Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Mənə demişdi semestr imtahanları dövründə seyfdə yaxşı pul olur”

“Mənə demişdi semestr imtahanları dövründə seyfdə yaxşı pul olur”

Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Quliyevin oğlu Munir Vəliyev dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxıb. O, seyfindən 429 min manatlıq oğurluqla bağlı dindirilib.

Universitetin prorektoru çalışan Munir Vəliyev oğurluğa görə daha çox öz əmisioğlu – təqsirləndirilən şəxslər sırasında olan Vüqar Vəliyevi günahlandırıb. Sonuncu şəxs “Odlar Yurdu”nun hərbi və mülki müdafiə şöbəsinin müdiri işləyib.

Bu oğurluğa görə suçlu bilinib hakim önünə çıxarılan təkcə Vüqar Vəliyev deyil. Sabiq deputatın qardaşıoğlu ilə yanaşı, daha altı nəfər də mühakimə olunur – Sübhan Əkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Fərhadov, Fərahim Baxşıyev və Mirsənan Seyidov.

Fərahim Baxşıyev və Mirsənan Seyidovu çıxmaqla, digərləri oğurluqda, bu iki nəfərsə cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pullardan pay götürməkdə suçlanır.

Prorektor pullarını tələb edir

Munir Vəliyev deyir ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, amma oğurlanmış pulun geri qaytarılmasını tələb edir.

Məsuliyyətə cəlb olunanlardan yalnız Vüqarı tanıdığını deyən prorektorun sözlərinə görə, hadisə günü axşam ona gözətçi zəng vurub, kabinetin qapı-pəncərəsinin açıq olduğunu bildirib: “Gecəylə universitetə gəldim. Mən gələnədək gözətçi olanları polisə xəbər vermişdi. 18-ci bölmənin işçiləri artıq orada idilər. Seyfin içində 219 min dollar və 94 min manat pul olub. Pulu otağa bir gün əvvəl müavinim Ceyhun Əliyevlə gətirmişdik. Pulun gətirildiyini Vüqar Vəliyevlə Elməddin adlı keçmiş tələbəmiz görmüşdü. Ona görə də birinci gündən Vüqardan şübhələnmişdim”.

Vüqar Vəliyev əmisioğlunun onun ünvanına söylədiklərini inkar edib. Deyib ki, nə bu məsələdən xəbəri olub, nə də cinayətdə iştirak edib.

“Seyfi otağı yaxşı tanıyan adam aparıb”

Universitetin kadrlar şöbəsinin müdiri Rafiq Qasımov da məhkəmədə ifadə verib. Əhməd Vəliyevin Vüqara toy eləməsindən, ev almasına yardımından da söz açan Rafiq Qasımov deyir ki, əvvəllər özü də istintaq orqanlarında çalışıb: “Otaqdan seyfin oğurlanması oranı yaxşı tanıyan adamın işi ola bilərdi. Çünki o otağın üstündə heç Munir Vəliyevin adı yazılmamışdı. Bəs niyə kassadakı, mühasibatlıqdakı pulları aparmayıblar?”.

Təqsirləndirilən şəxslərdən Sübhan Əkbərov Vüqar Vəliyevin qaynıdır. Sübhan Əkbərov məhkəmədə ifadə verərkən oğurluq təklifinin bacısının ərindən gəldiyini, seyfin yerini ona Vüqarın dediyini bildirib: “Mənə demişdi ki, semestr imtahanları dövründə seyfdə yaxşı pul olur. Yoxsa mən haradan bilirdim? Mənim nəinki ali təhsilim, ümumiyyətlə, təhsilim yoxdu, heç bilmirəm semestr imtahanları nə vaxt olur”.

Vüqar Vəliyev deyilənləri təkzib edib.

Məhkəmə davam edir. (Azadliq.org)

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın