Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / “Məhərrəmlik ayında ictimai-siyasi asayiş qorunacaq” – Səhlab Bağırov

“Məhərrəmlik ayında ictimai-siyasi asayiş qorunacaq” – Səhlab Bağırov

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib. DQİDK sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendesiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. S. Heydərovun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.

Sədr müavini onu da deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının əsas elementlərindən biri olan dini təhlükəsizliyin təminatı ciddi əhəmiyyət kəsb edir. Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda, ictimai-siyasi asayışın daha mükəmməl təminatı üçün olduqca mühümdür.

S.Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib. Natiq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər qurumlar, o cümlədən hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv (qabaqlayıcı), zəruri hallarda isə proflaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların rebilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyatı qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib. S. Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Həmçinin oxuyun

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. …