Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Məgər Abid Şərifov görmürdü ki, şəhəri minalayırlar?”

“Məgər Abid Şərifov görmürdü ki, şəhəri minalayırlar?”

“O adamlar ki, elə günü bu gün məsuliyyətə cəlb edilməliydi, onların adını da çəkən olmayacaq”

Moderator.az Binəqədidə yanan bina ilə bağlı tikinti normalarını əla bilən tanınmış mütəxəssis Rahab Qazıyevlə söhbəti oxuculara təqdim edir:

-Mən uzun müddət ustalıqdan başlayıb yüksək vəzifələrdə işləmişəm. Binaların üzlənməsinə münasibət bildirmək üçün heç bu sahənin mütəxəssisi də olmaq lazım deyil. Adi gözlə baxmaq və onun bir parçasını əlinə götürüb onu yoxlamaqla da bilmək olur ki, bu tezalışan materialdır. Mən dəfələrlə zəng etmişəm və məktubla da müraciət etmişəm ki, siz nə işlə məşğulsunuz, niyə bu şəhəri bu günə qoyursunuz?

-Hara müraciət etmisiniz?

-Fövqəladə Hallar Nazirliyinə. Demişəm, ay başınıza dönüm, siz bilirsiniz ki, bu şəhər sanki saat mexanizmli bombanın üstündədir? Amma kimsənin vecinə olmadı. Guya bu gün yaxasını kənara çəkənlər həmin materialın təhlükəli olduğunu və tikinti üçün yaramadığını bilmirdilərmi? İndi komissiya yaradıb nəyi öyrənməyə çalışacaqlar ki? Gün kimi aydındır ki, o materialı binaların yaxınına da buraxmaq olmaz, amma bunların gözün pul elə örtdü ki, millətin başına belə faciə gətirdilər. Özü də bu hadisə naşılıqdan və ya peşəkarlığın aşağı olmasından qaynaqlanmadı. Elə götürək komissiyanın sədri təyin edilən baş nazirin müavini Abid Şərifovu. Mən onu şəxsən tanıyıram və onu çox yaxşı mütəxəssis hesab edirəm, tikintini də beş barmağı kimi bilir. Məgər Abid müəllim görmürdü ki, şəhəri minalayırlar?

-Amma indi yaradılan komissiya o lənətə gəlmiş penoplastın təhlükəli material olub-olmadığını araşdıracaq…

-Bilirsiniz, bu cür faciə baş verib də. Kimsə cəzalanmlıdır ki, emosiyalar səngisin, cəmiyyət qınamağa ünvan tapsın. Siz də yaxşı bilirsiniz ki, biz hansı ölkədə yaşayırıq və bir neçə nəfər “günah keçisi” tapıb cəzalandıracaqlar, amma o adamlar ki, elə günü bu gün məsuliyyətə cəlb edilməliydi, onların adını da çəkən olmayacaq.

-Təxminən bir 9 mərtəbəli binanın üzlənməsinə təxminən nə qədər xərc çəkildiyini bilmirsiniz?

-Bunu indi dəqiq söyləmək olmaz. Gərək həmin binanın smetasına baxasan. O üzlüklərin altından müəyyən metal lövhələr vurulur, insanların əmək haqqıların hərə bir cür hesablayır. Orda xeyli elektrik işləri də görürlər. Yəni deməyim odur ki, kənardan hansısa rəqəm demək doğru deyil. Mən bir şeyi də deyim ki, həmin binanın səhər-səhər yanması da mənə xeyli müəmmalı göründü. Təxribat da ola bilər və təbii ki, müvafiq qurumlar bu ehtimalı da yoxlayacaqlar.

-Bir sözlə, erməni kimi bir penoplast bəlası hücum çəkib gəlir üstümüzə…

-Tək bir penoplast məsələsi deyil. Bu gün Bakı şəhəri bir inşaat bombasının üstündə oturub, kimsənin vecinə də deyil. Allah göstərməsin, sabah bir zəlzələ olsa şəhər batasıdır.

-Allah göstərməsin, Nepaldakı 8 bala çatan zəlzələ Bakıda olsa tələfatın miqyası böyük olarmı?

-Yeni tikilən binaların 90 faizi çökəsidir.

-Tutaq ki, sabah mən özümə bir 2-3 mərtəbəli bina tikib onu penoplastla üzləmək istəsəydim icazəni hansı qurumdan almalıydım?

-İcra hakimiyyətindən.

-Bəs təhlükəsizlik məsələsinə kim baxır?

-Hər bir icra hakimiyyətində fövqəladənin də nümayəndəsi olur və o nəzarət edir bu işlərə. Bilirsiniz, bu məsələ çox sadədir və dağa-daşa düşməyə ehtiyac yoxdur. Tikinti normalarında birmənalı olaraq yazılıb ki, tezalışan materialların tikintidə istifadəsi qadağandır. Amma bizdə it yiyəsini tanımır. Bu gün ölkədə tikintidə xaos və pərakəndəlik hökm sürür. Heç bir layihə təsdiq olunmadan tikintisinə başlanılır. Bu isə yolverilməz haldır. Yaxud layihədə 10-12 mərtəbə göstərilir, amma 16-18 mərtəbə tikilir. Bakı şəhərinin mərkəzi hissəsində kanalizasiya sistemi fəlakət həddindədir. Ona görə də yağış yağanda şəhərin yolları keçilməz olur, hər yanda gölməçələr yaranır. Mən vaxtilə tikinti trestinin baş mühəndisi işləyəndə Bakının çertyojları məndə vardı, baxmışdım o zaman. Məndə 80-ci illərin axırlarına olan məlumata görə şəhərin mərkəzində ən azı 7 min kilomterlik kanalizasiya xətti dəyişməliydi. Təsəvvür edirsinizmi bu nə qədər nəhəng işdir? Amma bu gün tikintidəki pərakəndəlik hər şeyi bərbad edib. Düşünürəm ki, bunu nizama salmaq üçün bir ayrıca qanuna ehtiyac var.

-Vətəndaş bir toyuq hini tikmək istəyəndə 50 bəhanə gətirirlər, amma düz yanacaqdoldurma məntəqələrinə bitişik göydələnlərin tikintisinə icazə verilir.

-Vəziyyət doğrudan da acınacaqlıdır. Allah göstərməsin, ABU zapravkası partlasa tələfatın miqyası dəhşətli olar. Amma pul ehtirası qanunları ayaqlayıb keçməyə səbəb olur.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın