Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / “Məktəbə corab, paltar, gül satmaq üçün gələn müəllimlər var”

“Məktəbə corab, paltar, gül satmaq üçün gələn müəllimlər var”

Kamran Əsədov: “Elə müəllim də var ki, məktəbə ancaq iş yerindən arayış almaq üçün gedir”

Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsi məqsədi ilə təşkil edilən imtahanlarda müəllim kontingentinin bəlli bir qisminin aşağı nəticə sərgiləməsi daim ölkə mətbuatı və sosial şəbəkələrdə müzakirə edilən əsas məsələlərdən biri kimi diqqət çəkir.
Müəllimlərin bəlli bir qisminin imtahanlarında qeyri-qənaətbəxş nəticə göstərməsi nə ilə bağlıdır? Bu reallıq həm də ali məktəblərdə verilən təhsilin keyfiyyətsiz olduğunu iddia etməyə əsas verirmi?
Moderator.az-a açıqlama verən tanınmış təhsil eksperti Kamran Əsədov problemin bir çox amillərdən qayanqlandığını qeyd etdi:
“Ölkəmizdə 4472 orta məktəb var. Bu məktəblərdə 151 min müəllim çalışır. 65 yaş son yaş həddidir. Bu isə o deməkdir ki, bu gün 45-50 yaşında olan müəllim test yolu ilə universitetə qəbul olan şəxslərdir. Onlar ali məktəblərə qəbul imtahanlarında minimum bal – 200-250 bal toplayaraq müəllimlik ixtisasına qəbul olublar. Müəllimlik ixtisasını bir çox hallarda kimlər seçir? O adamlar ki, onlar ali məktəbə qəbul imtahanlarında yetərli bal toplaya bilmirlər. Hüquq və digər perestijli ixtisaslara qəbul ola bilmirlər. Bu səbəbdən də gedib müəllimliyi oxuyurlar. Yaxud iş tapa bilmədiyi üçün bir müddətədn sonra gəlib müəllim işləyirlər. Bunlar o şəxslərdir ki, onların giriş və universitet nəticələri qənaətbəxş deyil.
Bu gün ölkədə 54 ali təhsil mərkəzi var. Onların 34-də müəllimlik ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Lakin bu məktəblərdə hazırlanan kadrların bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Ali məktəblərdə pedaqoji yönümlü ixtisaslarda tədris resursları, materiallar müasir dövrün tələblərinə cavab verə bilmir. Adi bir kurikulum ali məktəblərdə tədris olunmur. Yaxud bir semestr ərzində – kiçik vaxt müddətində tədris olunur. Müəllimlərə daha çox nəzəri bililər verilir. Praktika isə aşağı səviyyədə öyrədilir. Ona görə də orta məktəbə gələn müəllimlər çox vaxt yüksək bilik və bacarığa malik olmurlar. Onların əlində yalnız diplom olur.
Hesabatlı olmadığına görə bəzi müəllimlər gündəlik vaxt keçirmək üçün məktəblərə gəlir. Orta məktəbdə çalışan müəllimlər arasında elələri var ki, onlar az dərs keçməyə çalışır və çalışırlar ki, uşaqları repetitor kimi yanlarına cəlb etsinlər. Bəzi müəllimlər isə məktəbə hansısa kredit almaq üçün iş yerindən arayış almaq üçün gedir. Bəzi müəllimlər də var ki, müəllimlər otağında corab, paltar, gül satır. Elə müəllimlər də var ki, onlar məktəbə sırf kollektiv içində olmaqüçün gəlir. Təəssüf ki, bu gün bizim müəllimlərimizin arasında məktəbə, təhsilə aid olmayan səbəblər üçün gələnlər də var və onların sayı heç də az deyil. 2014-2017-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə nəzər salın. 45% minimum suala güclə cavab verə bilib. Ibtidai müəllimlər arasında elələri oldu ki, 0 bal topladı.
Təhsil Nazirliyi nəticəsi az olan müəllimlərlə bağlı imtahan keçirir. Orada da xoşagəlməz hallar baş verir. Imtahanda konspektdən, qulaqcıqdan istifadə edən, nəzarətçiyə pul təklif edən, özünü yerinə başqasını gətirən müəllimlər var. Biz bunlara öz gələcəyimiz etibar etmişik. Onlar isə öz ixtisaslarından imtahan verməkdən qorxurlar. Bunları işdən azad etmək lazımdır. Onların yerinə daha perspektivli gənclər gətirmək lazımdır”.

Həmçinin oxuyun

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib. “Report”un yerli …