Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Leyla Əliyeva “Qız qalası” festivalının bağlanış mərasimində

Leyla Əliyeva “Qız qalası” festivalının bağlanış mərasimində

İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.

Azinforum.az-ın məlumatına görə, mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.

Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qalıb. Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış olub.

 

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.

Ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunmuş festivalın bağlanış mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilib. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir. Bu il festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssam iştirak edib.

 

Festivalın bağlanış mərasimində vurğulanıb ki, bu dəfəki “Qız qalası” Beynəlxalq incəsənət festivalı ilk Avropa Oyunlarının keçirildiyi tarixi məqama təsadüf edir. Bu festival UNESCO-nun “Dünya İrs Abidələri” siyahısına daxil edilən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən təşkil edilir. Dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində reallaşan “Qız qalası” festivalı və Qala qəsəbəsində keçirilən “Tullantıdan sənətə” sərgisinə həsr edilən filmlərin nümayişindən sonra festivalın və sərginin iştirakçıları bu tədbirlərlə bağlı fikirlərini söyləyiblər, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir.

“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır.

İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb. Hər il bir neçə gün nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Əvvəlki illərdə keçirilən “Tullantıdan sənətə” sərgilərində nümayiş olunan əsərlər də bu muzeydə təqdim ediləcək. Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …

Bir cavab yazın