Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / Minadan həlak olan mülki şəxslər şəhid sayılırmı?

Minadan həlak olan mülki şəxslər şəhid sayılırmı?

II Qarabağ savaşı Azərbaycanın qələbəsi, torpaqlarımızın azad olunması ilə nəticələndi, lakin bu uğurda minlərlə hərbçimiz, əsgərimiz, mülki vətəndaşımız şəhid oldu. Hazırda cəmiyyətin müzakirə etdiyi əsas məsələlərdən biri də odur ki, hərbi qulluqçularla yanaşı düşmən təxribatı, terror hücumu nəticəsində dünyasını dəyişənlər, azad olunan torpaqlarda vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan  mülki şəxslər də şəhid sayılırmı? Dövlət səviyyəsində onlara şəhid statusu veriləcəkmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hərbi ekspert Emin Həsənli bildirdi ki, müharibə zamanı düşmənin atdığı atəş nəticəsində həlak olanlar, minaya düşərək həlak olanlar da şəhiddir: “El arasında hərbi şəhid, mülki şəhid deyə ayırırlar. Biri var hərbi qulluqçu hərbi vəzifəsini yerinə yetirərkən şəhid olur, digəri isə düşmənin terror hücumu nəticəsində şəhid olur. Bunların hər ikisinə şəhid statusu verilməlidir. Hazırda bu barədə müzakirə gedir və biz də bu fikrin tərəfindəyik ki, Gəncədə, Bərdədə bizim 91 mülki vətəndaşımız dünyasını dəyişdi. Bunların  hər biri şəhiddir.  İnsanlar mina təmizləmədə iştirak edirlər, onlar həlak olarsa hər biri şəhiddir. Zaman-zaman bu cür şəhidlərimiz ola bilər, azad edilən torpaqlarda müxtəlif sahələrdə işləyən insanlar var ki, əgər onlar minaya düşərsə, şəhid sayılırlır. Çünki vəzifə borcunu yerinə yetirərkən, düşmənin basdırdığı mina nəticəsində şəhid olurlar”.

Emin Həsənli 

E.Həsənlinin sözlərinə görə, bu şəxslərə də şəhidlərimiz, şəhid ailələrimiz üçün nəzərdə tutulan bütün sosial təminatlar şamil edilməlidir: “Azərbaycan dövləti şəhidlər arasında fərq qoymur. İstər 20 Yanvar şəhidi, istərsə də Qarabağ şəhidi olsun, onlar eyni statusdadırlar. Dövlət Çernobıl əlillərinin də hər cür təminatını həyata keçirir. Yəni sovet hökuməti zamanı da dövlətin tapşırığını həyata keçirərkən xəsarət alanlar, əlil olanlar qayğı ilə əhatə olunub. Düşmənlə üz-üzə savaşıb şəhid olanlar da, evində ikən düşmən hücumundan həlak olanlar da şəhiddir. İnsan sağlamlığını verib ya əlil olub, ya şəhid olub. Bu prosesdə yaralananlar da əlil sayılır. İnsanların Vətən üçün canından keçməsini dövlətimiz hər zaman yüksək dəyərləndirib. Hüquqi baxımdan da  düşmən təxribatı nəticəsində həlak olan şəxslər şəhid sayılır. Onlar iki yerə ayrılır, hərbi vəzifəlilər və düşmən təxribatı nəticəsində dünyasını dəyişən mülki şəxslər. İkinci kateqoriyaya həm düşmənin raket hücumu, silahlı atəşi nəticəsində, həm də minaya düşərək həlak olanlar  daxildir. Bu mənada bizim Gəncədə, Bərdədə düşmən hücumundan  həlak olan  91 vətəndaşımız da şəhiddir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

İlahiyyatçı Samir Əzizov  da  mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, İslam dini Allah yolunda öldürülənləri şəhid hesab edir: “Eynilə namusu, Vətəni yolunda öldürülənlər də Allah yolunda öldürülmüş hesab edildiyi üçün bunlar da şəhiddir. Bu xüsusi anlamda şəhidlik hesab olunur. Bir də hədislərdə suda boğularaq ölən, hamilə qadının həlak olması və s. kimi ölənlər vardır ki, şəhid savabı əldə edirlər. Eynilə sizin də qeyd etdiyiniz kimi, bəzi insanlar düşmənin hiyləsinə, mənfur niyyətinə tuş gələrək şəhid olmuşlar və mülki vətəndaşdırlar, bunlar da şəhid savabı əldə edirlər. Amma xüsusi şəhadət qəbilindən sayılmırlar”.

Həmçinin oxuyun

“Şuşada Vaqifin heykəlini tapa bimədim” – Şöbə müdiri

“Şuşa tarixi abidələr şəhəridir. 39 ildən sonra ölkə başçımızın məhz yanvarın 14-də Şuşaya getməsi və …