müştərilərin və satıcıların təhlükəsizliyi təmin edilməyib.

 

gundelikbaku.com

Həmçinin oxuyun

Elçin Quliyev yaralı əsgərə baş çəkib – VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər Ceyhun …

Bir cavab yazın