Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Manatın devalvasiyasından sonra yeməyimi azaltmışam, heç qulluqçum da yoxdur” – Deputatlarla SORĞU

“Manatın devalvasiyasından sonra yeməyimi azaltmışam, heç qulluqçum da yoxdur” – Deputatlarla SORĞU

Fevralın 21-dən sonra manatın kəskin devalvasiyaya uğraması böyük “sürpriz”lərlə davam edir və mütəxəssislər ikinci devalvasiyaya hazırlıq mərhələsində olduğumuzu proqnozlaşdırırlar. Maraqlıdır, sadə vətəndaşın yaşayışına, büdcəsinə kifayət qədər təsir edən devalvasiya prosesi, millətin səsi ilə seçildiklərini iddia edən deputatlara hansı dərəcədə təsir edib?

Məsələnin aktuallığını nəzərə alaraq Modern.az saytı deputatlarla sorğunu təqdim edir:

Vahid Əhmədov: “Manatın devalvasiyası, əlbəttə, vətəndaşlara təsirsiz ötüşmür. Ehtiyatlarını manatla saxlayanlar müəyyən qədər uduzdu, dollarla saxlayanlar isə qazandılar.

Mən özüm ezamiyyətlə əlaqədar vəsait yığırdım. Həmin vəsaiti banka manat olaraq yatırmışdım. Hamı kimi mən də 33 faiz itirdim. Belə hesab edirəm ki, evdə və ya bankda saxlanmasından asılı olmayaraq, manatla olan əmanətlər 33 faiz ucuzlaşdı. Təbii olaraq insanlar müəyyən qədər zərər gördülər.

Devalvasiyadan sonra qiymət siyasətində də problemlər var. Qiymət artımının qarşısı nə qədər alınsa da, bəzi yerlərdə bu baş verir və süni yolla qarşısını almaq çətindir. Qiyməti bazar tənzimləməlidir. Devalvasiyadan sonra, əlbəttə, hər bir insan kimi mən də çalşıram ki, xərcləmələrdə müəyyən qədər qənaət edim”.

Jalə Əliyeva: “Hər bir ölkənin valyuta siyasəti var. Bəzən həyata keçirilən islahatlar ilk baxışda ağrılı görünə bilir. Ümumi nəticə işin xeyrinədirsə və büdcənin möhkəmləndirilməsinə xidmət edirsə, bunu normal qarşılamaq lazımdır. Devalvasiya prosesini bir vətəndaş olaraq mən də normal qarşıladım. Konkret olaraq şəxsi büdcəmə gəlincə, ev üçün lazım olan bazarlığı ümumi etdiyimdən, tam olaraq hər bir məhsulda qiymətin  qəpiklərlə artımını bir-bir hesablamağa vaxtım və imkanlarım yoxdur. Düzdür, cüzi də olsa fərq hiss olunur. Məsələn, əvvəl bazarlığa 100 manat xərcləyirdimsə, indi bu 105-110 manat olub. Bir daha deyirəm ki, ümumi faydaların qarşısında normal qəbul ediləsi prosesdir”.

Zahid Oruc: “Bu məsələnin ən böyük ziyanı beyinlərdə, psixologiyalarda, təfəkkürlərdə yaşanan hissəsi idi, nəinki real tərəfləri. Çünki özlüyündə 21 fevraldan başlayaraq gündəmi zəbt edən məsələ “manat 33 faiz dəyərini itirdi” kimi şok iddialardı. Halbuki, bu yalnış idi və bu gün də səhv mövqe iqtisadçılar tərəfindən şərh edilməkdədir.

Mən, ümumiyyətlə, bir çox insanlardakı maliyyə savadsızlığına heyrətləndim. Ona görə də şəxsi büdcəm yalnız parlamentdən aldığım maaş olduğundan, xarici səfərlərə gedəndə, yaxud müalicə, pul göndərişi və digər proseslərdə pul dəyişdirəndə o fərqi hiss edirəm.

Məsələnin digər tərəfi odur ki, heç kəs səmimiyyətlə hətta kiçicik bir miqdarda dolları olduğunu demir. Halbuki, Azərbaycan banklarında 6,2 milyon əhalinin 7 milyard manata qədər pulunun olduğunu, bunun yarısının isə dollar və avro olduğunu söyləmişdim. Əmanətləri dollarla olanlar 33, 5 faiz qazandı, bunu heç söyləyən olmadı.

Bu məsələdə təqdim olunan kimi milli miqyasda fəlakətli şəkildə itkilər olmayıb. Qiymət bahalaşması nə qədər olacaqsa, manat da dəyərini o qədər itirəcək. Bu da təbii olaraq büdcəmizə təsir göstərəcək.

Mən təminat verirəm ki, bir ay sonra bütün qiymətlər 20 fevraldakından da aşağı olacaq. Çünki insanlar tələbatlarını sıxdıqca qiymət dəyişəcək. Yəni tələb və təklif qiymətləri dəyişəcək. Nəzərə almaq lazımdır ki, hətta bizim iqtisadçıların dediyi kimi, qiymətlər bahalaşsa belə, insanların ev, maşın kimi resursları da bahalaşacaq. Ona görə də bu məsələ ilə bağlı fərqli mövqeyimi kimsə süngü ilə qarşılaya bilər. Lakin bu gün də o mövqedəyəm ki, Azərbaycan insanının hamısının kütləvi şəkildə itirdiyini iddia etmək iqtisadi savadsızlıqdır. Mən parlament üzvüyəm, böyük iqtisadi şəbəkələrin üzvü olmadığımdan, külli miqdarda kredit öhdəliyi, yaxud xarici əməliyyatlar zamanı yeni kursla işləmədiyimdən yalnız qiymət bahalaşması faizi qədər ümumi büdcəmə təsiri var. Lakin bunu qeyri-adi dərəcədə böyük itkilər hesab etmirəm”.

Kamilə Əliyeva: “Maaşımı manatla alıram və heç vaxt pulumu dollara çevirməmişəm. Buna görə də onu yenidən hansısa valyutaya çevirəndə baş verə biləcək itkilərim də olmayıb. Evimdəki, büdcəmdəki pulum da milli valyuta ilə olub. Bazar alış-verişini də manatla etdiyimdən heç bir fərq hiss etmirəm. Bu mənim səmimi sözümdür. Bəlkə də kimlərsə vəsaitini dollara çevirdiyindən müəyyən itkilərə məruz qalıb, onu deyə bilmərəm. Mən, şəxsən bundan əziyyət çəkmirəm. Vəsaitim manatladırsa və bazarda bahalaşma yoxdursa, mən niyə əziyyət çəkməliyəm?”

Fazil Mustafa: “Manatın devalvasiyasının, əlbəttə, vətəndaş kimi mənə də çox ciddi təsiri olub. Daha çox maaşla dolanan insanlar üçün bunun nəticəsi dərhal bilinir. Hazırda vəziyyətdən çıxmağa çalışırıq. Bu həm də yalnız mənim özümlə, ailəmlə bağlı deyil, partiya büdcəsilə də bağlıdır. Çünki müəyyən vəsaitləri manatla alırıq, manatın ucuzlaşması isə birbaşa maaşlara da təsir edib.

Amma nəzərə alaq ki, ellə gələn bəla olduğundan yola verməli, müəyyən çıxış yolu tapmalıyıq. Ona görə də çalışırıq ki, çox itki olmasın.

Şəxsi büdcəmə gəldikdə, ailəmdə onsuz da xərclər kifayət qədər azdır. Nəzərə alın ki, şəxsi sürücüm yoxdur, avtomobilim də sadədir. Yaşayış şərtlərində qulluqçumuz yoxdur, hətta bağımda belə, bütün işləri özüm yerinə yetirirəm. Ona görə də bu baxımdan narahat deyiləm. Məsələ ancaq özümlə bağlıdır. Yeməyimi də devalvasiyadan öncə pəhriz üçün azaltmışdım, bu baxımdan da əziyyət çəkmirəm. Əslində bahalaşma mənə bəhanə verib ki, bir az az yeyim, çox məsrəf sərf etməyim”.

Siyavuş Novruzov: “Əmək haqqımı Milli Məclisdən manatla aldığımdan istər-istəməz devalvasiyanın mənə də təsiri olub. Amma ölkədə ciddi bahalaşma yoxdur. Çünki hazırda buna nəzarət olunur. Kimsə gizlin şəkildə qiymətləri artırırsa, bununla məşğul olan qurumlar var, onlara müraciət etmək olar”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın