Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / MƏHBƏSDƏKİ FUADA ÜNVANLANAN DOST TƏBRİKİ – ELXAN ŞÜKÜRLÜ  YAZIR

MƏHBƏSDƏKİ FUADA ÜNVANLANAN DOST TƏBRİKİ – ELXAN ŞÜKÜRLÜ  YAZIR

Bu gün Kürdəxanı həbsxanasında saxlanan, indiyəqədərki ömrünün yarıdan çoxunu, demək olar ki, bütün gəncliyini Azərbaycanın xoşbəxt və firavan gələcəyi uğrunda mübarizəyə həsr etmiş fədakar bir insanın – Fuad Qəhrəmanlının 41 yaşı tamam oldu!
Mən Fuadla eyni rayondan – Şahbuzdan olsam da, onu 1996-cı ildə Bakıda – tələbəlik illərimiz zamanı tanıdım… O, indiki İdarəçilik Akademiyasında (ovaxtkı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu), mənsə Bakı Dövlət Universitetində oxuyurduq. Bizi ilk vaxtlar doğma Naxçıvanımızın xoş xatirələri, ortaq qohum və tanışlar yaxınlaşdırsa da, bu yaxınlıq sonradan çox ciddi bir ideya – güneyli-quzeyli Azərbaycanımızın azadlığı və demokratikləşməsi ətrafında birliyə, daha sonra isə sıx dostluğa çevrildi…

O vaxtın tələbələri, bu gün Azərbaycan siyasətinin və mətbuatının xeyli tanınmış adamı yaxşı xatırlayar: Fuad Qəhrəmanlı yataqxanada qaldığı 68-ci otağı əsl siyasi qərargaha çevirmişdi! Mən güneyli mühacir Güntaydan, Alpərdən tutmuş indi “Azadlıq”dakı Alı Rzayadək böyük və mübariz bir gənclik ordusuyla məhz bu otaqda tanış oldum, dostlaşdım… Bu otağa toplaşan, qızğın müzakirə aparan və sonra da böyük şövq və həvəslə müxtəlif ali məktəblərə səpələnən tələbələri, indikilərdən fərqli olaraq, nə sərvət, nə var-dövlət, nə eyş-işrət, nə cah-cəlal maraqlandırırdı; onların dilində, qələmində ancaq və ancaq millət, vətən problemləri, vətən dərdləriydi: “Qarabağ niyə işğalda qalmalıdır?”, “Güneyli Quzeyli Azərbaycan haçan birləşəcək?! “Ölkə haçan demokratikləşəcək?”…
İnanın, günümüzdən baxanda aydın olur ki, onlar bu millətin əsl fədailəriymiş! Uzaq Kanadadakı həmvətənlərimizdən tutmuş Çindəki uyğurlaradək, bütün dünyaya səpələnmiş Türk Millətinin maraqlı və şərəfli tarixi, uğur və uğursuzluqları, gələcək hədəfləri məhz burada – Fuad Qəhrəmanlının 68 saylı bu darısqal otağında yorulmaq bilməyən Azərbaycan gənclərinin alovlu nitqləriylə dartışılar, müzakirə edilər, bir-birindən maraqlı əsərlərin, kitabların gətirilb oxunması təmin edilərdi!
… Beləcə, bu müqəddəs dəyərlər, ideyalarla da həmin gənclik yoğruldu, yetişdi, formalaşdı, yetkinləşdi… Ancaq öndəkilərin yanlış taktikalarından və uğursuzluqlarından, komandanı əsir düşmüş ordunun əsgərləri kimi, bu “mücahidlər ordusu” dağıldı, hərə bir tərəfə səpələndi…
İndi Fuad Qəhrəmanlının 68 saylı otağından, o qərargahından keçmiş bu “mücahidlər ordusu” hərə bir yerə səpələnsə də, – sıralarında siyasi mühacirindən tutmuş dövlət vəzifəsində təmsil olunanlaradək var, – mən qəribə bir halı müşahidə etmişəm: o uşaqlar harda olsalar da, vicdanlarını itirmədilər, ləyaqətlə davrandılar, keçmişi unutmadılar və onlar olan yerdə də həmişə millətin maraqları öz maraqlarından üstün oldu; onlar həmişə haqqın, ədalətin yerini tapmasından yana oldular!
Tərəddüdsüz deyə bilərəm ki, onların belə yetişməyində isə bir nəfərin – indi Kürdəxanıda 41-ci yaşını tamamlayan Fuad Qəhrəmanlının misilisiz və müstəsna rolu, əməyi oldu!
Mən Fuadın həyatının hər bir epizodundan bugünkü Azərbaycan gəncliyinə örnək olacaq sayısız nümunələr sadalaya bilərəm! Ancaq buna lüzum yox! Çünki haçansa müasir Azərbaycanın gerçək siyasi tarixi yazılacaq və yalnız o zaman Fuad Qəhrəmanlı kimi gənclər qiymətini alacaq!

el
Qısaca olaraq, yalnız onu deyim ki, Fuad Qəhrəmanlı mübarizəsində həmişə səmimi olub və getdiyi yolun haqq yolu olduğuna da bütün varlığı ilə inanıb! O, həmişə bunu özünə, ömrünə biçilmiş müqəddəs bir missiya bilib! Onun bütün arzusu, idealları, düşüncələri ancaq və ancaq Azərbaycan, onun xoşbəxt gəlcəyi ilə bağlı olub! Çox səmimi şəkildə inanıb ki, ölkəni indiklərdən daha yaxşı idarə etmək olar və buna görə də mütləq mübarizə aparmaq lazımdır!
Elə mübarizəsində tam səmimi olduğundan, hər kəsin özü kimi olduğunu düşündüyündən, öndəkilərin də gerçək mübarizə aparmaq istəyində olduğuna inandığından, başı həmişə bəlalar, qovğalar çəkib.
O, eynən kitablarda oxuduğu, həyat və mübarizə yollarını dərindən mənimsədiyi parlaq şəxsiyyətlərin ömür yollarını özünə örnək seçmişdi və elə əsl mübarizə adamları, gerçək mücahid kimi də, düşünürdü ki, siyasi mübarizənin qələbə çalması üçün mütləq hər kəsin ətrafında birləşəcəyi, hər kəsin vəzifələndirdiyi bir fəaliyyət planı olmalıdır. 1998-ci ilin prezident seçkilərində iştirak edəcək “birləşmiş müxalifət”in – 5 prezidentliyə namizədin birgə hərəkəti üçün də bu 23 yaşlı gənc “Müxalifətin mitinq taktikası” adlı sənəd, fəaliyyət planı yazmışdı…
Yazdı… Ancaq həbsə atıldı… Mübarizəsini istədiyi, yol göstərməyə çalışdığı o “Birləşmiş müxalifət” isə Fuad Qəhərmanlı adlı bu gənci tez bir zamandaca unutdu: saxlandığı Bayıl həbsxanasına gedib-gələnlərin, “peredaça” göndərənlərin sayı azaldı; axıra cəmisi 3 nəfər qaldı – indiki həyat yoldaşı Zümrüd Yağmur, sadiq dostu Alı Rza və bir də “öz rayonlusu” olan bu sətirlərin müəllifi…
… Xatirimdədir, beynəlxalq təşkilatların israrlı tələblərindən sonra azadlığa buraxılan Fuad Qəhrəmanlı Bayıldan birbaşa o vaxtlar AXCP-nin və “Azadlıq” qəzetinin yerləşdiyi ünvana – Xaqani -33-ə gəlmişdi. Millətinin, türk gəncliyinin lideri saydığı rəhmətlik Elçibəylə görüşməliydi…
Görüşdü, ancaq kaş görüşməyəydi… Çünki Elçibəy həbsxanada bütün məhrumiyyətlərə dözən, dirəniş göstərən, sınmayan, böyük ümidlə azadlğa – əqidədaşlarının yanına qayıdacağı günü gözləyən və elə məhbəsdəcə ciddi xəstəlik tapan bu 24 yaşlı gəncin xəyallarını dağıtmış, alt-üst etmişdi. Sadəcə, “Hə, Fuad, çıxmısan? Gənclik belə olmalıdır…” deyərək, tələsik kabinetindən çıxıb getmiş, onun üst-üstə qalaqlanmış problemləriyləsə heç maraqlanmamışdı… Fuadınsa daha Bakıda qalmağa, getməyə belə, yeri yox idi, ciddi müalicəyə ehtiyacı vardı, qürurundan heç kəsə bildirmirdi, bir müddət rayona – Şahbuza qayıtmaq istəyirdi…
…Fuada ummadığı və gözləmədiyi diqqəti isə o vaxt “Elçibəyə rəqib” sayılan müavini Əli Kərimli göstərmişdi. Dərhal necə yaşadığı, harda qalacağı, səhhəti ilə yaxından maraqlanmış, gələcək həyatını qurmaqda ona yaxından köməklik göstərmişdi… Elə bu diqqəti də Fuadı Əli Kərimliyə ömürlük bağladı, sadiq dosta çevirdi…
Uzun illər ən yaxın dostları Əli Kərimlini tərk etdikləri vaxt mətbuatda hər kəs “növbədə Fuad Qəhərmanlıdır” deyib böyük hay-küy salsalar da, mən həmişə o fikirdə olmuşam ki, Fuad getməyəcək, onu heç kim Əli Kərimlidən qopara bilməz və o, çətin günündə ona əl uzatmış birisinə zərbə vuracaq namərdliyi də heç vaxt etməz!
Bir çox siyasi məsələlərdə Fuadla fikirlərimiz üst-üstə düşməsə də, siyasi mövqelərimizdə bir-birimizlə razılaşmasaq da, mən dostumu hamıdan yaxşı tanıyır və onda olan keyfiyyətləri olduqca yüksək qiymətləndirirəm: o, mübarizəsində səmimi olduğu kimi, dostlarıyla münasibətdə də səmimi, dürüst, olduqca vicdanlı və ləyaqətli insandır; millətimizin rifaha çatması, ölkəmizin daha yaxşı yaşaması üçün aydın hədəfləri olan və o hədəfə çatmaq uğrunda yorulmadan yürüyən bir azadlıq mücahididir!
Belələrini sevdiklərindən nəinki Kürdəxanı, dünyanın heç bir həbsxanası ayıra bilməz! Fuad harda olsa da, ruhən azaddır!
Bu gün Onun ruhu sevdiyinin – Zümrüd Yağmurun yanındadır! Axı bu gün 21 yanvar təkcə Fuadın doğum günü yox, həm də Nikah Günüdür!
Aşağıdakı bu şəkillər də düz 16 il əvvəl – 2000-ci ilin 21 yanvarında çəkilb. Şəkili Zümrüd Yağmur çəkmişdi… Onda nə Selcan vardı, nə Sənay… 21 Yanvar həm də Fuada Selcanı, Sənayı bəxş edən gündür!
Təbriklər, Əziz Dost! Yeni yaşına xoş gəldin! Həbsxana azadlıq yolçuları üçün dinclik, düşüncə məkanı, ən əsası, ona azadlıq adlı neməti daha yaxşı anladacaq və insan iradəsinin sınağa çəkildiyi, özünü özünə tanıdacaq bir yerdir! İnsanı yaradan Allah bu yolda yürüyən ən möhtəşəm şəxsiyyətlərin yolunu buradan elə-belə salmayıb, millətimizin və dinimizin tarixi bu nümunələrlə dopdoludur! Unutma və möhkəm ol! Tanrı Səni bu sınaqlardan üzüağ çıxarsın!

Elxan ŞÜKÜRLÜ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın