Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü

Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü

Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı Lənkərandakı xiyabanda nadir ağacların kütləvi şəkildə qırılması faktlarını araşdırmağa başlayıb.

Virtualaz.org saytı ötən ay bu barədə yazmışdı. Həmin məqalədə deyilirdi ki, məhv edilən xiyaban Lənkəran Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının düz qarşısında yerləşir. Kəsilən ağacların yerində isə ticarət obyektləri tikilir.

Buradakı bütün qanunsuz işlər Lənkəranın icra başçısı Taleh Qaraşovun birbaşa rəhbərliyi ilə aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də virtualaz.org saytının əməkdaşı ilə söhbətində xiyabanın məhv edilməsinin qanunsuz olduğunu bildirmişdi.

Əldə etdiyimiz məlumata görə, İDEA təşkilatının nümayəndələri martın 29-da Lənkəranda nadir ağacların kəsildiyi ərazidə yoxlama aparıblar. Taleh Qaraşov bu kütləvi ağac kəsimi barədəki xəbəri təkzib etməyə çalışıb. Deyib ki, park ərazisində tikinti işlərinə başlanması barədə hər hansı sərəncam yoxdur, kəsilən ağacların yerində isə sadəcə tikintisi yarımçıq qalmış obyektlərin inşası tamamlanır.

İDEA-nın mənzil-qərargahından virtualaz.org saytına bildirilib ki, təşkilat üzvləri Lənkəranda doğrudan da yoxlama aparıblar. Təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Lənkəranın hakimiyyət orqanları kəsilən ağacların yerində yeni ağaclar əkməyə və burada ticarət obyektlərinin tikintisinin qarşısını almağa söz veriblər. O da məlum olub ki, ağacların kəsilməsi sonuncu dəfə martın 27-də həyata keçirilib.

Lakin İDEA-nın nümayəndələri LƏnkəranə tərk edən kimi icra başçısı T.Qaraşov öz vədinə xilaf çıxaraq parkda tikinti işlərinin davam etdirilməsinə dair sərəncam imzalayıb. İcra başçısının sərəncamının surəti virtualaz.org saytının redaksiyasına daxil olub.

Bu sərəncam ağacların qanunsuz olaraq kəsildiyini bir daha sübut edir. Belə ki, həmin sənəddən də görünür ki, ticarət obyektlərinin tikintisi icra başçısının müvafiq sərəncamı olmadan həyata keçirilib.

Bundan əlavə, Lənkəranın hakimiyyət orqanları icra başçısının qanunsuz hərəkətlərindən Leyla Əliyevaya şikayət edən Lənkəran sakinlərinə təzyiq göstərməyə başlayıblar. Sakinləri öz müraciətlərindən imtina etməyə məcbur edirlər.

Lənkəran sakinlərinin virtualaz.org saytına göndərdiyi şikayətlərdə göstərilir ki, icra başçısının köməkçisi şəhər sakini Kamran Məcidova və onun anasına şəxsən özü zəng edərək onları hədələyib. Deyib ki, əgər onlar İDEA-ya müraciətlərindən imtina etməsələr, onların barəsində daha amansız və sərt tədbirlər görüləcək.

Müraciətdə göstərilir ki, kəsilmiş ağacların yerində tikiləcək ticarət obyektlərinin biri Lənkəranın icra başçısının müavinni İlqar Dadaşova məxsusdur (bu obyekt başqa şəxsin adına sənədləşdirilib).

Lənkəranın baş arxitektoru şəhər sakinləri ilə söhbətində onu da etiraf edib ki, xiyabandakı ağacların kəsilməsinin qarşısını almaq praktiki olaraq mümkün deyil, çünki parkın bütün ərazisi icra hakimiyyəti tərəfindən praktiki olaraq satılıb.

Yada salaq ki, Lənkəranın bu ərazisində tikinti işləri aparmağı nəinki Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hətta Fövqəladə Hallar Nazirliyi də qadağan edib.

ETSN-dən virtualaz.org saytına verilən məlumata görə, nazirlik hüquq-mühafizə oqranlarına bu faktla bağlı araşdırma aparmaq tələbi ilə müraciət edib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın