Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / “Meyxanaya qulaq asanların arasından qatillər, narkomanlar, “barıqa”lar çıxır” – Qan Turalı

“Meyxanaya qulaq asanların arasından qatillər, narkomanlar, “barıqa”lar çıxır” – Qan Turalı

“Əlbəttə, meyxana birbaşa qətlin səbəbi ola bilməz, amma meyxana da, bu qətl də nadanlıq təfəkkürünün təzahürüdür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Tural Cəfərov (Qan Turalı) deyib.

Hər zaman meyxanaya qarşı sərt mövqeyi ilə seçilən yazıçı Rəşad Dağlının törətdiyi qətlə münasibət bildirib:

“Cinayətlərin sosiologiyasına baxanda görürük ki, bu cinayətləri, adətən, “sosial tullantı” adlandırdığımız, cəmiyyətin aşağı təbəqəsində olan, aztəminatlı, azsavadlı, “vorovskoy mir” qaydaları ilə yaşayan, həyatda böyük idealları olmayan, eləcə də milli və ictimai məsələlərdə heç bir dəstək verməyən insanlar törədir.

Meyxanaçıların da hamısı bu cürdür, onların kütləsi də özlərindən geri qalmır. Meyxanaya qulaq asanlara baxsanız, görəcəksiniz ki, onların arasından nə qədər qatillər, narkomanlar və “barıqa”lar çıxır. Bunların hamısı nadanlıq təfəkkürünün məhsuludur.

Özü də bu 1 deyil, 2 deyil, görürsünüz, neçəsi narkomaniyadan ölüb. İndi Allah rəhmət etsin, amma narkomaniyadan ölüb də, qardaş. Yaxud neçəsi qətl törədib həbsxanaya düşürlər, adam bıçaqlama üstündə və s.

Bəs bu qədər şair var, görün, onlardan biri söz üstündə adam öldürübmü?! Şairləri hökumət öldürür, yaxud Mirzə Ələkbər Sabir kimi xəstə düşüb ölür, ya da Nəsimi kimi dərisini soyurlar. Bunlar isə tin söhbətlərində “o, buna söz dedi, bu, buna belə etdi” filan… Bunların hamısı dediyim təfəkkürün məhsuludur. Bu təfəkkür məhv olub getməyincə, Azərbaycanda da bu cür qətllər son dərəcə adiləşəcək”.

Müsahibimiz sosial şəbəkələrdə Rəşad Dağlıya dəstəyi də qınayıb:

“Fikir verirəm, bəzi adamlar durub yazırlar ki, “Allah qapısını açsın”, “heyf” filan. Ə, burada adam öldürülüb e, qətl törədilib! Bu nadanlıq təfəkkürü də Azərbaycanın nə günə gəldiyini göstərir və bu hadisənin Zəfər Günündə törədilməsi də onu göstərir ki, bunlar üçün zəfərin, qələbənin heç bir böyük mənası yoxdur. Bunların, ancaq işləri-gücləri tində durub, ona-buna söz atsınlar. Elementar söyüşün özü bütün sosial məkanlarda neqativ bir şeydir. Amma bunlar əllərinə mikrofon alıb 500 adamın qabağında söyüşən adamlardır. Söyüşü normallaşdıranın özü də bunlar olub da!”

T. Cəfərova görə, heç bir dövrdə söyüşə görə adam öldürmək doğru deyil:

“Amma bu, elə bir şeydir ki, onların dar sosial mühitində bu, kişilik, mərdlik, igidlik rəmzi kimi başa düşülür. Biz öz tariximizə baxanda görürük ki, Azərbaycan oğulları, igidlərimiz heç bir vaxt belə xırdaçılığa getməyiblər. Bir az əvvəl dediyim kimi, bu, həmin o nadanlıq təfəkkürünün bariz təzahürüdür”.

Həmçinin oxuyun

““Tərtər işi”ndə A-dan Z-yə günahı olanların hər biri cəzasını almalıdır”

Milli Məclisin deputatı Vüqar “Tərtər işi” barədə danışıb.V. İskəndərov “Pravda.az”a açıqlamasında “Tərtər işi”ndə əli olan …