Ana səhifə / Cəmiyyət / Mirkazım Abbasovun şişirdilmiş hesabatları…

Mirkazım Abbasovun şişirdilmiş hesabatları…

 

“Neftqaztikinti” Tresti tərəfindən görülən işlərdə rəqəmlər reallıqla uyğun gəlmir

Trest müdirinin başı şəxsi işlərinə qarışdığı üçün istehsalat obyektlərini vaxtında istismara təhvil verə bilmir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov hələ də fəaliyyətində dönüş yaratmayıb. Son vaxtlar adı müxtəlif qalmaqallı işlərdə çəkilən trest rəhbərinin barəsində redaksiyamıza yeni məlumatlar daxil olub. Qısaca olaraq isə vurğulamaq istəyirik ki, “Neftqaztikinti” Tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trestin tərkibinə müxtəlif profilli 7 müəssisə və Gürcüstan Nümayəndəliyi daxildir. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, Mirkazım Abbasovun həyata keçirdiyi bəzi qanuna zidd işlər “Neftqaztikinti” Trestinin fəaliyyətinə mənfi təsir göstərib: “Belə ki, SOCAR-ın təsdiq olunmuş tədbirlər proqramında nəzərdə tutulan respublika əhəmiyyətli istehsalat obyektlərində əsaslı tikinti, təmir və yenidənqurma işləri Trest tərəfindən vaxtında və tam həcmdə yerinə yetirilmir. Neft Şirkəti Trestin qarşısında öz işini beynəlxalq standartların tələblərinə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirməyi əsas vəzifə olaraq qoyub. Lakin Mirkazım Abbasov və trestin digər rəhbər işçiləri bu vəzifələrin öhdəsindən lazımi səviyyədə gələ bilmirlər. Trestdə işləyən insanların çoxu bilir ki, Mirkazım Abbasovu rəhbəri olduğu müəssisənin qabağa getməsi yox, öz biznesinin inkişafı maraqlandırır. Bu adam ancaq biznesini genişləndirmək, daha da varlanmaq barədə fikirləşir. Əgər belə olmasaydı, Bakı kəndlərinin bir neçəsində dəbdəbəli imarətlər ucaltmazdı. Hansı ki, bu villaların bir neçəsi “Neftqaztikinti” Trestinin tikinti layihələrinə ayrılan büdcə vəsaitləri hesabına tikilib. Rəsmi məlumatlarda bildirilir ki, 01.01.2015-ci il tarixinə Trest üzrə orta aylıq əmək haqqı 1021 manat olub. Bu rəqəmlər reallığı əks etdirmir. Trestdə yalnız rəhbər işçilər, daha doğrusu Mirkazım Abbasovun yaxın adamları yüksək maaş alır. Sıravi fəhlələrin maaşı azdır. Bundan başqa, sadə işçilərin hüquqları kobud şəkildə pozulur, onlara qarşı böyük haqsızlıq edilir. Üstəlik, onlar maaşlarını vaxtında ala bilmirlər. Trestə tabe olan müəssisələrdə rəhbər şəxslər fəhlələrin adına mükafat yazıb özlərinə götürürlər. Nəticədə dövlətin büdcəsinə külli miqdarda ziyan vurulur. Heç bir fəhlə işini itirməyin qorxusundan etiraz edə bilmir. Kim haqsızlıqla barışmayıb etirazını bildirirsə, onu dərhal işdən xaric edirlər”. Araşdırmalar nəticəsində öyrəndik ki, Mirkazım Abbasovun rəhbərlik etdiyi trest ötən il ərzində ümumi podrat üzrə 321031.5 min manatlıq, öz gücü ilə 274596.7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirib, ümumi podrat üzrə yerinə yetirilmiş işlərin 95138.7 min manatı əsaslı təmir və 225892.8 min manatı isə əsaslı tikinti işlərinin payına düşüb. Məlumatlı şəxslər isə deyir ki, hesabatda göstərilən rəqəmlər bir neçə dəfə şişirdilib: “Trest tərəfindən həyata keçirilən işlərlə xərclənən vəsaitlər hec cür uzlaşmır. Rəsmi sənədləri saxtalaşdırmaqdan çəkinməyən rəhbər işçilər bu yolla dövlətin büdcəsini məhv ediblər. Məhz bu kimi özbaşınalıqlara görə “Neftqaztikinti” Tresti istehsalat obyektlərini vaxtında istismara təhvil verə bilmir.

Mirkazım Abbasov bəzi mətbuat vasitələrində özünü təriflətdirməklə məşğuldur. Onun rəhbəri olduğu şirkət ötən il guya “ilin şirkəti” nominasiyası üzrə qalib olub. Deyilənə görə isə Mirkazım Abbasov tresti “ilin şirkəti” elan edən təşkilatın rəhbərliyinə xahiş edib. “Neftqaztikinti” Tresti Dövlət Neft Şirkətinin ən uğursuz və fəaliyyəti qaneedici olmayan qurumlarından biridir. Yəqin ki, Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ən yaxın vaxtlarda trestin və onun müdirinin fəaliyyətini yoxlatdırıb zəruri tədbirlər görəcək. Yoxsa bu qurumda vəziyyət daha da pisləşə bilər”. Gələn saylarımızda Mirkazım Abbasovla əvvəllər çox yaxın olmuş, indi isə münasibətləri soyumuş bir nəfərin dəhşətli fikirlərini dərc edəcəyik. Bizi izləyin.

Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S. Borcları vermirlər.

Gundelikbaku.com

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın