Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / “Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi”

“Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi”

Abel Məhərrəmov rektorluğunun 20 ilinə çatmadı. Cəmi 2 ay dözə bilmədi. BDU-nu, xüsusilə onun Hüquq fakültəsini və bununla da ölkədə hüquq təhsilini böyrü üstə qoymuş bu adamın necə rektor olması yaxşı yadımdadır. 1998-1999-cu illər idi. Sabiq rektor Misir Mərdanov təhsil naziri olmuşdu. Rektorluq uğrunda mübarizə gedirdi. O zaman mən (21 yaşında) BDU-nun Tələbə Şurasının sədri idim (eyni zamanda Təhsil naziri yanında Tələbə Şurasının da sədri idim). Məhərrəmov da Kimya fakültəsinin dekanı idi. Özünü tələbələrin dostu, daha nə bilim nə kimi göstərməyə çalışırdı. Hətta bir dəfə məni yolda görüb maşınına da otuzdurub apardı. Yolboyu tələbə demokratiyasından dəm vururdu. Rektor olmaq istədiyini bilirdim. Düşündüm ki, elə bu olsa yaxşıdır, tələbələrə əl tutar (bununla belə, bəzi mənfi cəhətlərini də bilirdim, bir dəfə hətta sözləşmişdik də).
Misir Mərdanova bunu deyəndə ironiya ilə gülümsədi. Misir müəllim prorektor və rektor əvəzi Bəhram Əsgərovun rektor olmasını istəyirdi. Bunu da bilirdim. Amma üzünə dedim ki, Bəhram müəllimdən rektor olmaz, alim kimi yaxşıdır, amma idarəçi deyil. Hətta 11 yanvar 1999-cu ildə Bəhram Əsgərov mənimlə bir neçə saat söhbət edib, tələbə hüquqlarını qoruyacağını vəd etdi. Söhbət əsnasında Abel Məhərrəmov gəldi və Bəhram müəllimdən bir neçə saatlıq harasa (sonra bəlli oldu hara) getmək üçün icazə alıb getdi. Həmin gün axşam Abel Məhərrəmovun rektor təyin olunduğu elan olundu. Səhər Misir Mərdanov BDU-ya gəlib yeni rektoru təqdim etdi. Misir müəllimi heç vaxt belə bikef görməmişdim.
Bir neçə gün sonra isə mən bikef oldum. Abel Məhərrəmovun işçilərlə necə kobud davrandığını görəndə. Sanki həmin Abel müəllim deyildi. Rektorluğun iclasında Bəhram müəllimi aşağılayanda isə lap gözümdən düşdü, hətta ona etirazımı da bildirdim. Sonra isə BDU-da irimiqyaslı təmir işlərinə başladı. Bir dəfə məni çağırıb dedi ki, gedək universiteti gəzək. Gəzdik. Sonda soruşdu ki, görürsən nələr edirəm, necədir? Cavab verdim ki, “Abel müəllim, forma yaxşıdır, amma məzmun pis gündədir”. Həmin andan aramız tam dəydi. Bir neçə aydan sonra isə universitet təhsilimi bitirib getdim.
Mənə elə gəlirdi ki, Abel Məhərrəmov BDU-ya etdiyi pisliyin pik həddindədir. Nə biləydim, hər şey hələ qabaqdadır. İllər sonra BDU ilə maraqlananda xəbər tuturdum ki, vəziyyət daha da pisləşir. Xüsusilə Hüquq fakültəsində. Demək olar ki, orada normal müəllim qalmadı. Dekanlığın rəhbərliyinə və kafedra müdirləri vəzifəsinə belə yoldan keçən, heç ağzının danışığını bilməyənlər gəldi. Odur ki, ölkəmizdə hüquq təhsilinin və hüquq elminin (yekunda isə hüquq sisteminin) mövcud problemləri əsas etibarı ilə Abel Məhərrəmovun fəaliyyəti ilə bağlıdır…
Əkrəm Həsənov, hüquqşünas

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …