Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Mikayıl İsmayılovun malikanə tikdirmək istəyi Ağsuda problem yaradıb

Mikayıl İsmayılovun malikanə tikdirmək istəyi Ağsuda problem yaradıb

Məmurun adamları rayonun Çiyni və Pirhəsənli kəndlərində əhaliyə məxsus torpaq sahələrini ələ keçirməyə çalışırlar

 

Ərəstun Cavadovu zərərsizləşdirməyi bacaran vitse-prezidentin hazırda əsas rəqibi Səlim Müslümovdur

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun imza atdığı qanunsuzluqlarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatları diqqətinizə çatdırmamışdan öncə qısaca bildirmək istəyirik ki, adıçəkilən məmur doğulub boya başa çatdığı Ağsu rayonunda özünə böyük biznes yaradıb. Təkcə bir faktı vurğulamaq kifayət edir ki, vitse-prezidentin bu rayondakı biznes şəbəkəsinin hansı səviyyədə olması barədə insanlarda təsəvvür yaransın.

İddialara görə, ölkənin meyvə şirəsi bazarında əsas istehsalçılardan biri hesab edilən “Azgranata” MMC vitse-prezidentə məxsusdur. Bundan başqa, məmurun rayonda digər iri ticarət obyektlərinin, ucu-bucağı görünməyən üzüm sahələrinin olduğu haqda da məlumatlar var. Dünən etibarlı mənbələrdən aldığımız informasiyaya görə, Ağsuda sözünün hamıdan ötkəm olduğunu sübut etməyə çalışan Mikayıl İsmayılov rayonun iki kəndində çox böyük problemlər yaradıb: “Bilməyənlər üçün deyim ki, Mikayıl müəllim əslən Ağsunun Çiyni kəndindəndir. Çiyni və rayonun əksər kəndləri onun nəzarəti altındadır. Son iki aydır ki, Ağsunun Çiyni və Pirhəsənli kəndlərinin camaatı əndişə içindədirlər. Buna səbəb bu kəndlərin bəzi sakinlərinə torpaq sahələrinin əllərindən alınacağı haqda xəbərdarlığın edilməsidir. Yayılan söz-söhbətlərdən belə məlum olur ki, Mikayıl İsmayılov Çiyni və Pirhəsənli kəndlərində iki böyük malikanə tikmək niyyətindədir. Ki, həmin malikanələrdə süni futbol meydançası, açıq və qapalı hovuz, qolf meydançası, SPA mərkəzi, mini barın olması planlaşdırılır. Bu məqsədlə Çiyni kəndində artıq bir neçə sakinə torpağını satmaq təklif olunub. Amma vitse-prezidentin adamları insanların dolanışıq yeri olan torpaq sahələrini dəyər-dəyməz qiymətə almağa çalışırlar. Buna etiraz edən insanlar isə müxtəlif formada təzyiqlərə məruz qalırlar və incidilirlər. Etiraz edənlərə həmçinin torpaqlarının zorla əllərindən alınacağı bildirilib. Çiyni kəndinin bir neçə sakini bu barədə rayonun icra başçısı Ənvər Seyidəliyevə müraciət etsə də, gözləmədikləri cavabla qarşılaşıblar. Deyilənə görə, icra başçısı vətəndaşlara Mikayıl İsmayılova gücünün çatmadığını bildirib. Ən maraqlı məqam isə bundan ibarətdir ki, Mikayıl İsmayılov əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kəndi olan Pirhəsənlidə də öz gücünü göstərmək istəyir. Deyilənə görə bir neçə gün əvvəl məmurun adamları kəndə gələrək tikinti işlərinin planlaşdırıldığı ərazilərə baxış keçiriblər. Torpaq sahiblərinə müəyyən məbləğ təklif edilsə də, onlar razılaşmayıblar. Belə olan təqdirdə vitse-prezidentin adamları “Siz ki, belə edirsiz. Onda biz də öz bildiyimiz formada bu torpaqları sizdən alarıq” deyiblər. Onsuz da, rayonda işsizlik problemi yaşanır. Yerli əhali təsərrüfatla məşğul olub özünü dolandırır. Mikayıl İsmayılov isə sırf şəxsi maraqları naminə onlarla ailəni çörəksiz qoymaq istəyir. Axı niyə ondan soruşan yoxdur ki, ay dövlət məmuru, iki böyük malikanəni hansı vəsaitlə tikirsən? Dövlət işində məsul vəzifə tutan şəxslərin adı belə işlərdə hallandırılanda adam dəhşətə gəlir. Heyrət edirsən ki, aylıq vəzifə maaşı ilə milyonluq imarətlər, ticarət obyektləri, dükanlar necə tikilir? Neft Şirkətinin əsas söz sahiblərindən biri sayılan bu şəxs rayonun hazırkı deputatı Ərəstun Cavadovu zərərsizləşdirməyi bacardı. Millət vəkilinin də Ağsu ilə bağlı müəyyən biznes planları var idi. Amma vitse-prezident bu məsələdə deputatın qarşısına sədd çəkə bildi. İndi onun Ağsudakı əsas rəqibi nazir Səlim Müslümovdur. Bilənlər bilir ki, Səlim müəllim hələ Dövlət Sosial Müdafiə Fondunun sədri işlədiyi vaxtlarda doğma rayonunda bəzi biznes layihələrini icra edib və özünə əlavə gəlir yeri yaradıb”. Aldığımız məlumatda həmçinin vitse-prezidentin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə təsirindən də söz açılır. Mənbənin dediyinə görə, icra başçısı RİH-də kadr islahatlarını Mikayıl İsmayılovla razılaşdırdıqdan sonra həyata keçirir: “Elə bu səbəbdəndir ki, Ağsu İcra Hakimiyyətində rəhbər vəzifə tutan şəxslərin əksəriyyəti onun adamlarıdır. Uzun sözün qısası, Mikayıl İsmayılov Ağsudakı mövqelərini günbəgün daha da gücləndirir. Belə görünür ki, rayonda sözükeçənlik məsələsində Səlim Müslümov ona məğlub olur”. Gələn saylarımızda Mikayıl İsmayılovun Türkiyə və Gürcüstandakı biznesi ilə bağlı indiyə qədər heç yerdə getməyən məlumatları diqqətinizə çatdırmağa çalışacağıq. Bizi izləyin.

Yazıda adı çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.

gundelikbaku.com

 

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın