Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Məscid yandıran PKK yanlısının həbsdən yayındırılması böyük etiraz doğurdu

Məscid yandıran PKK yanlısının həbsdən yayındırılması böyük etiraz doğurdu

İxtiyar Şirin: “Terrora qarşı mübarizədə belə istisnaların edilməsi ölkəmizə yaxşı heç nə vəd etmir”

Bakıda PKK-nın yerli özəyini – “Yekbun” təşkilatını yaradan Namiq Nəsibovun məhkəmə zalından azad edilməsi böyük etiraz və narazılıq doğurub.

N.Nəsibovun azad edilməsi ilə sonuclanan məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi 2015-ci ildə başlamışdı. Onu və Elnur Ələkbərovu 2014-cü ilin noyabrında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları saxlamışdılar. İş üzrə ibtidai istintaqı ləğv olunmuş MTN aparmışdı. İttihama görə bu şəxslər 2014-cü il noyabrın 26-da gecəyarısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atmaqla orada yanğın törədiblər.

MTN-in yaydığı rəsmi məlumatda deyilirdi ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriyaya gedərək oradakı döyüşlərdə iştirak edib. Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar…

Həbslərindən sonra hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.

Bunca ciddi ittihamlarla üz-üzə qalan N.Nəsibovun məhkəmə zalından azad edilməsi çox ciddi mətləblərdən xəbər verir. E.Ələkbərov 15 il azadlıqdan məhrum edilsə də, eyni ittihamla üz-üzə qalan Namiq Nəsibov məcburi müalicəyə göndərilib. Bir müddət sonra onu azadlıqda görsək, təəccüblənmək lazım deyil. Vaxtilə “Ronahi” kürd mədəniyyət mərkəzində sədr müavini olan N.Nəsibov Öcalan aşiqi, PKK yanlısı olduğunu da gizlətmirdi. Sosial şəbəkələrdə üzərində Öcalanın fotosu həkk edilmiş köynəkdə fotolarını tirajlayan N.Nəsibova cəmiyyətdə münasibət neqativ idi…

Bu hökm haqda məlumat alanlar “nə oldu, PKK-nın yerli qanadını yaradan, məscid yandıran dəli oldu” sualını verib hiddətləndiklərini gizlətmirlər.

Məsələyə sabiq baş prokuror İxtiyar Şirin də münasibət bildirib: “Müstəntiq işlədiyim dövrdə çox ağır cinayətlər törətmiş iki şəxsin məsuliyyətdən azad edilməsi üçün yüksək səviyyədə qərarlar qəbul edildiyinin şahidi olmuşam. Onlardan biri 1979-cu ildə etnik mənşəyi erməni olan Sərkisyan soyadlı şəxsin azyaşlılardan təşkil etdiyi cinayətkar qrupun törətdiyi onlarla quldurluq hadisəsi ilə bağlı idi. Cinayətin təşkilatçısı Sərkisyanın həbsdən və məsuliyyətdən azad edilməsi üçün əvvəlcə rayon prokuroru vasitəsilə mənə təsir göstərmək istədilər. Onu buraxmaqdan imtina etdikdə məni respublika prokurorunun müavini yanına dəvət edib, Sərkisyanın məsuliyyətdən və həbsdən azad edilməsi barədə göstəriş verdi. Mən ona da bunu etməyəcəyimi bildirdim.

Ancaq işi məhkəməyə göndərdikdən sonra bu işin izini itirdim və Sərkisyanın işinin nəticələri barədə heç bir məlumat ala bilmədim. Eşitdiyimə görə, bu işin taleyini Moskvadakı erməni lobbisi həll etmişdi. İkinci iş etnik mənşəyi yəhudi olan Mişiyev soyadlı şəxsin 1980-1981-ci illərdə onlarla azyaşlı qıza təcavüz etməsi ilə bağlı idi. Bu cinayətlər törədilən dövrdə bütün Bakı şəhəri vahimə içərisində idi və Mişiyev çox çətinliklə növbəti cinayət başında yaxalanmışdı. Bu iş də baxılmaq üçün Ali Məhkəməyə göndərildi və oradan bu işin də izi itirildi. O vaxt söhbət gəzirdi ki, Mişiyevi həbsdən və güllələnməkdən yəhudi lobbisi qurtarıb…

İndi isə PKK və PYD-nin Suriyadan verdiyi tapşırığa əsasən, Azərbaycanda terror təşkilatının özəyini quran və onların tapşırığı ilə Bakıda məscid yandıran Namiq Nəsibov və Elnur Ələkbərovun işi…

Nəsibovu 15 il həbsdən hansısa lobbinin qurtarmış ola biləcəyini mən dəqiq bilmirəm. Ancaq cinayətkarlıqla mübarizədə, xüsusilə terrora qarşı mübarizədə belə istisnaların edilməsi ölkəmizə yaxşı heç nə vəd etmir, Azərbaycan vətəndaşlarının həyatı və təhlükəsizliyinin terrordan qorunmasına çox ciddi zərər vurur, hər bir insanın həyatını təhlükə altında qoyur. Hesab edirəm ki, müvafiq prokurorluq və məhkəmə orqanları bu işlə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidirlər. Terrorçu şəbəkəyə bağlı adamın barmaqları ilə göstərdiyi azadlıq işarəsi də doğru çıxdı. “O, bu işdən həbs cəzası almadan qurtardı. Bizə isə bircə ”afərin” demək qalır”.

“Yeni Müsavat”ın əməkdaşı Namiq Nəsibovun məhkəmə zalından azad olunmasına Baş Prokurorluğun mətbuat xidmətindən münasibət öyrənmək üçün sorğu ilə müraciət edib. Adətən belə hallarda prokurorluq protestlə çıxış edir. Sorğumuza veriləcək cavabı təqdim edəcəyik.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın