Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Mədət Quliyevin yeni təyinatına – Reaksiya

Mədət Quliyevin yeni təyinatına – Reaksiya

 

Prezident İlham Əliyev general-leytenant Mədət Qəzənfər oğlu Quliyevi Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edib. Mədət Quliyev bu təyinatadək Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsini tuturdu.
General-leytenant Mədət Quliyev 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.
Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1992-1994-cü illərdə Terrorizm və banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin idarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli, 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə dövlətin ən ali mükafatı – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli, 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib. Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
Qeyd edək ki, Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin edilən zaman da həmin qurumda anarxik vəziyyət yaranıbmış. Hətta vəziyyət o yerə çatıbmış ki, saxta hökmlərlə ağır cəzaya məhkum edilmiş şəxslər vaxtından əvvəl azadlığa buraxılırmış. Mədət Quliyevin həmin quruma təyinatından sonra qısa zamanda Penitensiar Xidmətin işində dönüş yaradıldı.
Mədət Quliyevin yeni vəzifəyə təyin olunmasını nə dərəcədə uğurlu saymaq olar?
Xüsusi xidmət orqanlarında iş təcrübəsi olan, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, o, Mədət Quliyevi dövlətçiliyə sadiq adam kimi tanıyır:

“Hazırda Mədət Quliyev nazir səlahiyyətlərini həyata keçirir. Bu o anlama gəlir ki, belə gərgin məqamda ona böyük etimad göstərilib. Bu təyinatı uğurlu sayıram. Ona görə ki, Mədət Quliyev indiyə kimi xidmət etdiyi müxtəlif sahələrdə qüsursuz fəaliyyət göstərib. Əsasən də biz onu gərgin nöqtələrə təyin edilən, həmin yerləri düzəldə bilən kadr kimi tanıyırıq. İkinci bir tərəfdən isə, Milli Qəhrəmanın adında milli sözü olan bir quruma rəhbərlik etməsi çox ürəkaçandır.
Hazırda sözügedən qurumda ciddi nizam-intizamın yaradılmasına böyük ehtiyac duyulur. Mədət Quliyev bunun öhdəsindən gəlməyi bacaran adamdır. Əməliyyat işi nöqteyi-nəzərindən də onun böyük təcrübəsi var. Yəqin ki, yaxın zamanda biz qurumun işində böyük dəyişikliklərin olmasına şahid olacağıq”.
Məhəmmədəli QƏRİBLİ

“Bakı-Xəbər”

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın