Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Cəmiyyət / Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi – VİDEO

Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi – VİDEO

2016-ci ilin oktyabrın 27-də polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Mərhum zabitin ailəsi həyatını itirmiş hərbçiyə şəhid statusunun verilməsi ilə bağlı “Demokrat.az” saytına videomüraciət göndərib. Müraciətdə Telman Miriyevin 8 yaşlı qızı Zeynəb, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi videomüraciətdə atasına şəhidlik statusu verilməsini xahiş edir:

“Mənim atam polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu 2016-cı ildə təlim zamanı şəhid olub. Atam şəhid olanda, mənim 4 yaşım var idi. Bəlkə də çoxları elə fikirləşir ki, 4 yaşlı uşaq ata yoxluğunu haradan bilə bilər. Atam mənim canım idi. Mən atamla nəfəs alırdım. Atamın şəkillərinə baxıb özümü təsəlli edirəm. Onun paltarlarının qoxusu ilə yaşayıram. Atamın iş yoldaşları mənə onun qəhrəmanlıqlarından, Aprel döyüşlərində necə döyüşdüyünü danışırdı. Atam bir qəhrəman idi, vətənini çox sevirdi. Deyirdim “ata nə olar bir gün mənimlə evdə qal” deyirdim. Amma deyirdi ki, “yox qızım qala bilmərəm, mən hərbçiyəm, gedib vətənimizi qorumalıyam”. Atam vətən yolunda şəhid oldu. Bu günə qədər ona şəhidlik statusu verilməyib. Prezidentimiz İlham Əliyev ona medal verib. Cənab prezidentimiz İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, cənab nazir, sizdən xahiş edirəm ki, atama şəhidlik statusu verilsin. Mən də bütün uşaqlar kimi atamın yanımda olmasını istəyirəm, amma bilirəm ki, bu mümkün deyil. Hər gün televiziora baxıram, bütün şəhidlərin adını çəkirlər. Amma mənim atamın adını çəkmirlər. Niyə? Mənim atam da bütün şəhidlər kimi vətən yolunda şəhid olub. Sizdən xahiş edirəm, atama şəhidlik statusu verilməsinə kömək edəsiniz”.

Qeyd edək ki, Telman Miriyev 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra ABŞ-da kurs keçib. Ölümünə qədər isə Ağdam, Bərdə və Bakıda xidmət edib, 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Zəngilana ilk köçkünlər nə vaxt köçəcəklər? – Prezident açıqladı

Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Bunu Prezident İlham …