Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi ilə bağlı ilginc faktlar…

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi ilə bağlı ilginc faktlar…

Ələsgər Bədəlovun fəaliyyəti çoxlarının narazılığına səbəb olur

Bu gün mətbuatın gündəmini zəbt edən mövzulardan biri də avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilən şəhər sakini Bəhruz Hacıyevin müəmmalı şəkildə dünyasını dəyişməsindən sonra yaranan qalmaqaldır. Belə ki, adıçəkilən polis şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov iddia edir ki, Bəhruz Hacıyev narkotik istifadəçi olması barədə şübhələr səbəbindən saxlanılıb və xidməti otaqlardan birində dindirilərkən qəfildən özünü pəncərədən ataraq intihar edib. Mərhumun yaxınları isə Bəhruz Hacıyevin polis tərəfindən işgəncə verilərək öldürüldüyünü bildirirlər.

Qeyd edək ki, Mingəçevir sakini Bəhruz Hacıyevin polis şöbəsində intihar etməsinin səbəblərini araşdıran İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov artıq məsələ ilə bağlı daxili işlər nazirinə müraciət edəcəyini deyib. O, bildirib ki, nazirə ünvanladığı müraciət polis idarələrindəki saxlanma məntəqələrində pəncərələrə dəmir barmaqlıqların quraşdırılması ilə bağlıdır: “Müavinim Elçin Şirinov və köməkçim Nizaməddin Rüstəmovla birlikdə Bəhruz Hacıyevin Mingəcevir Polis Şöbəsinin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsinin səbəblərini araşdırdıq. İlk olaraq intihar edən şəxsin əmisi və atası ilə görüşdüm. Onlardan şikayətlərini soruşdum. Bildirdilər ki, şikayətlərindən biri odur ki, əməliyyatçı niyə Bəhruzun həmin idarədə təkbaşına qalmasına şərait yaradıb? Onlardan soruşdum ki, cəsədin üzərində, əllərində, qollarında işgəncə əlamətləri var idi? Onlar isə bildirdilər ki, Bəhruzun əlində, ayağında heç bir iz olmayıb”. Elçin Behbudovun sözlərinə görə, ailəsi Bəhruzun saat və telefonunun yoxa çıxdığını iddia edir: “Monitorinq zamanı Bəhruz özünü atan otağa baxış keçirdim. Otaq çox balacadır. Pəncərələri də kiçikdir. Əgər Bəhruzu oradan itələsəydilər, divarın dibinə düşərdi. Amma o, divardan 6 metr uzaq məsafəyə düşüb”.

Bu arada, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlovun 1952-ci ildə İsmayıllı rayonunda anadan olduğunu deyən məlumatlı şəxs bildirir ki, o, əvvəllər İsmayıllı Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyib və sonradan Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edilib: “Deyilənlərə görə, 2004-cü ildə Yevlax şəhərinə yeni təyin edilmiş icra başçısı Elmar Vəliyevin hər bazar ertəsi günü keçirdiyi vətəndaşların qəbuluna Ələsgər Bədəlov polisin gündəlik geyim formasında gəlmədiyi üçün onunla icra başçısı arasında böyük narazılıq olub. Məhz həmin narazılıq nəticəsində Elmar Vəliyev Ələsgər Bədəlova Yevlaxdan uzaqlaşmağa 1 gün vaxt vermişdi. Elə həmin gün də Ələsgər Bədəlov Mingəçevir şəhərinə təyinat almağa müvəffəq olub. Deyilənlərə görə, onun təyinatının 2-ci ayında mal-qara oğurluğunda şübhəli bilinən Kəlbəcər rayonundan olan məcburi köçkün Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru İlqar Abbasovun xidməti otağında döyülərək öldürülüb. O vaxt bununla bağlı “Avtonəqliyyat hadisəsi zamanı, yəni piyada yolu keçərkən onu avtomaşın vurub qaçıb”, deyə məlumat yaymışdılar. Lakin sonradan mərhumun qohumlarının şikayətləri nəticəsində hadisə ilə əlaqədar polis şöbəsinə xidməti yoxlama gəldi. Ancaq Ələsgər Bədəlov “sudan quru çıxdı”, Cinayət Axtarış Bölməsinin rəisi və daha 5 nəfər polis işçisi isə vəzifədən kənarlaşdırılaraq həbs edildi. Nəzərinizə çatdırım ki, Ələsgər Bədəlovun əlindən Mingəçevir şəhərinə yeni model avtomobillə və ya pul qazanıb Rusiyadan, yaxud hər hansı xarici ölkədən gəlmək mümkün deyil. Çünki həmin avtomaşının sahibi elə həmin axşam polis şöbəsinə çağırılaraq müxtəlif təzyiqlərlə üzləşə bilər”. Məlumatlı şəxs iddia edir ki, Ələsgər Bədəlovun Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi vəzifəsində çalışdığı müddət ərzində adıçəkilən şöbədə məhz onun sifarişi ilə 18 dəfə xidməti yoxlama olub: “Deyilənlərə görə, hər yoxlama nəticəsində də 15 nəfərə yaxın yüksək post tutan polis zabitləri işdən azad olunub. Lakin Ələsgər Bədəlov barəsində bir dəfə də olsun, intizam cəzası tətbiq edilməyib. Görünür, polis rəisi bu yolla vakant yerləri özünə məxsus tərzdə doldurmağı planlaşdırırmış… Onu da qeyd edim ki, Ələsgər Bədəlovun 63 yaşı var. “Polis Haqqında” Qanuna və “Polis xidmətkeçmə haqqında əsasnamə”yə əsasən orta və böyük rəis heyəti 55 yaşa qədər polis sıralarında xidmət edə bilərlər. Müstəsna hallarda isə 60 yaşa qədər yaş həddi uzadıla bilər. Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinin isə 63 yaşı var, yəni o, artıq bütün müstəsna halları arxada qoyub…”

Sonda maraqlı bir məlumatı da nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Ələsgər Bədəlovla Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev arasında ciddi münaqişə yaşanmışdı. Məhz həmin vaxt icra başçısı polis rəisinin onun qohumlarına qarşı şantaj xarakterli materiallar yaydığını vurğulamışdı: “Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa, bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs edilmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi…” Təxminən iki il öncə isə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Mingəçevirdə məskunlaşmış ağdamlı məcburi köçkünlərin müraciəti, ağdamlıların polis rəisi Ələsgər Bədəlov tərəfindən təhqir olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova məktub göndərib. Həmin məktubda deyilirdi: “Mingəçevir şəhərində məskunlaşmış bir qrup ağdamlı məcburi köçkün Qarabağ Azadlıq Təşkilatına müraciət edərək polis rəisi, polkovnik Ələsgər Bədəlovun heç bir ölçüyə sığmayan hərəkəti və sözləri ilə bağlı məlumat verib. Bu başabəla polis rəisi Mingəçevir polis idarəsinin iclasında ağdamlı köçkünlərin ünvanına təhqiramiz sözlər işlədib, sonra isə bildirib ki, “ermənilər gərək ağdamlıların hamısını qıraydı ki, gəlib bura çıxmayaydılar”. Onun bu sözlərinə orada iştirak edən polis əməkdaşlarından da etiraz edənlər olub. Ağdamlı məcburi köçkünlər bu sözlərə görə qəzəb içindədirlər, yalnız bir neçə ağsaqqalın məsləhəti ilə hələlik gözləyirlər, bu gün-sabah orada dəhşətli hadisələr baş verə bilər. Polis rəisi Ələsgər Bədəlov artıq öz ampulasından çıxıb, onun barəsində dərhal ölçü götürülməlidir. Bu adam haqda yaxşı söz deyən yoxdu. Mingəçeviri əyyaşlıq, narkomaniya yuvasına çevirdiyini hamı danışır. Mingəçevir partlayış ərəfəsindədir, bu partlayışın qarşısı təcili alınmalı, polis rəisi cəzalandırılmalıdır. Hesab edirik ki, hadisələrin qızışmasına imkan verməməli, vaxtında tədbir görməlisiniz”. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlovun fəaliyyəti çoxlarının narazılığına səbəb olur. Maraqlıdır, görəsən yuxarılar bu barədə nə düşünür?..

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelikbaki.com

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın