Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Məşhur hərəkatçı Fərəməz Novruzoğlu bıçaqlandı – yaralı halda “Semaşko”ya aparılıb

Məşhur hərəkatçı Fərəməz Novruzoğlu bıçaqlandı – yaralı halda “Semaşko”ya aparılıb

Tanınmış hərəkatçı və keçmiş jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) gecə saatlarında “Gənclik” metrostansiyası yaxınlığında işlətdiyi mağazada naməlum şəxs(lər) tərəfindən bıçaqlanıb.

Bu barədə Strateq.az-a Fərəməz Allahverdiyevin oğlu Elçibəy Türkelli məlumat verib.

Elçibəy bildirib ki, atasını yaralı halda ərazidə xidmət aparan polis əməkdaşları 1 saylı Şəhər Klinik Xəstəxanasına (keçmiş Semaşko adına xəstəxana) gətiriblər və hazırda əməliyyata alınıb.

Hadisənin hansı şəraitdə baş verdiyi və Fərəməz Novruzoğlunun səhhəti haqda hələlik hər hansı açıqlama verilmir.

Xatırladaq ki, Fərəməz Novruzoğlu Azərbaycan Milli Azadlıq Hərəkatının ən məşhur isimlərindən sayılır və bu fəaliyyətinə görə o vaxt SSRİ DTK-sı tərəfindən həbs edilərək, məşhur “Lefortovo” həbsxanasında saxlanılan bir neçə azərbaycanlıdan biridir.

Fərəməz Novruzoğlu siyasi fəaliyyətinə və mətbuatdakı yazılarına görə Azərbaycanda müstəqillik illərində də dəfələrlə məhkum həyatı yaşamalı olub. Sonuncu dəfə o, 2013-cü ildə həbs olunub, ancaq 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

Azadlığa çıxdıqdan sonra Fərəməz Novruzoğlu siyasi və mətbu fəaliyyətinə son qoyaraq, “Gənclik” metrostansiyasına yaxın ərazidə ərzaq mağazasında satıcı işləməyə başlamışdı…

***

Son məlumata görə, Fərəməz Novruzoğluna iki bıçaq zərbəsi vurulub: zərbələrdən biri qolunu kəsib, digəri isə böyrək nahiyyəsini kürəyi istiqamətində parçalayaraq daxili orqanlarını zədələyib.

Əməliyyatı həyata keçirən həkim Strateq.az-a bildirib ki, böyrəyindən vurulan bıçaq zərbəsi xeyli dərinə işləsə də, artıq Fərəməz Novruzoğlunun həyatına olan təhlükə aradan qaldırılıb və ciddi həkim nəzarətinə alınıb…

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın