Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / “Mənə dəli deyirdilər”

“Mənə dəli deyirdilər”

Arzusu hüquqşünas olmaq idi.

Özü də ucqar rayonların birində vəkil kimi fəaliyyət göstərmək istəyirdi. Üç il ardıcıllıqla müsabiqəyə düşdüyündən qəbul ola bilmirdi. İş o yerə catmışdı ki, artıq Universitetə girə bilmədiyi üçün evdə valideynləri də dilə gələrək onu danlayırdılar. Bu sənətə gəlişi isə təsadüfən olub. Ancaq bir müddət sonra özünü bu sənətdən kənarda görə bilməyib. Teatrın qoxusu burnuna dəyər-dəyməz, yaxşı mənada bu virusa yoluxub. 63 illik ömrünün 36 ilini məhz sənətə, teatra həsr edib. İstedadı ilə bir çox səhnə əsərlərində maraqlı obrazlar qalereyası yaradıb. Sözün əsl mənasında sənətinin fədaisinə cevrilib.

Bu sənətdə gözügötürməməzlik, paxıllıq, xəbislik deyiləcək sənət meyarından uzaq bütün xoşagəlməz hallarla üz-üzə qalıb. Hətta təzyiqlər və təsirlər o həttə catıb ki, obrazları əlindən alınıb, rejissorların bir qismi onunla işləməkdən imtina edib, haqqında şayiələr gəzib və sonda “dəlidir” deyərək ələ salınıb. Ancaq idrakı və zehni düşüncəsi bütün bunlara qalib gələ bilib. Sənət yollarında özünü təsdiqləyib. Yaratdığı əsərlərdə hər zaman səhnədə emosional bir aktrisa olaraq ifadə vasitələrində olan lirizm calarları onun obrazlarında oyun tərzinə bir emosional zəriflik bəxş edib. Aktrisa hər an səhnədə dramatik obrazlarla yanaşı, komediya və ya faciə janrında belə oynasa da oyun tərzi maraqla qarşılanmaqla tamaşaçıların sevimlisinə çevrilib. Respublikanın əməkdar artisti Rəhilə Məmmədova.

Rəhilə Zahid qızı Məmmədova 1955-ci il dekabr ayının 17-də Qazax rayonunun Yenikənd kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə elə bu kənddə bitirib. 1972-1975-ci illər ərzində Bakı Yüngül Sənaye Fabrikində işləyib. 1975-1978-ci illərdə Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif şöbəsinin aktyorluq və rejissorluq fakültəsini bitirib. O illəri xatırlayarkən aktrisa deyir: “Mən ümumiyyətlə aktrisa olmaq fikrində deyildim. Baxmayaraq ki, orta məktəbdə oxuyarkən bədii qiraət məndə çox yaxşı idi. Hətta ədəbiyyat müəllimimiz məni sinif-sinif gəzdirib dərsləri şagirdlər qarşısında söylədirdi. Bir gün təsadüfən qəzetlərin birində oxudum ki, Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif şöbəsinə qəbul var.

Bu zamanlar mən artıq Bakıda əmimgildə qalmaqla Yüngül Sənaye Fabrikində çalışırdım. Bu niyyətimi əmimə dedim. O, da dedi ki, sən çox savadlısan. Texnikuma girmənə heç razı deyiləm, həm də texnikuma qəbul pulludır, girə bilməyəcəksən. Yenə də sanki böyük sözünə qulaq asdım. Ancaq evdən xəbərsiz sənədlərimi Krupskaya adına Kitabxanaçılıq Texnikumuna verdim”.

Bu texnikumda aktrisa Rəhilə Məmmədovaya Kamal Əzizov dərs deyirdi. Kamal Əzizov həm də Gənc Tamaşaçılar Teatrında çalışırdı. Gənc Rəhilənin istedad və bacarığını görən Kamal Əzizov onu Gənc Tamaşaçılar Teatrına tanışlıq məqsədilə dəvət edir. Aktrisa xatirələrində deyir:“Rəfiqəmlə teatra getdim. Kamal müəllim məni teatrla və baş rejissor Ağakişi Kazımovla tanış etdi. Mustay Kərimin “Odu atma, Prometey!” pyesinin məşqləri gedirdi. Biz məşqə baxdıq. Məşqdən sonra onun niyyətini öyrənmək istədim. Dedi ki, sadəcə, elə belə dedim bir teatrla tanış olasan. Bu görüşdən iki-üç gün sonra artıq texnikumda dövlət imtahanları idi. Bu vaxt Kamal Əzizov mənə yaxınlaşıb dedi ki, səni işə götürürük teatrımızda gütləvi səhnələrdə iştirak etmək üçün”. 

Texnikumu qırmızı diplomla bitirən Rəhilə Məmmədova bu zaman artıq təyinatını Səlyan rayon Mədəniyyət şöbəsinə alır. Ancaq Kamal Əzizovun təkidilə rəhmətlik atası Zahid kişilə birgə Mədəniyyət Nazirliyinə gedib İncəsənət İnstitutuna girmək arzusunu bildirərək bir müddətlik möhlət hüququnu istəməklə yenidən Bakıda qalmalı olur. “Bu minvalla razılaşdıq. Gənc Tamaşaçılar Teatrına işə girdim. Bir müddət gütləvi səhnələrdə, epizodlarda çıxışlar etdim. 1975-1978-ci illər idi. Moskva qastroluna da getdim. Qayıtdıqdan sonra rəfiqəmlə birgə İncəsənət İnsitutuna yenidən qəbul üçün işlərimizi verdik.

O zaman teatr sənəti ixtisasından imtahan götürən mərhum Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov idi. İmtahanları tam verdim. Hamısından “4” aldım. Bircə sonuncu imtahandan – tarix fənnindən “5” aldım. İmtahandan evə gəldim və gördüm ki, mərhum anam gəlib. Qonşular bilirdilər ki, imtahana getmişəm. Ancaq anamdan qorxduğumdan deyə bilmirəm ki, nə etmişəm. Qonşular soruşur arxadan əlimlə beşi göstərirəm. Sonda anama da çəkinə-çəkinə dedim ki, instituta girmişəm. O illərdə ailə üzvlərimiz məni məcbur Texnologiya İnstitutuna göndərmək istəyirdilər. Ancaq mən getmək istəmirdim. İş o yerə çatdı ki, mən attestatımı yandırdım ki, instituta getməyim”.

Beləliklə Rəhilə Məmmədova 1978-1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsilini davam etdirib. İnstitut illərində hər zaman xalq artistləri Şəfiqə Məmmədova və Hökümə Qurbanovanın səsinin vurğunu olan Rəhilə onların radio tamaşalarını hər gecə maraqla dinləməkdən doymurdu. Gecələri belə yatmayan gənc Rəhilə bu səslərin sehrli aləminə vurğun idi. Bütün bunlara baxmayaraq Rəhilə Məmmədova təhsili yarımçıq qoymaq istəyir və sənətdə özünü doğrulda bilməmək qorxusu onu rahat buraxmır.

Fikirləri, düşüncələri qarışır və İnstitut həyatını birdəfəlik tərk etmək istəyir: “O illərdə Azərbaycan Televiziyasında Əmirhüseyn Məcidovun “Ozan” verilişi vardı. Bu verlişə ilk dəfə olaraq ikinci kursda çəkildim və çox uğurlu oldu. Ancaq bu verilişdən sonra mən İnstitutdan çıxmaq istədim. Nədənsə oxumaq istəmirdim. İki dəfə çıxmaq üçün ərizə yazsam da müəllimlərim tərəfindən cırılıb atıldı. Bu minvalla Vaqif Abbasov kursumuza sənət müəllimi olaraq gəldi. Mənim bütün olan əyər-əskiklərimi o zaman Vaqif Abbasov aradan qaldırdı. Demək olar ki, bütün günümüz Musiqili Komediya Teatrında, onun yanında olurdu. Bir gündə mən həqiqətən rejissor işini onda gördüm. Məhz aktyorluğu mənə bu şəxs tam mənası ilə sevdirə bildi. İlk işimiz onunla Olvinin “Hər şey bağdadır” pyesindən başladı. İkinci kursda heç zaman bütöv tamaşa hazırlanmır. Ancaq Vaqif Abbasov bu pyesi bizimlə işlədi. Məhz bu quruluş bizim kursumuz üçün çox uğurlu oldu. Sonra Faiq Zöhrabov “Lacın yuvası”na quruluş verdi. 1978-1982-ci illərdə İncəsənət İnstitutunu bitirdim. Vaqif Abbasovun vəfatı xəbəri isə mənə çox pis təsir etdi. Bu insan sənətdə məni mənim özümə tanıtdıra bildi”.

1982-ci ildə Universiteti bitirdiyi ili təyinatını Şəki Dövlət Dram Teatrına alan aktrisa hər zaman Şəki mənim üçün daha çox doğma olub – deyir. Aktrisanın elə ilk günlərdən bu teatrın səhnəsində daha çox pərəstişkarları olub. Həm də bu teatra təyinatı mərhum Vaqif Abbasovun xatirəsinə görə aldıqlarını söyləyir. O illəri xatırlayan Rəhilə Məmmədva bu gün də söhbətlərimiz zamanı çox böyük maraqla ara bir qəhər boğazını boğsa da gözləri yaşarır və yenə də böyük həvəslə gənclik illərindən danışır: “Ayişad, mərhum Ələkbər Hüseynov, mən və Zenfira Şəkiyə getdik. Əslində təyinat veriləndə mərhum rektorumuz Aslan Aslanov məni buraxmırdı. O istəyirdi ki, mən Bakı teatrlarının birinə təyinat alım. Mən bu zaman dedim ki, biz rəhmətlik Vaqif Abbasova söz vermişik. Qala bilmərəm. Aslan Aslanov mənə dedi ki, Bakıda olan teatrların hansını istəyirsənsə seç. Hətta kinostudiyada da işlə təmin olunmağına köməklik edirəm. Tədris Teatrında da əlavə iş saatı və İnstitutda isə dərs deyə bilərsən. Qəribə bir məqam idi ki, mənim üçün bu qədər uğurlu təkliflər vardı. Ancaq mən bunların hamısının üstündən xətt çəkib, Şəkini seçdim. Şəkidə bizi çox yaxşı qarşıladılar. Allah Hüseynağa müəllimə qəni-qəni rəhmət etsin”.

Rəhilə Məmmədova Şəki Dövlət Dram Teatrına gələn kimi mərhum rejissor, respublikanın əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin diqqətini cəlb edir. Buna görə də aktrisa ilə ilk gündən səhnədə işləmək qərarına gəldiyindən ona M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında Şölə xanım obrazını həvalə edir. Aktrisanın ilk debütü uğurlu olur. Daha sonra U.Şekspirin “Romeo və Cülyetta” faciəsində Ledi Kapulletti obrazı ona həvalə olunur. Ardınca isə S.Rəhmanın “Toy” komediyasında Zalxa obrazı onun bir aktrisa olaraq istedadını nümayiş etdirir.

Tarixi faktlarda 1591 və ya 1592-ci illərdə qələmə alınması bildirilən Uilyam Şekspirin məşhur “Romeo və Cülyetta” faciəsinin məşq proseslərini xatırlayan Rəhilə Məmmədova deyir: “Bu obraz məndə heç alınmırdı. Hər dəfə də deyirdim ki, mən bu yaşımda Şekspir dramaturgiyasına hazır deyiləm. Mən etiraf etməyi hər zaman bacarıram. Hüseynağa müəllim məni bir gün otağa çağırıb dedi ki, bu obrazı səndən alıb bir başqasına verə bilərəm. Ancaq bununla da bir aktrisa kimi səni məhv etmiş olaram. Ona görə də öz obrazın üzərində işlə. Hüseynağa müəllimin bu sözü mənə çox pis təsir etdi”.

Aktrisa bu söhbətdən sonra obraz üzərində böyük əzmlə çalışmağa başlayır. Rejissor Hüseynağa Atakişiyev də aktrisanın gücünə inanır. Belə də olur. Obraz aktrisa tərəfindən elə ilk baxışdanca maraqla qarşılanır və teatr içtimaiyyəti bu obrazın mahir ifaçılarından biri kimi Rəhilə Məmmədovanı qeyd edirlər. Daha sonra Anarın “Sizi deyib gəlmişəm” pyesində Həmidə xanım surəti də onun uğurlu səhnə obrazlarından birinə çevrilir.

Aktrisa taleyini 1986-cı ildən Gəncə Dövlət Dram Teatrına bağlayır. “Müsyö Jordan və dərviş Məstəli şah”da Xanpəri, “Oqtay Eloğlu”da Tamara, “Solğun çiçəklər”də Gülnisə, “İnsan ömrü bir nəğmədir”də Sara, “Bəraət”də Mirvari, “İntizar”da Nigar, “Yel Əhmədin bəyliyi”də Pəri, “Ayının qış yuxusu”da Küpəgirən qarı, “Məhəbbətin qənimi”də Gülzar xala, “Mahnı dağlarda qaldı”da Fəxrəndə, “Qanun dəllalı”da Sona, “Bu dünyanın adamları”da Sevər, “Unuda bilmirəm”də Səadət xanım, “İtgin gəlin”də Zümrəyin anası, “Unutmaq istəyirəm”də Ülviyyə, “Fosforlu Cevriyyə”də Şəfiqə, “Tələ”də Florens, “Gözəlçələr”də Məhtab, “Ağ bayraqlar”da Ana surətləri Rəhilə Məmmədovanın maraqla yaradılan və uğurlu səhnə taleyi yaşayan obrazları silsiləsinə daxildir. Rəhilə Məmmədova bu gün də Gəncə Dövlət Dram Teatrına ilk gəldiyi günləri xatırlayarkən deyir: “Nə qədər istedada sahib olsamda hər zaman qocaman səhnə ustalarından öyrənməyə çalışmışam. Mən bu teatra gələndən sonra altı ay ancaq oturub tamaşalara baxırdım. Burada elə tamaşalar vardı ki, mən aktyor ifalarına baxarkən zövq alırdım. Bu gün də tamaşalarımıza baxıram. Düzdür indi də gözəl tamaşalarımız var. Ancaq o dövrün tamaşalarının yerini heç nə vermir. Ötən tamaşalarımızda bir istilik vardı. İnsanlara yaxınlıq, doğmalıq vardı. Bu teatrda sonralar xalq artistləri, mərhum qocaman səhnə ustalarımız olan Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova ilə tərəfmüqabili olduqda səhnədə yaşayırdım”.

Sözsüz ki, istedad yolunda çətin günlər də az deyil. Yaradıcılığına kölgə salmaq, onu əzmək hətta uğurlu obrazlarının belə nəzərə alınmaması, təzyiqlər və təqiblər də olub. Ancaq büdrəməyib. Əksinə bütün olan haqsızlıqlara qarşı dözüb, sənətini və yaradıcılığını sübut edib. Aktrisa o illəri xatırlayarkən ötənlərə gülür və deyir: “1990-cı illərdə bir müddət bu teatrda mənə qarşı haqsızlıqlar başladı. Sanki repressiya dövründə idim. Yaxşı yadımdadır, Əlibala Hacızadənin “İtkin gəlin” pyesində Zümrəyin anası obrazını xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə verdilər. Ancaq obraz həvalə olunsa da sözlərini əzbərləmək üçün vermədilər. Heç yadımdan çıxmaz. Xalq artisti, mərhum sənətkarımız Rəmziyyə Veysəlova məni öz evinə çağırıb, obrazın həm sözlərini, həm də əlimdən tutub mizanlarını mənə öyrətdi. Həmin axşamı gəlib tamaşanı oynadım. Səhnədə həddən artıq tələbkar bir tərəfmüqabilim olan xalq artisti Sədayə Mustafayeva ilə oynamaq mənim üçün böyük imtahan demək idi. Mən buna baxmayaraq bu imtahandan çıxdım. Hətta teatrın o zamanlar baş rejissoru və bu tamaşanın quruluşçu rejissoru olan Yusif Bağırov gəlib dedi ki, tamaşada heç bilinmədi ki, Rəmziyyə Veysəlova yoxdur. Sanki o özü oynadı bu səhnəni yenə də. Mən bu gün qocaman səhnə ustaları olmasa idi səhnənin uğurunu heç vaxt bölüşə bilməzdim. Düzdür, hətta döyüldüyüm də, söyüldüyüm də günlər olub. Hətta mənə bu teatrda dəlidir də dedilər. Amma… Məni tanımaq üçün mən olmağı bacarmaq lazımdır. Bu həyatda heç kimə pislik edə bilmirəm”. (Cebhe.info)

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …