Yay mövsümü başlayandan bəri avtomobil bazarında durğunluq hökm sürür.
Ötən illə müqayisədə qiymətlərin artması bu durğunluğu şərtləndirən amillərdən biridir. Diqqətinizə çatdıraq ki, 2023-cü ilin ilk rübündə (yanvar-mart) Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib.
Nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə (66%), miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21,6% artıb. İdxalın artmasına rəğmən alıcılığın geriləməsi sahibkarları narahat edir.
Cebhe.info-ya mövzu barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, alıcılığın aşağı düşməsinə əsas səbəb qiymət artımıdır:
“Bu gün qiymətlərlə bağlı avtomobil bazarında durğunluq yaşanır. Bunun başlıca iki səbəbi var. Yay mövsümüdür, insanlar istirahətə üstünlük verir və məvaciblərini bu yöndə xərcləyirlər. Bu səbəbdən avtomobillərə elə də maraq yoxdur. Üstəlik deyə bilərik ki, bu gün avtomobillərdə cəlbedicilik də qalmayıb.
Həmçinin, vətəndaşlar eyni xərc tələb edən, amma ucuz başa gələn nəqliyyat vasitələrini xaricdən gətirməyə üstünlük verirlər və bazarlara üz tutmurlar. Çünki bazarda həmin kateqoriyada olan avtomobili ili az, qiyməti isə bir qədər ucuz gətizdirə bilirlər”.
O bildirib ki, yaxın gələcəkdə sahibkarlar bazara maraq göstərərlərsə, bazarlar öz aktuallığını əvvəlki qaydada saxlayar:
“Amma ənənəvi Rusiya avtomobilləri, ikinci, üçüncü əl avtomobillərin satışı hazırda mümkündür. Bazarlarda bu proses davam edir. Amma bununla belə durğunluq öz sözünü deyir”.