Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Məgər məmur olan şəxslər Prezidentdən daha artıqdırmı? – Azər HƏSRƏT

Məgər məmur olan şəxslər Prezidentdən daha artıqdırmı? – Azər HƏSRƏT

Mətbuat Şurasının qurulmasının 13 illiyi tamam olur bugünlərdə. Media əhlinin yaxşı yadındadır. 2003-cü ilin 15 mart günü gecədən xeyli keçənədək davam edən səs-küylü qurultayda təsis edilmişdi Şura.

Ziddiyyətlər vardı, qalmaqallarla zəngindi bu qurumun meydana gəlmə sürəci. Amma zamanla o qalmaqallar arxa plana keçdi, səs-küy də yerini təmkinə, qarşılıqlı anlaşma və müzakirələrə verdi.

Bu gün Mətbuat Şurası media və ictimaiyyət arasında körpü rolunu uğurla oynamağı bacaran bir avtoritet-təşkilatdır artıq. Ona istər ən yüksək səviyyədə – Prezident İlham Əliyev tərəfindən, istərsə də xırda çaplı məmurlar, tanınmış simalar tərəfindən etimad var. Bu da təsadüfi deyil. Çünki Şura bu 13 illik fəaliyyəti dönəmində həqiqətən durmadan çalışıb, qapıları hər kəsin üzünə açıq olub, ortaya çıxan istənilən problemi tərəfləri razı salacaq şəkildə həll etməyi bacarıb.

Bəndəniz də Şuranın fəal qurucularından biri olub. MŞ-nın qurulması üçün fəaliyyət göstərən təşkilat komitəsindən tutmuş onun sonrakı fəaliyyətinə qədər bütün işlərdə fəal olmuş birisiyəm.

Bu gün də MŞ İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərirəm və xeyli vaxtdır bəzi müşahidələrimi qələmə almaq haqqında düşünürəm.

Nədir o müşahidələr? Təbii ki, çoxdur. Amma bu gün üzərində durmaq istədiyim bir məsələ var ki, artıq ictimailəşdirməyin zamanı çatıb.

Şikayətlər komissiyasının da üzvü olduğum üçün tez-tez fərqli insanların şikayətlərini gözdən keçirməli, onlarla bağlı fikir bildirməli oluram. Diqqətimi çəkən məqam budur ki, kiçik çaplı məmurlar MŞ-na müraciət etməyə üstünlük verirlər.

Bu, əslində yaxşıdır. Çünki onlar MŞ yerinə məhkəmələrə də üz tuta bilərlər və nəticədə jurnalistlər, həm də ölkənin imici zərər görə bilər.

Özəlliklə də icra başçıları mediayla yaranan problemlərini MŞ müstəvisində həll etməyə üstünlük verirlər ki, bunu da müsbət hal kimi qəbul edirik.

Amma bir çox hallarda problem kimi təqdim edilən qarşılıqlı anlaşılmazlığın baiskarının da məhz icra başçıları, onların idarələri olduğunu fərq edirik.

Sırasıyla.

Şikayətlərin araşdırılması zamanı bəlli olur ki, jurnalistlər icra hakimiyyətlərinə yönəltdikləri sorğulara normal cavab ala bilmirlər. Bir problem haqqında araşdırma aparmaq istədikləri zaman zəng edirlər, görüşürlər, amma nəticə olmur. Bunun əvəzində isə şirnikləndirici təkliflər, “mən ölüm, sən öl” girir araya. O da alınmayanda haradansa kimisə tapıb minnətçi salırlar. Hətta bunu MŞ vasitəsilə etməyə çalışırlar.

Bütün bunlar tükəndikdən, dil tapa bilmədikdən sonra MŞ-na rəsmi şikayət edirlər. Biz, əlbəttə ki, o şikayətləri geri çevirmirik. Araşdırırıq, baxırıq. Qarşılıqlı barışıq təklif edirik. Bugünədək xeyli şikayət olub ki, tərəflər MŞ-nın rəsmi qərarı olmadan anlaşıblar, ya təkzib verilib, ya da qarşı tərəfin mövqeyi işıqlandırılıb.

Ən önəmlisi isə odur ki, MŞ məmurlara, dövlət qurumlarının təmsilçilərinə davamlı olaraq tövsiyə edir ki, mətbuat xidmətlərinin işini səliqəyə salsınlar. Bu xidmətlər normal işlərsə, narazılıq üçün əsas da qalmaz. Amma işləmirlər. Özəlliklə də rayon icra hakimiyyətlərinin mətbuat xidmətləri.

Lakin sözüm bunda deyil. Başqa bir məsələdədir ki, onun haqqında hər iclasda fikrimi bildirirəm.

Özəlliklə rayon icra hakimiyyətlərinin başçıları şikayətçi olurlar. Şikayətlərində iddia edirlər ki, hansısa jurnalist onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna zərbə vurub. Şikayət qəbul edilir, tərəflər dinlənilir, uyğun qərarlar verilir. Adi qaydadır yəni. Sadəcə bir məsələni anlamaqda çətinlik çəkirəm: bu məmurların əksəriyyəti ən adi tənqidə görə də şikayətçi olurlar. Tutarqaları da budur ki, yazılan yazılar onları gözdən salır, xalq arasında nüfuzlarına zərbə vurur və s.

Elə məsələ də bundadır.

O məmurların təmsilçilərinə bir qayda olaraq sual verirəm ki, “bəs, cənab Prezident haqqında da gözdənsalma yazıları yazılanda belə sərt reaksiyanız olurmu”. Cavab verməyə nəinki çətinlik çəkirlər, ümumiyyətlə cavab verə bilmirlər. Düzdür, bəziləri izah etməyə çalışır ki, Prezidentin şərəf və ləyaqəti qanunla qorunur, nəsə olarsa buna görə Ədliyyə Nazirliyi tədbir görə bilər və s. Mən də soruşuram ki, bugünədək cənab Prezidentin hansısa jurnalisti, media qurumunu nəinki məhkəməyə verdiyini, ümumiyyətlə bununla bağlı çıxışlarında belə tənqid etdiyini görmüsünüzmü? Adamlar xatırlaya bilmirlər.

Sözümün canı da elə budur. Necə olur ki, bu boyda ölkənin bir nömrəli şəxsi özü barəsində hər gün yazılan tənqidlərə fövqəladə təmkinlə yanaşa bilir, ancaq hansısa rayonun icra başçısı ildə bir dəfə üzləşdiyi tənqidə görə şikayətçi düşür? Məgər məmur olan şəxslər Prezidentdən daha artıqdırmı? Yaxud da Prezidentin komandasının yerlərdəki təmsilçisi olan bu şəxslər ondan örnək almalı, onun kimi davranmalı deyilmi? Əlbəttə, elə olmalıdır. Amma olmurlar, ola bilmirlər, olmaq istəmirlər.

İndi kimsə bu yazını oxuyub deyə bilər ki, xırda məmurların şikayət etdikləri normal jurnalistlər deyil, reketlərdir. Mümkündür və bir çox hallarda belədir. Amma o reketləri də axı həmin məmurlar bəsləyir. Əgər məmur olaraq mediayla normal münasibət qursan, işində şəffaflığı təmin etsən hansı reket cürət edib sənin qapını döyə bilər? Medianın üz qarası olan heç bir reket jurnalist işinə məsuliyyət və vicdanla yanaşan heç bir məmura dov gələ bilməz!

Bugünlərdə sosial şəbəkələrdə bir fikrə rast gəlmişdim. Müəllifini unutmuşam, amma deyim yadımda qalıb. Sual edilir ki, niyə bu reket jurnalistlər ASAN xidmətdən rüşvət tələb edə bilmir? Məntiqli sualdır, deyilmi? Doğrudan da, bu böyük və geniş xidmətdən niyə heç kim rüşvət almaq haqqında düşünmür belə?

Çox sadə səbəbdən. ASAN xidmət ictimai əlaqələri o qədər şəffaf və yüksək səviyyədə təmin edir ki, artıq suallar üçün yer qalmır. Eyni zamanda bu xidmətdə bugünədək heç bir rüşvət, görüm-baxım, mənfi hal olmayıb. Ölkənin ən şəffaf və ən təmiz qurumu olaraq çalışır ASAN xidmət. Ona görə də nə kimsə onların şərəf və ləyaqətini alçaldır, nə də bəzi icra başçılarının iddia etdiyi kimi, işgüzar nüfuzuna xələl gətirir.

Yəni icra başçıları da, digər xırda məmurlar da özləri haqqında müsbət rəy formalaşdırmaq, tənqid edilməmək istəyirsə, gərək mətbuata açıq olsunlar. Tənqid edildikləri zamansa buna Prezident İlham Əliyev qədər təmkinli yanaşsınlar. Problemin həlli bu qədər sadədir.

Azər Həsrət, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın