Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Cəmiyyət / Mətbuat: uçurumun dibində…

Mətbuat: uçurumun dibində…

“Bizim iki bəlamız var: aşağıda – zülmətin hakimiyyəti, yuxarıda – hakimiyyətin zülməti” (Vladimir Gilyarovski)

***

Markesin “XX əsrin ən yaxşı jurnalisti” adlandırdığı polyak Rışard Kapuşinski (məşhur “Şahənşah”, “İmperator”, “Herodotla səyahətlər” və s. kitabların müəllifi, 30-dan çox inqilab və dövlət çevrilişinin canlı şahidi) ölümündən bir neçə il əvvəl – 2000-ci ildə kədərlə təsdiqləyirdi: artıq sözlərdən yorulub.

Və bu sözləri 50 il ərzində dünyanın 4 yanını gəzib saysız-hesabsız repoptajlar və onlarla kitab yazan, reportaj janrını bədii kamilliyə qədər cilalayan şəxs deyirdi.

Rişard Kapuşinski

Dinləyək Kapuşinskinin izahını: “Sözlər ucuzlaşıb, qiymətdən düşüb. Onlar o qədər çoxalıb ki, əhəmiyyətsizləşib. Onlar hər yerdədir, olduqca çoxdur. Onlar zəhlətökən milçəklər kimi ətrafımızda uçuşur. Adamı kar edir. Biz artıq səssizliyə, sözsüzlüyə darıxırıq…”

Buna baxmayaraq Kapuşinski ömrünün sonuna – 2007-ci ilin yanvarına qədər susmadı, yazdı. Onun xüsusilə indi susmaq hüququ yox idi – o vaxt ki, insanlar nəticəsini anlamadan, keçmişin kədərli təcrübəsinə çevrilib baxmadan hər cür ağılsızlığa qurşanıblar. O vaxt ki, qəddarlıq, dərd, ədalətsizlik hər yerdə arta-arta gedir.

Kapuşinski artıq tarixə qovuşmuş əsl jurnalistikanın son mogikanlarındandı. O jurnalistikanın ki, dünyanı daha gözəl və təmiz etməyə çağırırdı, karyera yox, missiya idi, empatiya və humanizmə bələnmişdi. O jurnalistika ki, öz informasiyaları ilə düşündürürdü və suallar qoyurdu, dünyagörüşü artırırdı və maarifçilik nuru daşıyırdı.

Və o jurnalistikada informasiya öz atributlarından xali deyildi – yəni aktuallıq və yenilik daşıyırdı, simvol və energetikaya malik idi, əhəmiyyətlini əhəmiyyətsizdən ayırırdı. O jurnalistika ki, həm incəsənət idi, həm də məsuliyyət.

Hazırda vəziyyət tam fərqlidir və Kapuşinski səhnəni vaxtında tərk etməyə gecikməyən aktyor kimi görünür. Jurnalistikanın səviyyəsi hər yerdə və permanent olaraq çox sürətlə və dönməz şəkildə düşür. Və nə paradoksdur ki, səviyyə endikcə jurnalistlərin sayı həndəsi silsilə ilə artır. Fuko “müəllif ölüb” deyəndə məhz bu tip postmoderni nəzərdə tuturdu, güman ki…

Jurnalistlərin sayı artdıqca jurnalistikanın səviyyəsi düşmür, yox – ardıcıllıq tərsinədir. Məhz jurnalistika endikcə yazanlar artır. Çünki heç bir baryer yoxdur – məbəd murdarlanıb, qapıları vandallar çıxarıb aparıb, nə çöldə keşikçi var, nə içəridə kahin. Olsa-olsa lapidariyə çevrilmiş dünənki məbədə hər yoldan ötənin daxil olmaq şansı var. Söz və ifadə azadlığı XXI əsrdə yəqin elə bu cür qavranılırmış.

***

Daha bir absurd – jurnalistika nə qədər səviyyəsini və missiyasını itirirsə, ona dövlət qayğısı da bir o qədər artır. Burada əks ardıcıllıq da keçərlidir – yəni hakimiyyət mətbuata nə qədər çox şirnikləndirici, maddi yardım göstrirsə, jurnalistika da bir o qədər zəif, ələbaxan, şou-biz xarakteli, maarifçilikdən uzaq, aktuallığı dəfn edib mininci dərəcəli mənasızlıqları aktuallaşdıran, Sistemə xidmət edən və uyğunlaşan olur.

Bir sözlə, öz könüllü ölümünü tezləşdirir. Bunu Azərbaycanda da görməmək mümkün deyil. Ancaq bu, bizim spesifikamız sayılmasın – bütün dünyada belədir.

Müasir jurnalistikanın sovet dönəmi jurnalistikasından bir böyük fərqi də elə bundadır – orada dövlət qayğısı keyfiyyətə xidmət edirdi, indi isə əksinə. “Tamaşa cəmiyyəti”ndə və istehlak dünyasında mətbuat hakimiyyətlərə məhz iki funksiyası ilə gərəklidir – aşağıları debilləşdirmək və yuxarıları təbliğ etmək üçün…

***

Sovet yazıçısı Aleksandr Kron (1909-1983) yazırdı: “Əsəblərin zəif olduğu bizim dövrümüzdə hökmü imzalamağa hər kəs hazırdır. Hökmü icra edəcək adamı tapmaq çətindir”.

Bu kəlmələrin aktuallığını Mətbuat günü münasibətilə prezidentdən ad və orden alanların siyahısına baxanda bir daha hiss edirsən.

Yox, söhbət illər boyu iqtidar meydançasında külüng vuranlardan getmir. Əksinə, məhz onlar səmimi və ardıcıldırlar – necə olublarsa, o cür də qalıblar. Motivlərinin merkantilliyinə baxmayaraq. Yaxud iqtidarı sakral saymasalar da.

Söhbət digər qütbdən gedir. Dünənə qədər rejimə qarşı kükrəyənlər bununla rejimə ölüm hökmü yazan inqilabçılar kimi görünmək istəyirdilər. Ancaq hökmü icra etmək – rejimlə əlaqələri kəsmək vaxtı gələndə, bu hakimləri elə o rejimin yanında görürük.

Doğrudanmı, onlar üçün heç bir fərqi yoxdur: Mükafatı niyə verirlər? Və nəyin müqabilində verirlər? Aksiomadır – “pulsuz pendir yalnız tələdə olur”.

Ancaq başqa həqiqət də var – onların həyat yolu elə tələyə doğru şüurlu şəkildə, addım-addım, çoxillik bir yol idi. Bundan sonrası daha ədalətli görünür – ikili həyat, ikili oyun bitir. Hər kəsə özününkü…

Problem yalnız jurnalistlərdə deyil. Yazıçı, müəllim, şair, alim… hamısı bu cürdür. Azərbaycanda heç kəs 5-10 il sonra üçün yazmaq, çalışmaq istəmir. Məhz indi, bu gün. Postmodernist sayağı, “Yazılan hər şey çap olunmalıdır”. Hər cür zir-zibil.

Və nəinki çap olunmalıdır, həm də mükafatlandırılmalıdır. Noolsun ki, 1 ay sonra yazan da, yazısı da unudulacaq.

Bu, yaradıcı psixologiyası deyil. Bu, tacir psixologiyasıdır. Yəni bacardıqca malımı tez satım. Əsas olanı – gəlirdir, dividentdir. Tez satım və çox satım. Yoxsa yaradıcı kimi? Bilərək ki, etdiklərin indi üçün lazımsızdır, səni 10 il (lap 50 il) sonra oxuyub anlayacaqlar, bunun üçün yazmağa dəyərmi?

Odur ki, Sistemə hökmü imzalamaqda mahir olub hökmü icra etməkdən imtina edənlər qətiyyən ağıllarına da gətirmirlər ki, normal insan kimi (yəni məhrumiyyətlərlə, gələcəyə tuşlanaraq, zahirən uğursuz tale ilə) yaşamaq alternativi heç də məğlubiyyət deyil…

***

Onillərlə əvvəl Sartr Nobel mükafatından imtina edəndə bu qurumun istismar dünyasının aləti olduğunu önə çəkmişdi. Dünən Sistemi qamçılayan yazarlar bu gün Sistemdən mükafat da umurlar və qəbul edirlər.

İstər hakimiyyyətin, istərsə də “müstəqil” jurnalist və media qurumlarının Azad mətbuata dəxli Azərbaycandakı sosial quruluşun demokratiyaya dəxli qədərdir. Və bundan sonra onların mükafatını qəbul etmək kiminsə tərəfindən sadəlövhlükdürsə, digər tərəfdən isə şüurlu seçimdir.

Yəni jurnalist seçimini ortaya qoyur: “Hakimiyyət mənə süfrəsinin qırıntısını versə, onunlayam və onunam”.

Ola bilməz axı, həm bu qırıntını qəbul edəsən, həm də onu verənə arxa çevirəsən?!

Beləliklə, sən Sistemə qarşısan, ancaq onun mükafatına qarşı deyilsən. Sən Azad Sözdən danışırsan, eyni zamanda onu imitasiya edənlərlə əl tutursan, qolboyun olursan, çörək kəsirsən, pul qəbul edirsən.

Oyuna girmisənsə, açıq oyna. Və unutma – kənardakılar axmaq, ya kor deyil. Oyun isə birtərəflidir. Onun qaydalarını alan tərəf yox, verən tərəf müəyyənləşdirir.

Hakimiyyətdəkilərdən mükafat gözləyirsənsə və mükafatı qəbul edirsənsə – onlarlasan və onlardansan. Və məğlubsan. Sadəcə məğlubluğunu açıq-aşkar boynuna almırsan… Ya da ki “qalib”sən (öz nəzərində). Sadəcə bu “qələbə”ni gizlədirsən. Axı sən “müxalifətçi” jurnalistsən – bu statusun da faş olsa, heç hakimiyyətə də gərək olmayacaqsan…

Həmçinin oxuyun

Naxçıvan əhalisinin sayı 456 min nəfəri ötüb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. Azinforum.az xəbər verir ki, cari ilin 1 aprelində muxtar …

Bir cavab yazın