Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Mərdəkandakı tarixi qala baxımsız qalıb – FOTOLAR

Mərdəkandakı tarixi qala baxımsız qalıb – FOTOLAR

Bakıda bir çox tarixi abidələr var ki, baxımsız vəziyyətdədir. Belə ki, bu abidələr Mədəniyyət Nazirliyinin balansında olsa da, faktiki olaraq həmin abidələrə nəzarəti yaxınlıqda yaşayan sakinlər və ya tarixi abidəyə ürəyi yanan vətəndaşlar edirlər.

Həmin abidələrdən biri də Mərdəkanda 12-ci əsrə aid olduğu bildirilən Böyük Mərdəkan qəsridir. İnsanlar bu abidəni daha çox Mərdəkan qalası kimi tanıyırlar. Qalanın yaxınlığında olduğumuz zaman Mərdəkan sakinlərindən öyrəndik ki, abidə tamamilə unudulub. Sakinlər Musavat.com-a bildirdilər ki, Mərdəkan qalasına illərdir ki, yaxınlıqda yaşayan Vidadi Əmrullaoğlu nəzarət edir. Ömrünü bu qalaya nəzarət etməklə keçiriən Vidadi kişi də yaşlanandan sonra abidənin vəziyyətinin necə olacağı bilinmir.

Qalada olduğumuz zaman müşahidə etdik ki, abidənin girişində buranın Mədəniyyət və Turizm Nazirliyinin balansında olması ilə bağlı lövhə vurulub. Maraqlı isə budur ki, faktiki olaraq hazırda bu adda ölkədə nazirlik mövcud deyil. Belə ki, 2018-ci ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi. Əvəzində Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi olmaqla iki qurum yaradıldı.

Agentlikdən Musavat.com-a bildirildi ki, həmin abidə onlara tabe deyil. Yəni hazırda abidəyə nəzarət etməli olan qurum Mədəniyyət Nazirliyidir. Abidənin durumu göz önündədir, görünən dağa bələdçi lazım olmadığı kimi, burada da ciddi nəzarətdən danışmağa dəyməz.

Qala bərbad durumda olsa da deyilənə görə, bu ərziyə turist axını çox olur. Eyni zamanda qala ətrafında müxtəlif kliplər, filmlərdən franqmentlər də çəkilir.  Ancaq qalaya gedən yol belə təmirsiz vəziyyətdədir. Ətrafdakı sakinlər bildirdilər ki, qış aylarında qalaya aparan yoldan su əlindən keçmək mümkün deyil. Mərdəkan sakinlər bildirdilər ki, əslində bu qala 12-ci əsrdə tikilib. Ancaq üzərindəki lövhədə qalanın 13-cü əsrə aid olduğu qeyd edilib. Bu lövhə də üzərinə “Mədəniyyət və Turizm Nazirliyi” yazılan dəmir parçası ilə həmyaşıddır. Yəni ikisini də eyni vaxtda vurublar.

Öyrəndik ki, qalanın tikintisi zamanı balıqqulağı və əhəngdən, yumurta sarısından, keçi və dəvə yunundan istifadə edilib. Hündürlüyü 22 metr, 76 pilləsi, 6 otağı olan qala müdafiə məqsədilə tikilib. Böyük müharibələr nəzərə alınaraq, qalanın içində ərzaq anbarı kimi istifadə etmək üçün 108 quyu qazılıb.

Sonra yeraltı tunellər vasitəsilə digər qalalarla əlaqə yaratmağa çalışıblar. Keçmişdə dənizdən təhlükə hiss edən zaman bu qalanın üzərində tonqal qalayıblar. O zamanlar çoxmərtəbəli binalar olmadığı üçün Mərdəkanda qalanan tonqal, şəhərin mərkəzindən görünərmiş və hücumun qarşısını almaq üçün tədbirlər görülərmiş.

Yaxınlıqda yaşayan sakin Əhməd Quliyev bildirdi ki, bu qalaya gələn turist içəridəki vəziyyətdən çox təəccüblənir: “Qalanın üstünə çıxamağa çıxmaq təhlükəlidir. Çünki pilləkənlərə uzun müddətdir ki, baxan yoxdur. İkincisi də natəmizlik var. Gündüz vaxtı yenə də təhlükəni gözə alıb qalaya çıxa bilərsən. Ancaq hava bir qədər qaralandan sonra içəri girmək mümkün deyil. Kiçik pəncərələri olan qalada heç bir işıqlandırıcı sistem mövcud olmadığı üçün qaranlqdan heç kim buraya yaxın durmur. Hazırda turizmin inkişafından danışılır. Qala da təmir olunarsa, turistsiz günü olmaz. İkincisi də burada digər lazımı şəraitləri də qurmaq lazımdır. Qalanın həyətinə illərdir ki, məcburi köçkün ailəsi məskunlaşıb. Onları da evlə təmin etsələr, burada turizm məqsədilə böyük işlər görmək olar”.

Onu da qeyd edək ki, qalanın damında quş damı tikilib. Hazırda həmin damda göyərçin saxlanılır…

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …