Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Məhkəmə ilə “İdeal” şirkətinin ideal “şərikliyi”

Məhkəmə ilə “İdeal” şirkətinin ideal “şərikliyi”

“Dedim ki, bu dövlətin sahibi var, bu iş belə qalmayacaq. Şirkət nümayəndəliyinin cavabı isə “məhkəmənin qərarı çoxdan hazırdır, get kimə istəyirsən, şikayət et, onsuz da heç nə edə bilməyəcəksən, sən bizim üçün cılız birisən” oldu”.

Bunu virtualaz.org saytına açıqlamasında 8 il əvvəl mənzil almaq üçün “İdeal-İ-İnşaat” MMC ilə müqavilə bağlayan, bir ildən artıqdır ki, məhkəmə qapılarında qalan Bakı şəhər sakini İlhamə Abdullayeva deyir.

Şikayətçinin dediklərindən belə məlum olub ki, 2007-ci ildə mənzil almaq üşün “İdeal-İ-İnşaat” MMC ilə müqavilə bağlayıb. İlkin ödəniş olaraq 10 min manat da pul ödəyib.

“İdeal-İ-İnşaat” MMC-nin S.Vəzirov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi yaşayış sahəsi 63,4 kvadratmetr olan mənzilin 24 ay müddətində tikilib İ.Abdullayevaya verilməsi nəzərdə tutulub. Müqavilə üzrə o, 35 min 500 manat məbləğin 23 min 423 manatını MMC-yə ödəyib, 12 min manat borcu qalıb.

İlhamə Abdullayeva deyir 2008-ci ilin əvvəllərində vəsaiti ödəmək məqsədilə MMC-yə gedərkən məlum olub ki, binanın tikintisi tam şəkildə dayandırılıb: “Bundan sonra tikintinin dayanma səbəbini öyrənmək üçün şirkətin vəzifəli şəxsləri ilə dəfələrlə əlaqə saxlasam da hər dəfə aldadıldım. Son ödənişi 2008-ci ilin may ayında elədim. Ev 24 aya təhvil verilməli idi. Pulu ödəyirdim, amma görürdüm ki, binanın heç özülü də qazılmayıb.

Televizorda ev alqı-satqısı dələduzluğu ilə bağlı bəzi şeylər eşidirdim, özlüyümdə narahat olurdum. Şirkətinin rəhbəri İsa müəllimlə danışırdım ki, bəs, ev niyə tikilmir. O da mənə söz verirdi ki, tikiləcək. İki uşağımla gah kirayədə, gah da ana-atamın evində qalırdım. İlkin ödəniş üçün verdiyim məbləğ atamın illərlə yığdığı pul idi. 2007-ci ildə müqavilə imzalamışıq. Artıq 8 ildir ki, həmin binadan heç kimə ev təhvil verilməyib.

Bir il ərzində ev üçün pul ödədim, borcumdan 12 min manat qalmışdı, amma ortada ev yox idi. Heç kim də demirdi ki, ev yoxdur, niyə pul ödəyirsən. Bu yaxınlarda məlum oldu ki, mənim aldığım ev satılıb. Şirkətin rəhbəri İsa müəllim dedi ki, evin satılıb. Halbuki onlar özü bizimlə imzaladıqları müqaviləni pozmuşdular. Belə ki, müqavilə 24 aylıq idi, amma ev 8 il ərzində təhvil verilməmişdi”.

Aldadıldığını deyən İ.Abdullayeva bildirdi ki, “İdeal-İ-İnşaat” MMC-yə qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsi qismən təmin olunub və sözügedən mənzilin tikilib İ.Abdullayevaya təhvil verilməsi ilə bağlı qətnamə çıxarılıb: “Qarşı tərəf Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verdi. Şirkət bu dəfə də məhkəmədə qanunsuz əməllərini davam etdirib köhnə tarixə başqa şəxsə saxta müqavilə hazırladı. Guya ödəniş etmədiyimə görə mənimlə bağlanan müqaviləni ləğv etdilər. Apelyasiya Məhkəməsi onların xeyrinə qərar çıxardı. Biz də Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 17 mart, 2015-ci il tarixli qətnaməsini ləğv edərək işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərdi”.

Şikayətçi deyir ki, növbəti apelyasiya şikayətinə 16 sentyabr, 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə baxılıb: “Bir neçə gün əvvəl qərar verilməli idi, amma təxirə salındı. Məhkəmə başlamamışdan əvvəl “İdeal-İ-İnşaat” MMC-nin nümayəndəsi mənə yaxınlaşaraq gülə-gülə məhkəmənin qərarının çoxdan hazır olduğunu, apelyasiya şikayətlərinin yenidən təmin olunacağını bildirdi. “Get nə edirsən et, qərar bizim xeyrimizə olacaq. Sabah sənə məhkəmənin qərarını göstərəcəyik ki, biz udmuşuq” dedi. Ona dedim ki, bu dövlətin sahibi var, hər yerə şikayət edəcəyəm. Cavabları “kimə istəyirsən, get şikayət et, onsuz da heç nə edə bilməyəcəksən, sən bizim üçün cılız birisən” oldu.

Sən demə, sözlərində həqiqət var imiş. Doğrudan da məhkəmə bizim əlyehimizə qərar çıxardı. Hakimin qərarını son günə qədər heç kim bilə bilməz. Amma hakim onların dediyi kimi, onların xeyrinə qərar verdi. Yenidən Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik”.

“İdeal-İ-İnşaat” MMC-nin məhkəmələrə təzyiq göstərdiyini iddia edən İ.Abdullayeva ədliyyə nazirinə müraciət edib. O, həmçinin dövlət başçısından kömək istədi: “İstəyirik ki, bu özbaşınalığın qarşısı alınsın. Məhkəməyə hansı yollasa təzyiq edirlər, qərarı öz xeyirlərinə dəyişirlər. Son ümid yerimiz prezidentimizədir. Cənab prezident, “İdeal-İ-İnşaat” MMC-nin bu qanunsuz əməllərinin davam etməsinin, müxtəlif yollarla məhkəmələrə təzyiq və təsirlər etməsinin qarşısını yalnız Siz ala bilərsiniz. Odur ki, bu işi xüsusi nəzarətinizə götürməyinizi xahiş edirik”.

Səslənən bu ittihamlarla bağlı “İdeal-İ-İnşaat” MMC-nin mövqeyini öyrənmək mümkün olmadı.

İnarə Rafiqqızı

Virtualaz.org 

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın