Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Cəmiyyət / Məcburiyyətə çevrilən könüllü vaksinasiya: Hüquqlarımız məhdudlaşdırılır? – ŞƏRH

Məcburiyyətə çevrilən könüllü vaksinasiya: Hüquqlarımız məhdudlaşdırılır? – ŞƏRH

Ölkəmizdə vaksinasiya prosesi könüllü şəkildə aparılır. Amma artıq kovid vaksini könüllülük adı altında demək olar ki, məcburiyyətə çevrilib. Belə ki, bəzi məkanlara yalnız pasport əsasında buraxılışa icazə verilir, əksər iş yerlərində isə işçilərdən vaksinasiyaya dair sənəd tələb olunur. Buna görə də insanlar məcbur olur ki, ya saxta sənəd əldə etsin, ya da şəxsi istəyi olmadan vaksin vurdursun.

Bəs bu tələb insan hüquqlarının məhdudlaşdırılması deyilmi?

“Məhdudlaşdırma bizim ölkədəkindən fərqli olaraq adekvat və ədalətli olmalıdır”

Mövzu ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, peyvəndlənmə vacib deyil, amma vaksin vurdurmayan şəxs başqaları üçün təhlükə mənbəyidir:

“Bu baxımdan pandemiya dövründə məhdudlaşdırma qanuni səviyyədə olmalıdır. Hər hansı bir şey digər insanların, cəmiyyətin, dövlətin maraqlarına əhəmiyyətli dərəcədə ziddirsə, o zaman məhdudlaşma ola bilər. Məsələn, mülkiyyət hüququ ən vacib hüquqlardandır. O belə məhdudlaşdırıla bilər. Tutaq ki, səndə torpaq sahəsi var və orada əkdiyin şeylər sənin qonşularının torpağına pis təsir edir. Onda təbii ki, sənin hüququna məhdudiyyət tətbiq olunacaq. Eyni ilə bu məsələdə də. Yəni peyvəndlənmə vacib deyil, amma sən peyvənd vurdurmursansa, artıq başqaları üçün təhlükəsən. Son 1 ildə Azərbaycanda elə insan varmı, yaxını, qohumu koronavirusdan vəfat etməsin? Yoxdur, mənim də yaxın qohumlarım, dost-tanışlarım bu xəstəlik səbəbilə vəfat ediblər. Bunu nəzərə alaraq, qeyd edirəm ki, vaksinasiya tələbi konstitusiyaya zidd şəkildə insan hüquqların məhdudlaşdırmır. Dövlət demir ki, get, məcbur vaksinasiya ol, sadəcə sənə məhdudiyyət qoyur və qarşında seçim var: İstəmirsənsə, vaksinasiya olunma, amma müəyyən hüquqlarını məhdudlaşdırıram”.

Ekspert əlavə edib ki, məhdudlaşdırma bizim ölkədəkindən fərqli olaraq adekvat və ədalətli olmalıdır:

Vaksin olunmamış “Mall”ara, iri ticarət mərkəzlərinə getmək olar, amma Allahın evinə, məscidlərə yox. Bu artıq qeyri-bərabərçilikdir. Belə çıxır ki, iri ticarət mərkəzlərində, kafe və restoranlarda, haradakı insanlar saatlarla gəzir, oturur, yemək yeyir, oralarda təhlükə yoxdur, pasport da lazım deyil, amma yarım saatlıq girib-çıxdığın məscidə vaksin pasportu olmalıdır. Pasport tələb etsinlər, lakin digər yerlərdə də bu tələb olmalıdır. Ümumiyyətlə, dövlət orqanlarının ən böyük problemi odur ki, qərarları normal, adekvat əsaslandırmırlar. Necə ki, təmiz havada maska taxmaq qərarı olan zaman maskanı çıxarıb, havaya tüstü buraxmağa icazə verirdilər, amma təmiz hava udmaq üçün maskanı çıxarmağa imkan vermirdilər. Bunun izahını isə heç kim vermirdi. Ona görə də müqayisə olmalıdır ki, niyə orada bunu tətbiq etmirik, amma başqa yerdə edirik. Bəlkə doğrudan da başa düşmədiyimiz, bilmədiyimiz nəsə var”.

“Azərbaycanda bu işlə məşğul olan qurumlar çox pinti və həvəskar səviyyədə qərarlar qəbul edirlər”

Ağ Partiyasının rəhbəri Tural Abbaslı isə qeyd edib ki, burada epidemiya ilə bağlı ictimai təhlükəsizlik məsələsi var:

“Bəzən dövlətlər bunun kimi konkret qərarlar verə bilərlər. Dönəm-dönəm bütün dünyada müxtəlif xəstəliklərlə bağlı məcbur vaksinasiyalar olub. Düşünürəm ki, elmi araşdırmalar nəticəsində bununla bağlı konkret qərarlar verilməlidir. Azərbaycanda təəssüf ki, bu işlə məşğul olan qurumlar çox pinti və həvəskar səviyyədə qərarlar qəbul edirlər. Bir qərar digərini tamamlamır. Deyirlər, vaksinasiya könüllüdür. Sonra isə deyirlər, müəyyən yerlərə daxil olmaq kovid pasportu ilə mümkün olacaq, yaxud dövlət müəssisələrində işləyənlərdən məcbur kovid pasportu tələb edirlər və s. Bu isə dolayısı ilə məcburiyyətdir. Bunun əleyhinə deyiləm. Bir şərtlə ki, qərar verilib və bu qərardan irəli gələn digər texniki tərəflər də həyata keçirilsin. Eşitməmişəm ki, vaksinasiyadan əvvəl kimisə ciddi şəkildə, koronavirus keçirib-keçirməməyini, təzyiqini və s. yoxlasınlar.

Bizdə bu proses ümumidir. İnsanlar səhiyyə sistemindən məlumatlı olduqları üçün bu prosesdən qorunurlar. Könüllü şəkildə vaksin olunmurlar. Bu sahədə kifayət qədər boşluqlar var. Buna görə də mütləq ciddi addımlar atılmalıdır”.

“Vaksinasiya müalicə vasitəsi deyil”

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev isə vaksinasiyada məcburiyyətin olmadığını bildirib:

“Bəzi özəl, yaxud dövlət müəssisələrində xüsusən kütləvilik çox olan müəssisə və obyektlərdə insanların sağlamlığını qorumaq üçün kovid pasportu ya da immun sertifikatı istənilə bilər. Burda yeganə məqsəd insanların özlərini və təmasda olduqları şəxslərin sağlamlığını qorumaqdan ibarətdir. Vaksinasiya heç bir halda vətəndaşa məcburi edilə bilməz və məcburiyyət yoxdur. Hətta insanlara vaksinlərlə bağlı seçim şansı da verilir. Doğrudur, bəzən insanlar qoyulan qadağaları pozaraq, fərqli yollarla əldə etməyə çalışırlar. Düşünməlidirlər ki, qoyulan qaydalar ilk növbədə insan sağlamlığına, onların qorunmasına yönəlib. Ümumiyyətlə, tək kovid yox, digər hallarda da hər zaman deyirik ki, vaksinasiya müalicə vasitəsi deyil. Vaksinin mahiyyəti xəstəliyi ya keçirməmək, ya da yüngül keçirərək mortaliteni azaltmaqdan ibarətdir. Vaksin pandemiyadan qurtulmaq üçün yeganə çıxış yoludur ki, bu gün bu yol əlçatandır. Vaksinlə yanaşı, pandemiya bitənə qədər fərdi izolyasiya və gigiyenik qaydaları da unutmamaq lazımdır”.

Həmçinin oxuyun

Əhəd Abıyev məşhur taksi şirkətini alıb digəri ilə BİRLƏŞDİRDİ

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb. Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, …