Ana səhifə / Cəmiyyət / Metronun fəaliyyəti 1 günlük bərpa edilir?- AÇIQLAMA

Metronun fəaliyyəti 1 günlük bərpa edilir?- AÇIQLAMA

Fevralın 23-də axşam saatlarından başlayaraq, yağan qar Bakıda nəqliyyatı iflic edib. Şəhərdə yollar buz bağlayıb, nəticədə xeyli sayda zəncirvari qəzalar baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Vaqif Əsədovun açıqlamasına görə, gecədən bu vaxta qədər paytaxtın inzibati ərazisində 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hazırda ictimai nəqliyyatın, eləcə də minik avtomobillərinin hərəkətində problemlər yaranmasın deyə, yolların təmizlənməsi prosesi aparılır. Bununla belə həm avtomobillərin, həm də piyadaların yollarda hərəkəti çətinləşib. Təkcə 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Proqnozlara görə, qarın yağması sabah günün birinci yarısınadək davam edə bilər. Bununla da axşama doğru şaxta daha da sərtləşə, küçələrdə hərəkət çətinləşə bilər. Bu cür vəziyyətlərdə adətən ən təhlükəsiz və rahat ictimai nəqliyyat vasitəsi metro hesab olunurdu. Lakin belə bir zamanda metronun bağlı olması iş və mənzil başına çatmaq istəyən insanlar üçün böyük çətinlik yaradıb. Bəs belə bir gündə metronun heç olmasa bir günlük açılması mümkündürmü?



Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Musavat.com-a bildirib ki, karantin rejimində aparılan yumşalmaların fonunda əhalinin küçələrə, yollara çıxış imkanları genişlənib, hər kəs işinin başındadır. Ona görə də ictimai nəqliyyatın bir növü olan avtobuslar nəinki qarlı havada, heç adi vaxtlarda belə bu yükü daşıya bilmir:

“Hər gün müşahidə edirik ki, dayanacaqlarda nə qədər insan avtobus gözləyir, avtobuslarda xeyli sıxlıq var. Bu gün isə qarlı hava olduğuna görə hətta minik avtomobili olan insanlar da çalışırlar ki, ictimai nəqliyyatdan, avtobuslardan istifadə etsin. Buna görə də bu gün avtobuslarda ikiqat sıxlıq yaşanır. Hesab edirəm ki, metronun açılması ilə bağlı Operativ Qərargah hansısa formada artıq qərar verməlidir. Çünki metro avtobusa nisbətən daha təhlükəsizdir, daha çox sərnişin daşıma imkanına malikdir. Belə ki, metronun bir vaqonu təxminən 2-3 avtobusun tutumuna bərabərdir. Az sərnişin daşımaqla metronu işə salmaq olar. Burada nəzərə almaq lazımdır ki, metro dayanacaqlara avtobuslardan xeyli tez çatır. Bu baxımdan Operativ Qərargahın bu məsələyə tezliklə baxması zəruridir.

Əlbəttə, metronun problemləri çoxdur. Əsas problemlərdən biri də onun havalandırma sisteminə əvvəldən diqqət ayrılmayıb.

Beləliklə, metronun açılması qlobal problem deyil, bir günün içərisində qərar qəbul edilib, onu açmaq olar. Eşitdik ki, hava şəraiti ilə əlaqədar olaraq bu gün bəzi şirkətlər avtobuslarını xəttə buraxmayıblar. Ona görə də sərnişinlər yollarda qalıb, avtobus gözləyirlər. Həmçinin bu gün bəzi taksilər də işləməyib. Bəs onda insanlar mənzil başına necə getsinlər? Axı hər kəsin şəxsi avtomobili yoxdur”.

Nəqliyyat eksperti hava şəraiti ilə əlaqədar olaraq öz tövsiyələrini də qeyd edib:

“Adətən axşam saatlarında, təxminən saat 5-6-dan sonra küçələrdə qar təmizləyən texnikaları görmürük. Yollara qum, duz səpən kommunal təsərrüfatı işçiləri də həmin saatlarda artıq evlərinə gedirlər. Beləliklə, axşam saatlarında yenidən şaxta olacağı ilə bağlı xəbərdarlığı da nəzərə alaraq, sürücülər və piyadalar daha diqqətli olmalıdırlar.

Çünki ötən gecə gördük ki, təxminən saat 11 radələrində artıq yollar donmuşdu və zəncirvari yol qəzaları baş verdi. Ona görə də tövsiyə edərdim ki, vətəndaşlar axşam saat 5-6-dan sonra mümkün qədər evlərinə getsinlər, nəqliyyatdan istifadə etməsinlər”.

Həmçinin oxuyun

Dövlət Flora xanımı bağrına basdı: Bəs Nuru Paşa?..

Bir müddət öncə Şuşada keçirilən “Xarı Bülbül” festivalını televiziya ekranından canlı yayımda izlərkən tamaşaçılar arasında …