Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Cəmiyyət / MƏMURLARIN 1 SAYLI VƏZİFƏSİ: XALQA XİDMƏT!

MƏMURLARIN 1 SAYLI VƏZİFƏSİ: XALQA XİDMƏT!

Xalqımız Qurban bayramını qeyd edir. Mübarək olsun!

Azərbaycan Prezident İlham Əliyevin bayram münasibəti ilə Azərbaycan xalqına bu ilki təbrikində də vurğulandığı kimi bu bayram “…özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.”

Bəli, Qurban bayramı, ümumən bayramlar əsasən öz sosial xarakteri ilə, yardımlaşmaq, xeyirxahlıq, yada salmaq… kimi cizgilərlə şərtlənir, məzmunlanır. Bax, belə bir gündə dövlətimizin sosial mahiyyəti, hökumətimizin sosial siyasəti barədə bəzi fikirlərimi oxucularla bölüşmək istərdim.

Ünlü ingilis politoloqu Endrü Heyvudun (Andrew Heywood) bir yaxşı söz var, deyir: “Dövlət ortaq yaxşılığı, ümumi iradəni təmsil etməyə çalışır”. Bəlli olduğu kimi, dünyəvi dövlət siyasi sistemin ən əsas təsisatı olaraq, toplumu idarə edir, qoruyur, onun siyasi, ictimai quruluşunu təmin edir, xalqı ali ideallar, tarixi haqlar və ədalət uğrunda irəli aparır, təşkil edir. Qədim Yunan filosoflarından Demokrit, dövlətin vəzifəsini hamının rifahını və ölkədə ədaləti təmin etməkdə görürdü. Anadolulu qardaşlarımız demiş, Dövlət baba siyasi quruluşu, toplumun sosial-siyasi strukturunu qoruyub saxlamaqla yükümlüdür. Təsərrüfatçı, təşkilatçı funksiyalar və ictimai, iqtisadi vəzifələr (örnəyi, iqtisadi sabitliyi təmin etmək, pul-tədavül prosesini qanunla tənzimləmək), sosial vəzifələr (sosial proqramın yerinə yetirilməsi), habelə təhsilin, mədəniyyətin, elmin inkişafı, ordu quruculuğu, müdafiənin təşkili və s. dövlət babanın üzərindədir.

Bir sözlə, toplumun hərtərəfli inkişafı, bütün əməli çalışma sahələrinin istiqrarı, inkişafı, vətəndaşların mənəvi həyatının ardıcıl şəkildə təkmilləşdirilməsi dövlətin əsas fəaliyyət sferasına daxildir.

Əsasən dinc dövrdə, hər hansı forma və məzmunlu xarici müdaxilələrin zəif olduğu dövrlərdə dövlət əsasən sosial sahəyə fokuslanır. Yuxarıda qeyd etdiyimiz bəlli tərif və dəyərləndirmələrdən də göründüyü kimi, əhalinin sosial rifah halı dövlət üçün prioritetdir. Əgər ərazi bütövlüyünün pozulduğu, elan olunmamış müharibəyə cəlb olunduğu dövrdə də, dövlət baba sosial sahəni ön sıralara qoyur və diqqətdə saxlayırsa, bu dövlətin, necə deyərlər, ən üstün xarakteristikasıdır. Üstəlik, qaçqın və məcburi köçkünlərimizin, əziz şəhid ailələrimizin, müharibədə sağlamlığını itirmiş dəyərli vətəndaşalarımızın, qiymətli veteranlarımızın müəyyən problemləri, o cümlədən müdafiənin təşkili, ərazilərimizin işğaldan azad edilməsi məsələləri… bütövlükdə, elan olunmamış müharibə dövlətin üzərinə əlavə məsuliyyətlər gətirir.

Belə bir fonda (ortamda) Azərbaycan dövlətinin sosial siyasətini – məsələn, cari ildəki səylərini nəzərdən keçirsək, xeyli vurğulanmalı, fərqləndirilməli məqam görərik:

– 2019-cu ilin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər, Azərbaycan Prezidentinin Fərman və Sərəncamları, təsdiqlənmiş və artıq yürülükdə olan “sosial zərf”lər;

– Prezidentin yanında 31 iyulda keçirilmiş son müşavirə də daxil olmaqla, Azərbaycan Prezidentinin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə şəxsən səsləndirdiyi faktlar;

– Prezidentin dövlət strukturlarına, məmurlara vətəndaşların sosial problemlərinin həllinə diqqətlə yanaşmalarını 1 saylı tapşırıq olaraq verməsi;

– Artıq daha çox ailənin, daha çox fərdin, o cümlədən ayrı-ayrı sosial təbəqələrin, özəlliklə aztəminatlı, imtiyazlı ailələrin yeni “sosial zərf”lərin müsbət təsirlərini öz üzərlərindən hiss etməsi və s.

Dövlət babanın sabitqədəm addımlarını, məqsədyönlü işini, inkişaf və tərəqqinin özünü göstərməkdədir.

***

Yuxarıda sadaladıqlarımız fonunda, respublikanın istehlak bazarında qiymət artımının müşahidə olunduğu barədə müxtəlif iddiaları nəzərə alaraq, bu istiqamətdə də bir neçə kəlmə demək istərdim. Əlbəttə, bir yazar, bir vətəndaş olaraq, mən qiymətlərin nəinki artmasını, hətta mümkün olduğunca daha da ucuzlaşmasını arzu və təmənna edirəm. Bununla belə, “bir məhsulun qiyməti necə formalaşır, necə müəyyənləşir və sabitləşir?” deyə özümüzə sual verməkdə yarar var; arzularla gerçəkliklər heç də həmişə üst-üstə düşmür; qiymətlə, qiymətqoyma ilə ayrıca elm sahəsi məşğul olur.

Süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alındığı və səbəbkarların cəzalandırıldığı barədə şəxsən dövlət başçısının fikirləri, rəyi bizim ilk ciddi, mötəbər istinadgahımızdır. Əgər hansısa məhsulda qiymət artımı varsa, bunu illa da süni amillərlə bağlamaq düzgün (elmi) yanaşma deyil. Burada obyektiv səbəblər də ola bilər, məs., bu, ilk növ­bədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır.

Deyək ki, texnoloji avadanlıq, gübrə və s.-nin qiymətində dəyişiklik avtomatik olaraq, respublikadakı istehsal prosesinə də öz təsirini göstərir;

Danılmamalıdır ki, son illər respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır. O cümlədən son illər istifadəyə verilmiş gübrə zavodu daxili bazar ehtiyaclarının bir qisminin ödəyir. Bunun sayəsində məhsul artımı müşahidə olunur;

Biz yalnız məhsul almırıq, məhsul da satırıq və ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə alıcıları da artır və daha çox məhsul ixrac edirik. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur;

Sosial sahədə həyata keçirilən, kənd təsərrüfatının inkişafı ilə bağlı gerçəkləşən tədbirlərin kənd həyatına müsbət təsiri getdikcə daha çox hiss olunacaq.

Yazımın sonunda bir daha Azərbaycan Prezidentinin Qurban bayramı münasibəti ilə xalqa təbrikinə qayıtmaq istəyirəm. Prezident deyir: “…Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.” – Bu sözlər, belə bir yazı üçün yaxşı ümumiləşdirmədir və mən də başqa heç nə yazmadan, Prezident təbrikində ifadə olunan inamın, alqışın həyata keçməsini uca Tanrıdan arzu və təmənna edirəm!

Əkbər Qoşalı

Həmçinin oxuyun

“BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!”

Yeni tədris ilinin başlanması ilə məktəblərin köhnə problemləri yenə də baş qaldırıb. Bir çox məktəblərdə …